Zəfərə gedən yol... - Rövşən MÜRVƏTOV yazır...

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.
Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. 30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz, sentyabr ayının 27-dən başlayan “Dəmir Yumruq” əməliyyatı – 44 günlük Vətən Müharibəsindən bir il ötür. Noyabr ayının 10-da Azərbaycan-Ermənistan arasında bəyanatın imzalanması ilə nəticələndi. Belə ki, müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə sərəncam vermişdir. 2020-ci il dekabrın 2-də İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur ki, "Dövlət Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaəti yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin” .
İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, Xalq–Prezident–Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı. Şübhəsiz ki, dövlət başçımızın ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bu qələbəyə, necə deyərlər, addım-addım yaxınlaşırdı. Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırırdı. İştirakçısı olduğu ən yüksək beynəlxalq mərasimlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpaqğı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatının təmin edilməsi üçün səylər göstərdi. Yeri gəlmişkən, müharibənin davam etdiyi günlərdə dövlət başçısı xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə də respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırdı, həmçinin Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldı.
Hərbi əməliyyatların aparılmasında Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi. Erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə – Füzuli və Cəbrayıl rayonlarına ilk səfəri də dövlətimizin başçısının sevinc hisslərini, ilk növbədə, xalqla bölüşmək arzusundan irəli gəlir. Onun həmin bölgələrdə yaşayan əhali tərəfindən böyük coşqu və izdihamla qarşılanması isə xalqın öz liderinə, müzəffər sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür. Ölkə rəhbəri Füzuli, Cəbrayıl və Ağdam rayonlarına tarixi səfər etməklə “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi bir daha xalqa verdiyi bütün vədlərə sadiqliyini nümayiş etdirdi. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiyada dövlət başçısının adı bu zəfərin müəllifi kimi tarixə əbədi yazıldı.
Prezident İlham Əliyevin Füzuli və Cəbrayıl rayonlarına səfər zamanı Şuşa şəhərinə yolun çəkilişinə başlanılması mühüm tarixi hadisə idi. Dövlətimizin başçısı çıxışında bununla bağlı dedi: “Məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutmuşdur. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.
Füzuli–Şuşa yolunun inşasına başlanılması, eyni zamanda, Azərbaycan xalqının və Azərbaycan Prezidentinin yaradıcı ruhunun parlaq təzahürü idi. Otuz il ərzində bu torpaqları işğal altında saxlayan düşmən həmin ərazilərdə nəinki daşı daş üstə qoyub, əksinə, evləri, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Bir sözlə, bir vaxtlar həyat qaynayan Füzuli və Cəbrayıl rayonlarında, eləcə də digər yaşayış sahələrində dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə-yeksan olunub. Bəli, bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərir.
Dövlətimizin başçısı xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inamla, əminliklə bildirirdi. Yağı tapdağından qurtulan yurd yerlərimizin xilası ilə bağlı qələbə müjdələri ulu öndər Heydər Əliyevin siyasi kursunu son 17 ildə bütün sahələrdə uğurla reallaşdıran Prezident İlham Əliyevin ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirdiyinin təsdiqinə çevrilirdi. Ali Baş Komandan Qarabağın tacı, incisi olan Şuşanın işğaldan azad edilməsi xəbərini isə Şəhidlər xiyabanından xalqa çatdırarkən bu fikri xüsusi vurğuladı: “Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.
Bu müharibə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayişi etdirdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzaladıqları gün dövlətimizin başçısı xalqa müraciətində məhz bu məsələni xüsusi vurğulayaraq, bildirdi ki, “biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq”. Bəli, cənab Prezidentin bəyan etdiyi kimi, doğrudan da, bu müharibədə qələbəmizin əsasında möhtərəm dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, Xalq–Prezident–Ordu vəhdəti, birliyi də bir o qədər önəm daşıyırdı.
Ermənistanın kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi. Üçtərəfli bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Azərbaycanın Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarması da tarixi qələbələrimizdəndir. Ağdamın siyasi yolla azad olunması böyük hərbi və diplomatik qələbəmizin nəticəsi idi.
Noyabrın 20-də xalqa müraciətində Ağdamın işğaldan azad olunması münasibətilə bütün ağdamlıları ürəkdən təbrik edən, onların artıq məcburi köçkün olmadıqlarını, doğma dədə-baba torpaqlarına qayıdacaqlarını bildirən dövlət başçımız qeyd etdi ki, əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, işğalçı öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı: “Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.
