Professor Mədəd Çobanovun xatirəsinə həsr edilmiş daha bir kitab işıq üzü görüb

Tanınmış alim, məşhur dilçi, istedadlı türkoloq, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun xatirəsinə həsr edilmiş daha bir kitab işıq üzü görüb. Bu barədə məlumat verən Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Fərman Borçalının ərsəyə gətirdiyi “Dostluq məşəliydi Mədəd müəllim” adlı kitab Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərovun dərin məzmunlu ön sözü ilə açılır. Kitabda Azərbaycan və Gürcüstan Respublikalarının görkəmli elm və sənət adamlarının, ictimai-siyasi xadimlərin, Mədəd müəllimin dostlarının, tələbələrinin və yaxınlarının xatirələri, eləcə də ona ithaf olunmuş şeirlər yer alıb.
Xatırladaq ki, Mədəd Namaz oğlu Çobanov 1937-ci il aprelin 11-də Gürcüstanın o zamankı Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olub. Doğma kəndində orta məktəbi bitirib, Tbilisi şəhərində A.Puşkin adına Pedaqoji institutda ali təhsil alıb. 1973-cü ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. Uzun illər Tbilisi Dövlət Pedaqoji İnstitutunda elmi-pedaqoji fəaliyyət göstərib. 1992-ci ildən fəaliyyətini Bakıda davam etdirib. Ali Hərbi Məktəbdə Azərbaycan dili kafedrasına rəhbərlik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub. Akademik Nizami Cəfərovun da qeyd etdiyi kimi, o, çoxşaxəli, zəngin və məhsuldar elmi-pedaqoji fəaliyyəti ilə nəinki Azərbaycan dilçiliyində, eləcə də, türkologiya elmində xüsusi yer tutan, daim diqqət mərkəzində saxlanılan, yaradıcılığı elmi ictimaiyyətin marağına səbəb olan, alimlər arasında öz səsi, nəfəsi və qələmi ilə fərqlənən alimlərimizdən biri idi.
Professor Mədəd Çobanov 2023-cü il iyunun 3-də Bakı şəhərində vəfat edib.
İradə SARIYEVA