Azərbaycan Sosialist Partiyası qurultayını keçirdi

Avqust ayının 12-də Azərbaycan Sosialist Partiyasının yenidən təsis qurultayı keçirilib. Partiyadan “Bakı-Xəbər”ə verilən məlumata görə, 1999-cu ildən Yeni Yol Partiyası, 2002-ci ildən isə qurultay vasitəsilə adı dəyişdirilərək Azərbaycan Sosialist Partiyası adı altında fəaliyyət göstərən siyasi qurum hər iki halda qediyyatla bağlı sənədlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edib:
“Keçən illər ərzində Azərbaycanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən və öz yeri olan partiya ölkəmizin siyasi həyatında özünəməxsus fəaliyyəti ilə geniş kütlələrə yaxından tanışdır.
Azərbaycan Respublikasının siyasi həyatında yeni dönəmin başlaması ilə əlaqədar partiyanın Nizamnamə və Məramnaməsinə dəyişikliklər və digər məsələlərlə yanaşı, partiyanın Ali Məclisi, Siyasi Şurasının tərkibinin dəyişilməsi ilə bağlı zərurətlər meydana çıxıb.
Beləliklə, Respublikada pandemiya ilə bağlı rejimin qüvvədə olması ilə əlaqədar Azərbaycan Sosialist Partiyasının təşəbbüs qrupunun keçirdiyi və nümayəndə olaraq ümumilikdə 65 nəfərin qatıldığı onlayn qurultayda cari məsələlərə baxılıb, partiyanın seçkili orqanlarına və müvafiq strukturlarına seçkilər keçirilib.
Qurultay nümayəndələrinin təklifi ilə partiya təsis edildiyi ilk gündən ona rəhbərlik edən Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənovun namizədliyi yenidən irəli sürülüb və o, Azərbaycan Sosialist Partiyasının sədri vəzifəsinə seçilib.
Beləliklə qurultay öz işini başa çatdırıb və təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədiyyə Nazirliyinə rəsmi ərizə ilə müraciət edilməsi qərara alınıb.
Müvafiq sənədlər hazırlandıqdan sonra Azərbaycan Sosialist Partiyasının təsis sənədləri instansiya üzrə təqdim ediləcəkdir”.
Məhəmmədəli QƏRİBLİ