Ən əsası isə Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən, yalnız Ermənistanı kapitulyasiyaya məcbur etməklə Ağdamı işğaldan azad etdi, düşmən BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərini yerinə yetirməyə məcbur oldu. Üç ölkə arasında əldə edilən razılaşma Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması baxımından tarixi əhəmiyyət daşıyır, eyni zamanda, bəyanatla Qarabağa heç bir status verilməyəcəyi, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Naxçıvanın blokadadan çıxacağı, habelə qardaş Türkiyənin sülhməramlı prosesdə iştirak edəcəyi bildirilir. Ümumiyyətlə, böyük siyasi, diplomatik səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır, ölümcül məğlubiyyətinin ifadəsidir. Ekspertlərin fikrincə, üç dövlət başçısının imzaladığı birgə bəyanat Azərbaycan üçün milli təhlükəsizlik və milli həmrəylik məsələsi olaraq, respublikamızın gələcək siyasi, sosial-iqtisadi inkişafını şərtləndirdi. Çünki ərazi bütövlüyümüzün işğalçı tərəfindən pozulması 30 il ərzində ölkəmizin sürətli tərəqqisinə mənfi təsir göstərirdi, məcburi köçkünlərimizin həyat tərzində natamamlıq kompleksi yaradırdı. Bu həssas məsələyə beynəlxalq təşkilatların, nüfuzlu dünya dövlətlərinin lazımi qiymət verməmələri də münaqişənin birdəfəlik həllini ləngidirdi. Yuxarıda vurğulandığı kimi, cənab Prezidentin 17 il ərzində gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi, rəşadətli ordumuzun güc-qüdrəti, cəsarəti, nəhayət, öz müsbət nəticəsini verdi. Beləliklə, Qarabağın azadlığı uğrunda günbəgün möhkəmlənən və əvvəllər tarixin heç bir dönəmində bugünkü yekdilliyi fəth etməyən ümummilli həmrəyliyi Azərbaycanı Böyük Qələbəyə qovuşdurdu. Bu uğur, bu qələbə naminə Vətən oğullarımız son nəfəsinədək vuruşdu, canından belə keçdi, Şuşa qalasını fəth etdi. Möhtəşəm qələbəmizin əldə olunmasında Azərbaycanın mədəniyyət məbədi və incisi olan, Qarabağın simvolu sayılan Şuşanın işğaldan azad olunması mühüm önəm kəsb etdi. Bu şəhərinin yağı tapdağından xilas edilməsi Silahlı Qüvvələrimizin yenilməzliyinin təsdiqinə çevrilməklə bərabər, düşmənin əzmini, iradəsini sındırdı, işğalçının “məğlubedilməz ordu” mifini tamamilə dağıtdı.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı üzrə islahatlar aparılır, ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulmasında kadrlarla işin səmərəli təşkilinə, onların düzgün seçilməsinə xüsusi önəm verilir. Bu məqsədlə ədliyyənin müxtəlif sahələrinə qulluğa qəbulla bağlı açıq müsabiqə və müsahibələr keçirilir. Bu zaman dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin işlə təminatı daim diqqətdə saxlanılır. Son illər şəffaf seçimlər əsasında ədliyyə orqanlarına qulluğa yeni qəbul olunmuşİkinci Qarabağ müharibəsi iştirakçılarından biri də Penitensiar xidmətin Konvoy taborunda xidmət edən ədliyyə kiçik çavuşu İsmayılov Həsən Fəxrəddin oğludur.
İsmayılov Həsənin döyüş xatirələrindən: “Zəngilan rayonuna daxil olarkən Bizi bir yerə toplayıb Beşdəli kəndindən lazımı mövgeləri ələ keçirməyimiz barədə döyüş tapşırıqlarını aldıq. Bölük şəklində irələməliydik. Hamımızda ruh yüksəkliyi var idi, çünki bu tapşırıq çox vacib tapşırıq idi. Tutacağımız mövqelərdən düşmənə ağır zərbələr endirəcəkdik. Bölük komandiri bizi tağımlara bölüb istiqamətləndirmişdi. Heç kim arxaya qalmaq istəmirdi. Hər bir tağıma fərqli döyüş tapşırığı verilmişdir. Biz tək deyildik. Bizimlə birlikdə Xüsusi Təyinatlı Qüvvələrdə irələyirdi. Onların və artilleriyanın köməkliyi ilə lazımı olan mövqeləri alırdıq. Təbii ki düşməndə susmurdu və ağır artilleriyadan zərbələr endirirdi. Bunlara baxmayaraq heç birimizdə qorxu hissi yox idi. Zəngilan şəhərinin Beşdəli kəndinin bizə tapşırılan mövgeləri ələ keçirməyə nail olmuşduq. Hamı çox sevinirdi. Və hər gün ordumuzun irələməyi haqqında xəbər eşidəndı dahada ruhlanırdıq. Bir neçə gün ərzində aldığımız mövgelərdən Zəngilan şəhərinin Mincivan kəndinə tərəf irələməyə əmr almışdıq. Sıx meşədən çətinliklə də olsa, keçib döyüş tapşırığını yerinə yetirməli idik. Ordumuzun ağır artilleriya zərbələri nəticəsində düşmən geri çəkilirdi. Dağa çıxarkən bizim bir hərbi texnikamız tank eleyhinə minaya düşdü. Xoşbəxtlikdən şəhid olan olmamışdır, amma bizim bir zabitimiz və sürücümüz yaralanmışdır. Bütün bölük həmin yerin açıq hədəf olmağına baxmayaraq, köməyə özünü çatdırdı. İçimizdə vətən sevgisi hər dəqiqə artırdı və biz heç nəyi əsirgəmədən Zəngilan şəhərini azad etdik”.
