"Avropa İttifaqı öz müdafiə imkanlarına kifayət qədər investisiya yatırmayıb" - Xorvatiyanın sabiq prezidenti

Avropa İttifaqı öz müdafiə imkanlarına kifayət qədər investisiya yatırmayıb. Trend xəbər verir ki, bunu Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç 12-ci Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Sülhə aparan yol" mövzusunda panel müzakirəsi zamanı söyləyib.
"Biz qlobal oyunçu olmaq istəyirdik, lakin bunun üçün uyğun imkanlarımızın və resurslarımızın olmasına diqqət yetirmədik", - deyə o bildirib.
Qrabar-Kitaroviç hazırda Aİ üçün dönüş nöqtəsi olduğunu vurğulayıb.
"Avropalı müttəfiqlər arasında öz imkanlarının yaradılması, müdafiəyə və müdafiə güclərinə investisiyaların artırılması barədə çoxlu müzakirələr aparılır", - deyə sabiq prezident qeyd edib.
Bununla yanaşı, onun Aİ-nin müdafiə güclərinin artırılması ilə bağlı proqnozları nikbin deyil.
Qrabar-Kitaroviç vurğulayıb ki, Aİ hər şeyi dəyişməlidir – satınalma sistemindən tutmuş, əksər maliyyə institutlarının hərbi sahəyə, hətta ikili təyinatlı texnologiyalara investisiya qoymasını qadağan edən qaydalara, eləcə də konkret planlara və ittifaqın hansı imkanlara ehtiyacı olduğuna qədər. O qeyd edib ki, konkret plan təqdim olunduqda, cavab adətən belə olur: "Bu, həddən ziyadə risklidir".