“USAİD büdcəsinin hər sətri ya korrupsiyadır, ya da gülməli...” - Tramp baltanı kökdən vurdu...

Ceyhun Məmmədov: “USAİD tamamilə qaranlıq işlərlə məşğul olurmuş...”
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) birdəfəlik bağlanmalıdır. Bunu ABŞ prezidenti Donald Tramp bir daha bəyan edib. “Korrupsiya görünməmiş həddə çatıb. Onu bağlayın!”, - o qeyd edib.
ABŞ Prezidenti USAİD -in fəaliyyətini dələduzluq və korrupsiya kimi də xarakterizə edib: “USAİD -ə baxsaq, bunların hamısı dələduzluqdur. Bu təşkilatın vəsaitlərinin çox az hissəsi yaxşı məqsədlərə xərclənir. Baxdığım büdcənin hər bir sətri ya korrupsiyadır, ya da gülünc bir şeydir”.
Məlumat üçün qeyd edək ki, ABŞ administrasiyası fevralın 3-də USAİD-in fəaliyyətini faktiki olaraq dayandırıb. Trampın qərarı ilə ABŞ dövlət katibi Marko Rubio bu qurumun müvəqqəti rəhbəri təyin edilib. USAİD-ə qarşı tədbirlər Trampın əvvəllər ABŞ hökumətinin səmərəliliyinin artırılması, şişirdilmiş dövlət aparatının azaldılması və bürokratiya ilə mübarizə üzrə yeni qurumun rəhbəri təyin etdiyi amerikalı milyarder-sahibkar İlon Maskın təşəbbüsü ilə qəbul edilib.
“Sevindirici haldır ki, artıq ABŞ dövləti özü də anlayır bu təşkilatın fəaliyyəti təxribat yönümlüdür”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Ceyhun Məmmədovun fikrincə, əslində Azərbaycan uzun illərdir ABŞ rəsmiləri ilə görüşdə bu məsələni davamlı olaraq qaldırırdı: “Biz onlara bildirirdik ki, bu təşkilatın fəaliyyətində çox ciddi pozuntular var. Təəssüf ki, dəfələrlə Azərbaycanın bu məsələni qaldırmağına baxmayaraq, ölkəmizin bu istiqamətdə fikirləri və rəyləri nəzərə alınmırdı. Ancaq bu gün maraqlı odur ki, ABŞ dövləti özü USAİD-i ifşa edir. Yəni bu təşkilat bu günlərdə açıqlandığı kimi, çox ciddi təxribatlarla məşğuldur. Ölkələr daxilində inqilablar həyata keçirmək, dövlətlərə qarşı hansısa aksiyalar təşkil etmək və digər istiqamətlərdə davamlı olaraq gündəmə gəlirdi. Narkotikdən tutmuş müxtəlif media quruşlarının fəaliyyətinin dəstəklənməsi, radikal, destruktiv qüvvələrə yardım və s. digər məsələlərdə USAİD-in adı hallanırdı. Eyni proses bizim ölkəmizdə də həyata keçirilirdi. Yəni bir neçə dövlət qurumu ilə bəzən hansısa tədbirlər keçirilirdi, amma hədəf və məqsəd isə tamamilə başqa idi. Azərbaycan da bunu dəfələrlə vurğulayırdı. Lakin təəssüf ki, ölkəmizin bu mövqeyi nəzərə alınmırdı və USAİD öz bildiyini edirdi. Ermənistanda da onların həyata keçirdiyi layihələrin çoxu oxşar məqsədlərə xidmət edirdi. Artıq indi hər şey məlumdur və göz qabağındadır ki, USAİD hansı qaranlıq işlərlə məşğul olub. Trampın da qeyd etdiyi kimi, rüşvətxorluq, eyni zamanda korrupsiya bu təşkilatın fəaliyyətində əsas bir istiqamət kimi özünü göstərirdi. Bu gün sevindirici haldır ki, artıq ABŞ dövləti özü də anlayır bu təşkilatın fəaliyyəti təxribat yönümlüdür. USAİD tamamilə qaranlıq işlərlə məşğul olurmuş. O üzdən gözlənilən idi ki, bu təşkilatın məlum qaranlıq əməlləri ifşa olunacaq. İnanırıq ki, USAİD-in fəaliyyəti tam şəffaf araşdırılacaq”.
Vidadi ORDAHALLI