İlham Əliyev qətiyyəti və yenilməz sərkərdə əzmi ilə müzəffər ordumuzun gücünə və xalq-iqtidar birliyinə söykənərək düşməni ildırım sürətilə necə məğlub etdisə, o cür yenilməz ruhla da işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin və yüksək texnologiyaların tətbiqinə başlayıb. İndi az qala bütün dünya həmin ərazilərdə bərpa-quruculuq işlərinin necə geniş və əhatəli şəkildə vüsət almasına şahidlik edir. Səfər boyu dövlət başçısının işğaldan azad edilmiş müxtəlif yaşayış məntəqələrindən keçərkən səsləndirdiyi fikirlər əslində Azərbaycan xalqına, bütün dünya ictimaiyyətinə və sözsüz ki, həm də məğlubiyyəti ilə barışmağa acizlik çəkən işğalçı Ermənistana mesajlar idi. Bunlar o demək idi ki, Azərbaycanda ordu daha da güclənəcək, bərpa və quruculuq işləri yüksək texnologiyalar üzərində qurulacaq, işğal edilmiş ərazilərdə şəhərlər və kəndlər mütərəqqi “ağıllı” layihələr əsasında salınacaq.
Prezidentin Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyması, Zəngilan rayonunun Üçüncü Ağalı kəndində və digər rayonların bir neçə kəndində icra olunacaq “ağıllı kənd” layihələrinə start verildiyini bildirməsi, Laçın rayonunun Güləbird kəndində qısa müddət ərzində işə salınan su elektrik stansiyasının açılışında iştirak etməsi bir daha göstərir ki, Azərbaycan üçün azad edilmiş ərazilərin dirçəldilməsi də tarixi bir missiyadır.
Qarabağda həyata keçirilən bərpa işlərinin necə uzaq perspektivlərə səmtləndiyini, islahatların ən müasir dünya təcrübəsi və yeni texnologoyalar üzərində qurulduğunu aydın görmək üçün onlara ötəri nəzər salmaq kifayətdir. Prezident İlham Əliyev Güləbird kəndində çıxış edərkən də elə həmin məsələlərə toxunmuşdur: “Biz təklif etmişdik ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər.
Füzulidə aeroportun tikintisinın sürətlə davam etməsi, Şuşaya yeni avtomobil yolunun çəkilməsi, Naxçıvana səmt götürən dəmir yolunun təməlinin qoyulması Qarabağda müasir tələblərə cavab verən yol infrastrukturunun yaradılmasından xəbər verir. Bununla Azərbaycan həm də quruculuq ənənələrinə, sülhə və əmin-amanlığa sadiqliyini nümayiş etdirir. Özü də qonşu Ermənistanda siyasi qüvvələrin qarşıdurmasının sərtləşdiyi bu zamanda.
Azərbaycan Prezidenti bu səfərdə də diqqəti bir daha erməni vandalizminə yönəltdi: “Qubadlı rayonunun Muradxanlı kəndi, ermənilər burada yaşayıblar, buranı da dağıdıblar. Artıq bərpa işləri gedir. Bu da Həkəri kəndidir. Baxın, nə gündədir, ermənilər bu it damında yaşayıblar. Dağıdılmış bu evlər erməni faşizminin törətdiyi əməllərdir. Bütün dünya görsün bunları”.
Bu gün Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təminatçısı olduğunu dünya ictimaiyyəti etiraf etməli, dəstəkləməli və müzəffər ordumuzun diz çökdürdüyü erməni faşizminin dirçəlməsinə imkan verməməlidir. Azərbaycan özü həmin missiyasını yerinə yetirməkdə qərarlıdırş Bu, eyni zamanda, ona görə önəmlidir ki, bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın.
Rövşən MÜRVƏTOV
Konvoy taborunun Nizami hissə rəisi, ədliyyə kapitanı