Ermənistan Filip Rikeri Qafqazda sülhü pozmaq üçün alətə çevirir - ABŞ buna niyə imkan verir...

ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə bir sıra məsələlər o cümlədən, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, Qarabağ məsələsi müzakirə olunub.
Ermənistan tərəfinin yaydığı məlumata görə, tərəflər Qarabağ münaqişəsi və 44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlərlə bağlı bir sıra məsələləri müzakirə ediblər. Erməni hərbi əsirlərin və digər məhbusların dərhal geri qaytarılmasının zəruriliyi, Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə erməni mədəni və dini irsinin qorunub saxlanmasının vacibliyi vurğulanıb.
Paşinyanın qərəzli olması bəllidir. Zatən 10 noyabr razılaşmasından sonra Ermənistan əsassız olaraq sözügedən məsələləri gündəmdə saxlamağa çalışır. Bəs ABŞ nümayəndəsi buna niyə şərik olur? Paşinyanla görüş olmazdan əvvəl Azərbaycan tərəfindən 5 diversant azad edildi. Ən azından görüş çərçivəsində F.Riker Azərbaycanın bu xoşməramlı addımını qeyd edə bilərdi.
Maraqlıdır, F.Riker niyə bunu görməzdən gəlir və bu barədə bir kəlmə də danışmadı? İki il ərzində hansı “erməni mədəni və dini irsi” dağıdılıb ki, indidə onun qorunub saxlanmasının zəruriliyindən danışırlar?
- “Rikerin Paşinyanla görüşündə Azərbaycanın 5 diversantı azad etməsini görməzdən gəlməsi də bundan irəli gəlir”
Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimli hesab edir ki, ABŞ nümayəndəsinin Azərbaycanın atdığı xoşməramlı addımları görməzdən gəlməsi təəssüf doğurur: “Nə qədər ki, Azərbaycan Ermənistana münasibətdə humanist mövqedən çıxış edir, günümüz belə olacaq. Çünki xoş məram bunların işinə yaramır. Müharibə şəraitində diversantları daha sərt cəzalandırmaq lazımdır. Görünən odur ki, bizim xoş niyyətimiz hər zaman Qərb tərəfindən zərərli qarşılanıb. F.Rikerin Paşinyanla görüşündə Azərbaycanın 5 diversantı azad etməsini görməzdən gəlməsi də bundan irəli gəlir. Ona görə də Azərbaycan bu kimi məsələlərdə son dərəcə prinsipial və qərarlı olmalıdır. Qalib ölkəyə xas olaraq davranmalıdır. Ortada 10 noyabr anlaşması var. Həmin anlaşmaya uyğun olaraq da hərəkət etməliyik. Anlaşmada əksini tapan maddələrin həyata keçirilməsi təmin edilməlidir. Əsas məsələ budur. Zəngəzur dəhlizinin açılması qəti tələb kimi ortaya qoyulmalıdır. Ermənistan buna getmirsə, o zaman Laçın dəhlizi bağlanmalıdır. Biz 10 noyabr anlaşmasına uyğun hərəkət etməliyik. Kimsə Qarabağda olmayan “erməni mədəni və dini irsi” barədə danışırsa, bu, ümumiyyətlə bizi maraqlandırmamalıdır. Onsuz da belə fikirlər olacaq”.
Bir sözlə, sədr müavini hesab edir ki, Azərbaycan davamlı olaraq 10 noyabr razılaşmasının həyata keçirilməsini tələb etməlidir.
Vidadi ORDAHALLI