Poeziyamızın Zeynəb gülü...

Doğrudan da həyat çox maraqlı və mürəkkəbdir. Bəzən görürsən illər sonra elə işlər olur ki, vaxtilə bu heç ağlına belə gəlməzdi. Təki illər sonra olanlar xeyirli ağlagəlməzlər olsun. Elə Zeynəb xanımın da ağlına gəlməyən xeyirli bir ağlagəlməz başına gəldi.
O, 1977-ci ildə inanmazdı ki, ilk dəfə toppuş, ağ əllərindən tutub hərfləri yazmağı öyrətdiyi balaca bir oğlan bu gün onun kitabı haqqında yazı yazacaq. Məncə, bundan gözəl bir hiss, duyğu ola bilməz. Bunu yaşamağı özümə də arzu edirəm. Elə özümə həyatda nə arzu edirəmsə, onu da başqasına arzulayıram. O ki qaldı Zeynəb xanıma, ona bir köynək yaxın olduğum üçün, elə arzularım da bir köynək yaxındır.
Mən Zeynəb Bəhmənlini yeddi yaşımdan tanıyıram. O, çox da hamar olmayan bir tale yolu keçib. Bütün çətinliklərə sinə gələrək heç zaman sınmayıb. Bilmirəm, nədənsə mən Zeynəb xanımı ən çox C. Cabbarlının Sevilinə bənzədirəm.
O, həyatda mübariz bir qadındır. Bu gün də maddi və mənəvi çətinlikləri olsa da ruhdan düşmür. Zeynəb xanım haqqında onu da deyə bilərəm ki, o, yaxşı insandır. İnsan var kiməsə pislik edən gün özünü xoşbəxt hiss edir, insan da var kiməsə yaxşılıq edən gün özünü xoşbəxt hiss edir. Zeynəb xanım isə yaxşılıq edən gün xoşbəxt olur. Bu cəhət isə əsl şairlərə xas olan xarakterdir. Elə şairlərdən söz düşmüşkən onu da qeyd edim ki, Zeynəb Bəhmənli uzun illərdir mətbuatda çalışır. Azərbaycan yazıçılar və jurnalistlər birliyinin üzvü, saysız hesabsız media mükafatlarının laureatıdır. Zeynəb xanım həm də çox gözəl qarmon ifaçısı, musiqi müəllimidir. Uzun illər Füzuli rayonunda, musiqi məktəbinin direktoru vəzifəsində çalışıb.
Şeirin ruhu musiqidir. Onun dünyaya göz açdığı Böyük Bəhmənli kəndi Arazın sağ qolu üzərində yerləşir. Şübhəsiz ki, Zeynəb Bəhmənlinin şair olmasında bunun da təsiri olub. Xan Arazın mehi sanki Zeynəb xanımın özünəməxsus poetik deyimlərinə bir sığal çəkərək onları misra-misra durulaşdırıb. Ona görə də onun şeirləri bulaq suyu kimi insanın sinəsinə yayılır. 13 kitabın müəllifi olan Zeynəb Bəhmənlinin yaradıcılığı haqqında tanınmış qələm adamlarından rəhmətlik yazıçı Əlibala Hacızadə, şair-publisist Mürvət Qədimoğlu Həkəri, professor Minəxanım Təkləli, fəlsəfə doktoru Fəridə Ləman, əməkdar incəsənət xadimi Kəmalə Ağayeva, əməkdar incəsənət xadimi Ruzigar Əfəndiyeva, rəhmətlik xalq artisti, bəstəkar Məmməd Cavadov, tanınmış jurnalist, “Vətənim” jurnalının baş redaktoru Qızbəs Qəbələ, alim-şair Rüstəm Bağır, alim-şair Oktay Rza və neçə-neçə söz-sənət xiridarları yazılar yazıb.
Baxmayaraq ki, otuz ildir mətbuatda çalışıram, mən Zeynəb xanımın yaradıcılığı haqqında heç vaxt yazı yazmağa ürək eləməmişəm. Nədənsə, çəkinmişəm ki, birdən yazı zəif alınar, birdən xoşuna gəlməz. Bu yazı da, Allaha pənah.
Məhəbbətini daim qəlbimdə gəzdirdiyim, həmişə mərhəmətinə sığındığım Allahın adını çəkmişkən, onu da qeyd etməyim yerinə düşər ki, Zeynəb xanım dəfələrlə Kərbəla, Məşhəd ziyarətində olan, imanlı bir insandır. Tanrı müqəddəs yerləri ziyarət etməyi ona nəsib etmişdir. İlk dəfə Mir Mövsüm Ağa haqqında yazılan kitabın müəllifi olan Zeynəb Bəhmənlinin Allah eşqi ona arzusunda olduğu Məşhəd ziyarətini qismət elədi. Uca Yaradana olan sonsuz sevgisini misralara çevirən şairin 70-dən çox şeirinə mahnı bəstələnib. Zeynəb xanımın ruhu əsl şair ruhudur. Onun evinin də, ürəyinin də qapısı insanların üzünə açıqdır.
