Bir daha Dədə Süleyman - “Çahargah”ın ustadı...

Elə səslər var ki, heç zaman qulağımızdan çəkilmir, lap dərinlikdən olsa da onu eşidirik. Görkəmli xanəndə, Azərbaycanın əməkdar artisti mərhum Süleyman Abdullayevin (Dədə Süleyman) səsi yaddaşlara hopan, unudulmayan, dinləyənin ürəyinə əbədi həkk olunan bir səsdir. Özü dünyada olmasa da, səsi dünyadadır. “Segah”, “Dəşti”, “Çahargah”, “Şur” kimi muğam dəstgahlarını böyük ustalıqla ifa edən Dədə Süleymanın səs yadigarları lent yazılarının yaddaşında da yaşayır.
Dədə Süleyman çox sadə, təvəzökar, mədəni, təbii bir insan idi. Mənim yaddaşımda bu böyük sənətkar həm də bir xeyirxahlıq simvolu kimi qalıb. Neçə-neçə insana kömək edib, ehtiyacı olanın əlindən tutub, yıxılanı qaldırıb. Onu bu dünyada həm səsi, həm sənəti, həm də şəxsiyyəti diri saxlayır.
Dədə Süleyman elə sənətkardır ki, onu hər gün yada salmağa ehtiyac duyursan. Bir dəfə söhbətlərimizdən birində soruşdum ki, siz işğal olunan torpaqlara baxanda hansı hisslər keçirirsiniz? Əvvəlcə duruxdu, sonra kövrək və incik səslə dedi ki, gözlərimin önündə o torpaqlar o tutub yanır, məni söyür, niyə gəlib məni azad etmirsən deyir”...Şükür, o gün gəldi, torpaqlarımız işğaldan azad oldu və o günü Dədə Süleyman da gördü, ən böyük arzusuna çatdı.
Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevral ayının 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub.
1959-cu ildə istedadlı musiqiçilər sorağıyla Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski Süleyman Abdullayevin səsini yüksək qiymətləndirir və onu peşəkar təhsil almaq üçün Bakıya dəvət edir. 1960–1964-cü illər ərzində S.Abdullayev ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəstgahlarını tam şəkildə öyrənir.
1964-cü ildən Süleyman Abdullayev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayır, Xalq Çalğı Alətləri Ansamblları ilə çalışır.
1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olur.
Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi, bir çox muğamların yaddaqalan təfsiri ilə tanınıb.
Süleyman Abdullayev zəngin tembrli, yüksək teksturalı səsə malik xanəndədir. O, ifa etdiyi muğamda sözün düzgün tələffüzünə, qəzəlin mənasının dinləyiciyə çatdırılmasına çalışır.
Süleyman Abdullayevin ifasında "Segah", "Dəşti", "Çahargah", "Şur" muğam dəstgahlarının lent yazıları AzTR Fonduna daxil olunub.
Xanəndə oxuduğu muğamlarda klassik şairlərin - Füzulinin, Şirvaninin, Vahidin qəzəllərinə müraciət edərək, xüsusilə vətən haqqında şeirlərə üstünlük verib. Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən xanəndə xalq tərəfindən "Dədə Süleyman" deyə çağırılır.
Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin "Qızıl səs" medalına layiq görülüb. 23 oktyabr 2022-ci ildə şəkər xəstəliyindən vəfat edib və Müşfiqabad qəbiristanlığında dəfn olunub.
2002 ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
2012-ci il sentyabr ayının 14-də Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Abdullayev Süleyman Cümşüd oğluna "Əməkdar artist" fəxri adı verilib.
Əslən Füzuli rayonunun Arayatılı kəndindən olan, uzun illər ticarətlə məşğul olan, hazırda Bakıda yaşayan "Bakı-Xəbər"in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı (Süleymanov) bu dəfə də Dədə Süleymandan və onun böyük müəllimi, dahi xanəndəmiz Seyid Şuşinskidən danışdı.
“Azərbaycanın ikinci Seyid Şuşinskisi Süleyman Abdullayevlə (Dədə Süleyman) bağlı danışmaq istəyirəm. Hər iki böyük xanındə - Seyid Şuşinski və Dədə Süleyman Füzuli rayonunda doğulub.
