"Avropa Şurası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tam dəstək verir" - Baş katib

Avropa Şurasının baş katibi Alen Berset Ermənistan və Azərbaycanın Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır.
Trend bu barədə Avropa Şurasının bəyanatına istinadən xəbər verir.
"2001-ci ildə Avropa Şurasına daxil olarkən hər iki ölkə sülhməramlı əməkdaşlığa doğru çalışmaq öhdəliyi götürdü. Bu Saziş layihəsi hər iki üzv dövlətin bu potensialı reallaşdırmaq və regionda sabit və davamlı sülh yaratmaq istəyini nümayiş etdirir.
Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, mehriban qonşuluq münasibətləri ruhunda və hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə bu sürəti saxlamaq və bu prosesin problemsiz başa çatmasını təmin etmək indi çox vacibdir", - bəyanatda bildirilib.