AŞPA-nın anti-Azərbaycan erməni qətnaməsinə dostumuz Gürcüstan necə səs verdi…

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 20-də keçirilən iclasında Ermənistanın təşəbbüsü ilə müharibədə "əsir düşmüş" erməni hərbçilərinin qaytarılmasını əks etdirən qətnamə səsverməyə çıxarılıb. Azərbaycanın strateji tərəfdaşı Gürcüstanın qurumdakı nümayəndə heyəti tam tərkibdə bu qətnamənin lehinə səs verib...
Xatırladaq ki, 44 günlük müharibənin bitdiyini əks etdirən, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış 10 noyabr bəyanatında hərbi əsirlərin "hamının hamıya" prinsipi ilə dəyişdirilməsi əksini tapıb. Azərbaycan bu sənəd üzrə öhdəliklərini yerinə yetirərək, 70 erməni hərbçisini qarşı tərəfə təhvil verib. Ermənistan isə 14 azərbaycanlı əsiri, o cümlədən Birinci Qarabağ müharibəsində şəhid olmuş 7 nəfərin qalıqlarını geri qaytarıb.
Rəsmi Bakı Ermənistanın bəhs etdiyi "hərbi əsirlər" məsələsinə bir neçə dəfə XİN və dövlət başçısı səviyyəsində aydınlıq gətirib. Azərbaycan bəyan edir ki, həmin şəxslər hərbi əsir sayıla bilməz. Çünki müharibə bitdikdən həftələr sonra Azərbaycan Ordusunun mövqelərinə hücum etmiş, bu zaman tərksilah edilən diversant-terrorçulardır. Həmin şəxslərin barəsində ölkə qanunverciliyinə uyğun olaraq tədbir görüləcək.
Belə olan təqdirdə bizim strateji müttəfiqimiz olan Gürcüstan nümayəndə heyətinin tam tərkibdə Ermənistanın lehinə səs verməsini necə qiymətləndirmək olar?
- Fazil Mustafa: “Türkiyə ilə birlikdə beynəlxalq platformada Gürcüstana qarşı Rusiyanın mövqelərini açıqca dəstəkləməliyik”
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, Gürcüstanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin üzvləri tam tərkibdə sözdə "erməni əsirlərinin qaytarılması" formatında erməni deputatları tərəfindən təqdim olunan qətnamə layihəsinə səs verməklə birbaşa rəsmi Gürcüstanın mövqeyinin ifadə etmişlər: “ Burada məsələyə sadəcə bir qrup deputatın fərdi mövqeyi kimi yanaşmaq doğru sayılmaz. Buna bir həftə öncə Gürcüstan prezidentinin erməni qəlbdaşının imzaladığı sənədin altında çəkdiyi Ağrı dağının rəsmini fəxrlə mediada paylaşması kimi səviyyəsiz davranışının davamı olaraq baxmaq lazımdır. Adam özünü anlamaz yerinə qoyub, qosqoca Türkiyəyə qarşı ermənilərin ərazi iddialarını dəstəklədiyini nümayiş etdirməkdən çəkinməyib. Gürcüstanın Azərbaycana qarşı bu cür davranışı, heç şübhəsiz, bəzi erməni himayəçisi olan Qərb dövlətləri tərəfindən stimullaşdırılan hərəkətdir və dərindən təhlil edərsək, heç bu davranışın həmin dövlətin öz maraqlarına da uyğun gəlmədiyini görərik. Çünki Gürcüstanın illərdir həyat yolu kimi baxdığı Türkiyə və Azərbaycan kimi dövlətlərin dəstəyini itirməyin hansı nəticələr doğuracağını ayrıca izah etməyə zərurət yoxdur. İlk olaraq Gürcüstanın xəyanətinə qarşı nədən başlamalıyıq? Türkiyə ilə birlikdə beynəlxalq platformada Gürcüstana qarşı Rusiyanın mövqelərini açıqca dəstəkləməliyik. Beynəlxalq platformada Gürcüstanın "işğal olunmuş əraziləri" ifadələrini görməzdən gəlməliyik və bu ifadəni işlətməkdən çəkinməliyik. İqtisadi sahədə Gürcüstana qarşı Türkiyə ilə birlikdə müəyyən islahedici addımlar barədə düşünməliyik”.
- Yeganə Hacıyeva: “Burada xristian təəssübkeşliyi daha qabarıq özünü göstərir”
Politoloq Yeganə Hacıyeva isə xatırlatdı ki, Gürcüstan 44 günlük müharibə dönəmində Ermənistana silah daşınmasına qadağa qoyan ölkədir: “Həmin dövrdə Gürcüstan prezidentinin göstərişi ilə bir cinayət işi açıldı. Həmin cinayət işi sərhədlərin derimitasiyasını həyata keçirən Dövlət Komissiyasına açıldı. Mahiyyət, güya Gürcüstan ərazilərinin Azərbaycanın xeyrinə güzəşt edilməsilə bağlı idi. Biz bilirik ki, Gürcüstanın mövqeyi monoton deyil. Bu baxımdan da, bəzi məqamlarda mövqelər haçalanır. Onların AŞPA-dakı təmsilçilərinin böyük əksəriyyəti hakim partiyanı təmsil edir. Gürcüstan müxalifətini təmsil edən deputatların bir neçəsi AŞPA-nın toplantısında iştirak etməyib. Gürcüstanın bizimlə oxşar olan Abxaziya problemi var. Biz problemimizi həll etdik, onların problemi qalır. Sabah onlar da ərazi bütövlüyünü təmin etməyə başlasalar eyni situasiya ilə üzləşə bilərlər. Azərbaycan əsir məsələsini razılaşmaya uyğun həll edib. Gürcüstan bu məsələdə qərəzli mövqe ortaya qoyub. Bu yalnız əsirlərə bağlı olan məsələ deyil. Burada xristian təəssübkeşliyi daha qabarıq özünü göstərir”.
Məhəmmədəli QƏRİBLİ