İranın qorxusu - Zəngəzur dəhlizi Ermənistanla sərhədi həqiqətən bloklayacaq?..

İranın dini lideri Əli Xamneyi şəxsi “Twitter” səhifəsində etdiyi paylaşımda Ermənistan-İran sərhədinin bağlana biləcəyindən narahatlığını bildirib.
"Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Amma əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur",- deyə Əli Xamneyi yazıb.
İran rəhbərinin bu açıqlaması rəsmi Tehranın Azərbaycanın ərazi bütövlüyünün bərpasından narahatlığını bir daha təsdiq edir.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı təhdid dolu bəyanatlar səsləndirən İran rəsmiləri bölgədə yaranmış yeni geosiyasi reallıqları qəbul etmədiklərini bildirib. İlk növbədə, Xamneyi İran-Ermənistan sərhədinin bağlanmasından söz açır. 44 günlük müharibənin İranla Ermənistan arasında sərhədlərin bağlanmasına deyil, əksinə, bölgədə “3+3” əməkdaşlıq formatının yaranmasına gətirib çıxartdığını nəzərə alsaq, o zaman Xamneyinin açıqlaması məntiqsiz görünür. Yəni Qarabağın qaytarılması İran-Ermənistan sərhədinin bağlanmasına deyil, bölgədə kommunikasiya əlaqələrinin genişlənməsinə səbəb olub. Beynəlxalq sanksiyalardan əziyyət çəkən İranın “3+3” platformasına qoşulması bu ölkəyə yalnız iqtisadi mənfəət gətirə bilər. Üstəlik, cari ilin mart ayında əldə edilmiş ikitərəfli razılaşmaya uyğun olaraq, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasındakı nəqliyyat əlaqəsi İran ərazisindən keçməlidir. Bu isə tranzit ölkə kimi İranın əhəmiyyətini artıra bilər. Belə olan halda, Qarabağın azad olunması ilə İran-Ermənistan sərhədinin bağlanması siyasəti arasında əlaqə axtarmaq real görünmür.
Məgər Zəngəzur dəhlizi İran-Ermənistan sərhədinə problem yaradır ki, dini lider belə narahatlıq ifadə edir?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İranın ali dini liderinin səsləndirdiyi bu fikirlər son bir neçə gündür geniş müzakirə edilir: “Hesab edirəm ki, bu yöndə olan fikirlər kökündən yanlış və qəbuledilməzdir. Çünki Zəngəzur dəhlizi heç də İran-Ermənistan sərhədini bloklamaq kimi mahiyyətə malik deyil. Bu dəhliz Ermənistanın ərazisindən keçməklə bölgə və dünya ölkələri arasında tranzit yükdaşımları həyata keçirəcək. Eyni zamanda, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək. Bu dəhlizin açılması hər hansı üçüncü ölkələrə qarşı yönələn addım deyil. Bu dəhliz ancaq yükdaşımalar və buna uyğun digər təyinatlar üzrə fəaliyyət göstərəcək. İranın bu narahatlığı əbəsdir. O ki qaldı səslənən min illik sərhəd fikrinə, bu da yanlışdır. Hamı bilməlidir ki, 1000 yox, yüz il əvvəl Zəngəzurun özü belə Azərbaycanın tarixi torpağı olub. Hətta Ermənistanın özü bizim tarixi ərazimizdə yaradılıb. Belə olduğu halda, tarixə səhv yön verdiklərinin şahidi oluruq. Ermənistan həmin min illik tarixdə yoxdursa, hansı qədim sərhəd əlaqəsindən danışmaq olar? Bütün bunları Azərbaycanın yaratdığı reallıqlara qısqanclıq kimi dəyərləndirirəm. Ümid edək ki, qonşu ölkənin rəhbərləri belə bəyanatlar səsləndirəndə obyektiv mülahizələrə əsaslanacaqlar”.
Məhəmmədəli QƏRİBLİ