Ədəbi janrların bütün növlərində qələmini sınaqdan keçirən Zeynəb xanımın, çox gözəl təşkilatçılıq qabiliyyəti də var. Bunu onu yaxından tanıyanlar çox yaxşı bilir. Zeynəb xanımın haqqında yazı yazmaq ona görə çətindir ki, bilmirsən hansı fəaliyyətindən söz açasan, haradan başlayasan. Amma çox arzu edirəm ki, onun çoxşaxəli həyat və yardıcılıq yolunu özündə ehtiva edən bir kitab yazılsın. Elə bir kitab ki, gənc yazarlar o kitabdan bəhrələnərək, öz yaradıcılıq yollarında düzgün istiqamət seçə bilsinlər. Ömrünü-gününü qələmə bağlamış insanlar sözün həqiqi mənasında hər bir ehtirama layiq, əsl sənət fədailəridir. Bu gün masamın üzərində olan kitab sənət fədaisinin sayca 13-cü kitabıdır. “Seçmələr” (yuxuma güllə dəyib) adlı bu poeziya buketi çox nəfis tərtibatda işıq üzü görüb. “Çap ART” mətbəəsində çap edilən kitaba, ön sözü şair-publisist Mürvət Qədimoğlu Həkəri yazmışdır. Mürvət müəllim həm də kitabın redaktoru olaraq, sanki kitabda yer alan şeirlərə bir düzən verib. Bu düzəndə Həkərinin həzin-həzin axan bir pıçıltısı da duyulur. Məncə Zeynəb xanımın kitabına redaktorluq etməyi, hər bir qələm adamı məsuliyyətini dərk edərək, öz üzərinə götürə bilməzdi.
Zavallı şairlər hamını başa düşsə də, nədənsə bu başıbəlalı ruh adamlarına həyatda çox az adam dərddaş olur. Bəlkə elə buna görə də Tanrı onlara qələmi sirdaş verib. Zeynəb xanımın qələmlə dərdləşdiyi duyğuları isə nəinki özünə, həmçinin də, onun oxucularına doğmadır, məlhəmdir...
Məncə, hər bir ölçünü nizamla verən Uca Tanrı, şairlərə də istedadı qədərində verib. Bəlkə elə ona görədir ki, hər bir gülün öz ətri olduğu kimi, hər bir şairində biri-birinə bənzəməyən öz qədəri, tutumu var.
Yurd-yuva həsrəti qəlbində dünyadan nigaran köçən neçə-neçə həmdərdlimizin ruh halını misralara çevirən Zeynəb xanım yazır:
Yurdu talan olanların,
Evi odda yananların,
Çadırda yurd salanların,
Halını gəl məndən soruş.
(“Məndən soruş” şeirindən.)
Zaman-zaman müqəddəs varlıq sayılan analar haqqında çox şeirlər yazılıb. Ana yeganə bir varlıqdır ki, sevgisi əbədi və təmənnasızdır. Zeynəb xanım da bu mövzuda saysız-hesabsız şeirlər yazıb. Anasını itirənlər çox yaxşı bilir ki, insan bu boşluğu bir ömür doldura bilmir. Kitabda diqqətimi çəkən bir bənd sanki, qəlbimin sarı simini qırdı:
Məbədə çevirib tikək qəbrini,
Ölənə nə xeyri, öpək qəbrini?
Heyif ki, bilirik ana qədrini,
Analar dünyadan köçəndən sonra.
(“... Sonra” şeirindən.)
Poeziya sevgidən yaranıb bəlkə də. Əyər şairin qəlbində sevgi yoxdursa o, heç zaman əlinə qələm götürə bilməz. Tanrı sevgisindən tutmuş, insanlara olan sevgiyə qədər dolu bir ürək çırpınır şairlərin sinəsində. Bu başıbəlalıların arada bir pünhan sevgisi də, olur. Ruhları cavan qalsa da, sevə-sevə yaşdan gedir.
Bəs görək poeziyamızın Zeynəb gülü nə yazır:
Oxlandım sinəmdən, ürəyim yandı,
Sandım ki, gözümdə həyat dayandı.
Hələ də gözləyən gözlər yoldadı,
Zaman öz işində, ömür qocaldı.
(“...Ömür qocaldı” şeirindən)
Zeynəb xanım!
...Hələ qocalmağa, tələsmə.
Yaz, yarat, oxucularını yeni-yeni kitablarınla sevindir.
Vaqif Mehman