Hikmət Hacıyevin bu təklifi elə Paşinyanın özünə də sərfəlidir...

Azər Həsrət: “Hərbi cinayətlər törətmiş şəxslər var ki, onların da istintaqa və məhkəmə prosesinə cəlb edilməsinin təmin olunması həyata keçirilməlidir”
“Hazırda Bakıda Azərbaycan xalqına qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayət əməlləri törətməkdə ittiham olunan şəxslərin məhkəmə prosesi həyata keçirilir və onlar ədalət məhkəməsi qarşısında cavab verirlər. Bu, Azərbaycan xalqının uzun müddətdir gözləntisi və haqlı tələbi idi".
Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Prezidentin köməkçisi bildirib ki, bu məhkəmədə mühakimə olunan şəxslər qanun qarşısında cavab verirlər: "Amma bunun əksinə olaraq, Ermənistandan gözləntimiz odur ki, əgər regionda ədalətli sülhün təmin olunmasını istəyirsə və bunda maraqlıdırsa, məhkəmə ilə yaxından əməkdaşlıq etsin. Ermənistanın ərazisində olan, Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayət əməlləri törətmiş, hərbi cinayətlər törətmiş şəxslər var ki, onların da istintaqa və məhkəmə prosesinə cəlb edilməsinin təmin olunması həyata keçirilməlidir".
Görəsən, Ermənistan bu təklifi müsbət dəyərləndirər?
“Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayət əməlləri törətmiş, hərbi cinayətlər törətmiş şəxslər ölkəmizə təhvil verilməlidir”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanın məlum təklifi müsbət dəyərləndirib-dəyərləndirməməsi zaman məsələsidir: “Elə məsələlər var ki, onlar bəzi hallarda onu sərt qarşılayırdı, ancaq zaman keçdikcə dəyişiklik hiss olunur. Bu baxımdan Azərbaycana qarşı cinayətlər törətmiş şəxslərin təhvil verilməsi istiqamətində bəzi addımlar atıla bilər. Ermənistan tərəfi ölkəmizlə əməkdaşlıq etmək məcburiyyətindədir, başqa cür mümkün deyil. Üstəlik, Ermənistan ölkəmizlə davamlı, dayanıqlı sülh istəyirsə ədalətinn təcəlli etməsində Azərbaycana yardımçı olmalıdır. Biz onlardan qanunsuz heç nə tələb etmirik. Sadəcə ədalətli yanaşmanın sərgilənməsini istəyirik, səmimiyyəti təsdiq edəcək addımlar gözləyirik. Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayət əməlləri törətmiş, hərbi cinayətlər törətmiş şəxslər ölkəmizə təhvil verilməlidir. Təhvil verilənlərin ilk sırasında Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan olmalıdır. Bu iki şəxsi Ermənistan Azərbaycana təhvil verərsə biz bunu xoş məram kimi qiymətləndirəcəyik. Yoxsa yaxalarını bir kənara çəkib, üstəlik Azərbaycanın hərbi əsir, girov tutduğunu iddia etməyə davam etsələr heç bir səmimiyyətdən söhbət gedə bilməz. Belə olduğu halda Azərbaycan ona uyğun davranmaq məcburiyyətində qalacaq”.
Günel CƏLİLOVA