Seyid Şuşinski 1889-cu ildə Şuşa qəzasının Horadiz kəndində anadan olub. O vaxtlar rayonlar yox idi, rayonlar 1930-cu ildə yaradılıb. Seyid o zaman səsini vala yazdırmaq üçün Varşava şəhərinə gedir. Orda soruşurlar ki, adın nədir? Deyir ki, Seyid. Onlar təəccüblənirlər. Çünki ondan əvvəl bakılı Seyid Mirbabayev adlı bir xanəndə Varşava şəhərində səsini vala yazdırmışdı.
Ondan soruşurlar harada doğulmusan? Cavab verir ki, Şuşa qəzasının Horadiz kəndində doğulmuşam. İndi də kimdən haralı olduğunu soruşanda rayon mərkəzinin adını deyirlər. O vaxt, təbii ki, Qarabağın mərkəzi Şuşa şəhəri idi. İki Seyidi bir-birindən fərqləndirmək üçün onun adını Seyid Şuşinski yazırlar. Seyid həmişə toylarda oxuyardı ki, var olsun Qarabağ, başda Horadiz kəndi.
Süleyman Abdullayev Seyidin tələbəsi olub. Seyid indiki Füzuli rayonunun Horadiz kəndindən, Dədə Süleyman isə Qoçəhmədli kəndindən idi. Seyidin oxuduğu “Çahargah” muğamını Süleyman eynilə oxuyardı. Biz üç dost idik - İmişli rayonundan Allahverdi, Bərdə rayonundan Alim Rüstəmov, mən isə Füzulidən idim. Alim Rüstəmov o vaxt Asəf Zeynallı adına Musiqi Texnikumunun muğam şöbəsində oxuyurdu. O vaxt hər kəs bir xanəndəni xoşlayardı. Allahverdi deyirdi ki, xanəndə Şahmalı Kürdoğlunu xoşlayıram, yaxşı oxuyur. Mən də Süleyman Abdullayevin səsini xoşladığımı deyirdim. Bir gün Alim Rüstəmov gəlib dedi ki, filarmoniyada Süleyman Abdullayevin konserti var, ikinci oxuyan Şahmalı Kürdoğlu olacaq. Alim üç bilet aldı və biz konsertə getdik. Allahverdi ilə qonaqlıqdan mərc gəldik. Üçüncü sırada orta yerdə oturduq. Bizdən öndəki cərgədə rəhmətlik Xan Şuşinski bir neçə nəfərlə oturmuşdu. Zal dolu idi, hətta ortaya stullar da qoyulmuşdu. Konsert başladı, Şahmalı oxudu, çox gözəl oxudu. Allahverdi məndən “necə oxudu, sözün var?” deyə soruşdu. Cavab verdim ki, yaxşı oxudu, gəl axırını gözləyək. Fasilə elan olundu. O vaxt filarmoniyanın bufetində konyak da verirdilər. Biz buterburodla konyak da içdik. Konsertin ikinci hissəsi başladı. Konserti idarə edən elan etdi ki, “Çahargah”- oxuyur Süleyman Abdullayev. “Mənsuriyyə”dən bərdaş edib necə zəngulə vurub mayeyə düşdüsə bütün zal ayağa durub əl çaldı, təkcə Xan əmi oturduğu yerdən əllərini qaldırıb onu alqışladı. Allahverdi “yox, mən uduzdum” dedi. Səhərisi gün qonaqlıq verdi.
