Qarabağ, “Qordi düyünü”, açılmayanı kəsərlər, Makedoniyalı İsgəndərdən İlham Əliyevədək - Aydın QULİYEV yazır…

Sentyabrın 27-dən başlanmış Böyük Qarabağ Müharibəsinin bütün nəticələrinə görə, yükün mütləq ağırlığı Azərbaycan Prezidentinin, xalqının və dünyadakı tək sayda dostlarımızın çiyinləri üzərindədir. Qardaş Türkiyənin və Pakistanın siyasi, mənəvi dəstəyi nəzərə alınmasa Azərbaycanın dövlət başçısı hər şeyi tək edir, ağırlıq onun üzərindədir.
Ermənistan bütün müharibə qanunlarını, beynəlxalq humanitar normaları pozur. Onun üçün sərhəd yoxdur. Ermənistan zatən sentyabrın 27-dək də belə idi. Sadəcə 27 sentyabradək "ərazilərinizi verməyəcəyəm" deyirdi. İndi üstəlik uşaq, qadın, yaşlı demir, hər kəsi imkanı yetən yerdə və üsullarla qətl edir. Bax Azərbaycan düşmənin bu taktikası qarşısında təkdir, biz hansısa dövlətdən gəlib bizim tərəfimizdə döyüşmək üçün əsgər göndərməsini istəməmişik, pulumuzu verib geninə-boluna istədiyimiz silahı, texnikanı da ala bilirik, ordumuz hər şeyin öhdəsindən özü gələ bilir. İstədiyimiz odur ki, Azərbaycana real dəstək verilsin. Ermənistana real təzyiq göstərilsin. Dövlətlərin mütləq çoxu, beynəlxalq təşkilatlar sadəcə bizi yola verdilər, “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik" deməklə işlərini bitmiş saydılar. Nə qədər dövlətlərdən, beynəlxalq təşkilatlardan bu bəyanatı eşitdik?! BMT, ATƏT, AB, AŞPA, İƏT, Qoşulmama Hərəkatı və sair, Türkiyə və Pakistandan başqa bütün dövlətlərin hamısı belə davrandı. Düz 30 il bu dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü sadəcə dəstəkləmək kimi nəticəsiz yol getdilər, təmas xətti və status-kvo deyilən aldadıcı oyun oynadılar, sonda həmin status-kvonu da, təmas xəttini də Prezident və ordumuz özü dəyişdi. Bu işdə heç kimdən real dəstək görmədik. Bircə ölkə belə Ermənistana uşaq, qadın, yaşlı qatili kimi ünvanlı bir ittiham səsləndirmədi. Sadəcə “Gəncədə dinc insanların qətlini pisləyirik" deməklə kifayətləndilər. Ermənistanın adını bir dövlət, bir təşkilat çəkmədi. Bir dövlət Ermənistanla mövcud diplomatik əlaqələri kəsmədi. Bir dövlət Ermənistandakı səfirini geri çağırmadı, özündəki Ermənistan səfirini ölkədən çıxarmadı. Biz heç kimdən silah-sursat istəmədik ki, "beynəlxalq qalmaqal olar" desinlər?! İstədiyimiz Ermənistana normal siyasi və diplomatik təzyiqlərin edilməsi idi ki, bunları da görmədik. Tək qardaş Türkiyə və Pakistandan başqa Ermənistana real siyasi-diplomatik təzyiqləri heç kim göstərmədi. Bunlar olmayanda isə sadəcə "ərazi bütövlüyünün dəstəklənməsi" deklorasiyaları mənasız şeyə çevrilir. Azərbaycan tək özünə, öz Prezidentinə, xalqına güvənərək hər şeyi dəyişdirir və dəyişdirməkdə davam edəcək.
Azərbaycan məhz təklikdə sübut etdi ki, Qarabağ probleminin guya çox mürəkkəb və çətin problem olması onu ötən 30 ildə həll etmək istəməyənlərin baş aldatmasından başqa bir şey deyilmiş. Mürəkkəblik Qarabağ problemində yox, onu həll etməli olan, lakin həll etmək istəməyənlərin siyasətində və başçılarının başında imiş. Prezident və ordumuz çox sadə şəkildə dünyaya sübut etdi ki, həqiqətən də Qarabağ problemində heç bir mürəkkəblik və həll olunmazlıq yox imiş. Burda nə mürəkkəblik var? Dağlıq Qarabağ bircə saniyə də Ermənistanın tərkibində olmayıb, orada hətta erməni lider də olmayıb. DQ-nin ətrafındakı işğal olunmuş 7 rayonumuz da həmçinin, heç vaxt Ermənistanla bağlı olmayıblar. Belə də işğalçı Ermənistana "tutduğun torpaqlardan çıx və get" deməyin harası mürəkkəbdir ki?! Sadəcə demək istəmədilər, Fransa, Rusiya və ABŞ bunu demədi, deməmək üçün də 30 il "problem çox mürəkkəbdir" fikri altında hekayələr qoşdular. Ancaq ordumuz və Prezident problemin həllinin çox sadə olduğunu sübut etdi. Doğrudur, itkilər bahasına bunu edirik. Ancaq bu can itkilərinin bütün məsuliyyəti 30 il heç bir əsas olmadan problemə "Qordi düyünü" vuran ölkələrin boynundadır - Ermənistanın, Fransanın, Rusiyanın və ABŞ-ın… On illər boyu özlərini DQ probleminə vurduqları “Qordi düyünü”nün guya necə açılması üstündə baş sındıranlar kimi göstərdilər. Ancaq nəticə almaq istəmirdilər. Azərbaycan bunu anlayan gün Dağlıq Qarabağ probleminin real həlli prosesi başladı.
Hamı "Qordi düyünü”nü necə açmaq üstündə baş sındırarkən 2320 il əvvəl Makedoniyalı İsgəndər sadə həll yolu tapdı - bir qılınc zərbəsi ilə düyünü kəsdi… Açılmayanı kəsərlər...
İlham Əliyev eynilə bunu etdi…
Aydın QULİYEV