Bir dəfə də İrandan məşhur qadın xanəndə İlahə gəlmişdi. Filarmoniyada Süleymanla İlahə xanım oxudular. Süleyman “Mirzəhüseyn” dəstgahı oxudu, İlahə xanım barmağındakı üzüyü çıxarıb Süleymana verdi, Süleyman da qolundan qızıl saatını açıb İlahə xanıma verdi. O konsertdə mənimlə yanaşı indiki Horadiz şəhərində yaşayan Zəkara adlı bir şəxs nişanlısı Nazilə ilə oturmuşdu. Onlar buna şahiddirlər. Xatirimdədir, televizorda Heyran xanımın yaradıcılığından söhbət gedir. O vaxt cəmi bir televziya kanalı vardı. Həmin verilişdə Süleyman Abdullayev, Məmmədbağır Bağırzadə və Rübabə Muradova milli geyimdə oturmuşdular. Məmmədbağır oxudu, Rübabə xanım oxudu, ikisi də yaxşı oxudu. Axırda Süleyman bir “Sarənc” oxudu. Məmmədbağır da, Rübabə xanım da dönüb Süleymana heyranlıqla baxdılar. “Sarənci” “Xaric Segah” yerində oxudu. Lentdə var. “Dəşti” muğamını çox xanəndələr oxuyub, amma heç kəs Süleyman Abdullayev şirinliyində oxumayıb. Şair Qabil şeirində yazırdı: “Dəşti”ni dəfn eylədi Dədə Süleyman Şuşada.
Danışırdı ki, Əhsən Dadaşovla rayondan toydan gəlirdik, Əhsən dedi ki, gedək “Çahargah”ı qızıl fonda yazıraq. Hərdən gileylənirdi ki, heyf yorğun səslə oxudum.
Süleymanı Məcnun roluna dəvət edibmişlər, əvvəlcə razılıq versə də, sonra toylara həddən artıq çox dəvət edildiyindən, heyf ki, Məcnun rolunu oynaya bilmədi. Çünki o vaxt onu toylara çox çağırırdılar. Heyf ki, yanlıqlı səsə malik Məcnundan məhrum olduq”-deyə F.Qarabağlı bildirdi.
F.Qarabağlı söylədi ki, onlar tələbə olanda 1967-ci ildə “Azərbaycan gəncləri” qəzetində Türkiyədə yarış keçirildiyi və azərbaycanlı balası Süleyman Abdullayevin birinci yeri qazandığı yazılırdı.
“Nəhayət illər keçdi. Xalqımızın Dədə Ələsgər, Dədə Şəmşir kimi dədə adlandırdığı şəxsiyyətlərdən biri də Dədə Süleyman oldu. 2018-ci ildə aprelin 1-də Nanə Ağamalıyeva “Nanəli” verilişini Süleyman Abdullayevin 80 illiyinə həsr etmişdi. Orda məşhur xanəndələrin hamısı iştirak edirdi. Dədə Süleymanın yolunu, sənətini sevənlər hər kəs - Cabir Abdulayev, Tacir Şahmalıoğlu və başqaları orda idilər. 80 illiyinə həsr olunan verilişdə Dədə Süleyman bir şirin oxumaq oxudu, gözlərim yaşardı.
Ömrünün axır vaxtlarında xəstə yatırdı, bir çox xanəndələr onu ziyarət edirdilər. Sevinc Sarıyeva, Cabir Abdullayev, Eldəniz Məmmədov, Qoçaq Əsgərov, Feyruz Səxavət və başqaları yanına gedirdi. Dostları tərəfindən “canavar Manaf” adlandırılan, “toylar kralı” Manaf Ağayev böyük qardaşı Zahidlə xəstə vaxtında tez-tez Dədə Süleymanı ziyarət edirdilər, köməklik də göstərirdilər. Dədə Süleymanın qızı Aygün xanıma öz minnətdarlığıma bildirəm ki, bir övlad kimi atasının çox əziyyətini çəkdi. Xalqımızın şirin səsli xanəndəsi Ağadadaş Ağayev xahiş etdi ki, Dədənin 7 gün yas mərasimi mənim mərasim zalımda keçirilsin. Elə də etdi. Dədəyə olan sevgisindən mərasimi o keçirdi. Allah Dədə Süleymana rəhmət eləsin!”-deyə F.Qarabağlı bildirdi.
F.Qarabağlı onu da xatırlatdı ki, ümumimilli lider Heydər Əliyev Dədə Süleymana prezident təqadü verdi, Prezident İlham Əliyev ona şəhərin mərkəzində ikiotaqlı mənzil bağışladı. “Dədə Süleyman dövlət tərəfindən qayğı gördü” - deyə F.Qarabağlı bildirdi.
İradə SARIYEVA