Mirzə Fətəli Axundovu erməni müəllim idarə edib? - Ədəbiyyat tariximizdə mübahisə...

Şahbaz Musayev: “Hacı Qara” komediyasının mövzusunu Mirzə Fətəli Axundzadəyə onun dostu şair Qasım bəy Zakir verib”
Bugünlərdə tarixçi Zaur Əliyev “Mirzə Fətəli Axundov “Hacı Qara” əsərini erməni xanın sifarişi ilə yazıb” iddiası ilə çıxış edib. Z.Əliyev məqaləsində iddia edir ki, erməni əsilli mason və sosial darvinist olan Mirzə Mülküm xan eyni zamanda Mirzə Fətəli Axundovun ruhani müəllimi olub.
“Mirzə Fətəli Axundov “Sərgüzəşti mərdi-xəsis və ya Hacı Qara” əsərini də ruhani müəllimi Mirzə Mülküm xanın sifarişi ilə yazıb. Səbəb isə Şekspirin Şərqdə sürətlə yayılan “The Merchant of Venice” ("Venesiya taciri") əsəri idi...” - deyə Z.Əliyev yazıb.
Z.Əliyevin bu iddiası elm aləmində, eləcə də sosial şəbəkələrdə ciddi şəkildə müzakirə edilir və buna görə tarixçini tənqid edirlər.
Maraqlıdır, indiyə qədər heç bir ədəbiyyatda, tədqiqat əsərində Mirzə Fətəli Axundovun (Axundzadə ) ruhani nüəlliminin erməni əsilli Mirzə Mülküm xan olduğu qeyd edilməyib.
M.F.Axundovun tərcümeyi-halında qeyd edilir ki, Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənir, lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir...
“Hacı Qara” əsərinin isə Molyerin "Xəsis" əsərinin təsiri ilə yazıldığı barədə ədəbiyyatda məlumatlar yer alır. Hətta Axundovu Şərqin “Molyeri” də adlandırırlar.
“Mirzə Mülküm xanın Axundzadənin ruhani müəllimi olması iddiası boş söhbətdir, əsassızdır, o, Axunzadədən 21-22 yaş cavan olub”
Axundovşünas alim, filologiya elmləri doktoru Şahbaz Musayev “Bakı-Xəbər”ə Z.Əliyevin irəli sürdüyü iddianın əsassız olduğunu bildirdi. “Əlbəttə ki, Zaur Əliyevin Axundzadə və onun “Hacı Qara” əsəri ilə bağlı yazdığı fikirlər qətiyyən həqiqətə uyğun deyil. O, məqalənin içində sitatlar verir, nəyi hardan götürdüyünü qeyd edir. O, ordan nəyisə götürə bilər, amma yazını onun əsasında qurmaq doğru deyil. Mirzə Mülküm xanın Axundzadənin ruhani müəllimi olması iddiası boş söhbətdir, əsassızdır, o, Axunzadədən 21-22 yaş cavan olub. Axundzadə “Hacı Qara” komediyasını 1852-ci ildə yazıb. Amma Mirzə Mülküm xanla Axundzadənin şəxsi tanışlığı 1863-cü ilə təsadüf edir. Axundzadə yeni əlifba layihəsini İstanbula aparanda orda tanış olublar. Doğrudur, sonradan onların əlaqələri Axundzanin ömrünün axırına qədər davam edib. Yoxsa “Mirzə Mülküm xan dedi, Axundzadə yazdı” iddiası əsassızdır. İkinci çox gülməli və gülünc bir iddia ki, Şekspirin yazdığı əsərin unutdurulması üçün yəhudilərin və kimlərinsə sifarişi ilə Axundzadə belə bir əsər yazıb. Gülməli bir şeydir. Məgər Axundzanin əsəri Şərqdə, dünyada, yaxud Avropada o dərəcədəmi şöhrət qazanacaqdı ki, Şekspirin əsərini üstələsin və onu unutdursun? İrəli sürülən iddialar doğrudan da gülməlidir, cəfəngiyatdır. Bunu bütün məsuliyyətimlə deyirəm”.
Ş.Musayev qeyd etdi ki, Axundzadənin “Hacı Qara” komediyasını hansı şəraitdə, necə yazdığını ətraflı şəkildə tədqiq edib, bu onun elmlər doktorluğu dissertasiyasının mövzusu olub.
Ş.Musayev qeyd etdi ki, sosial şəbəkələrdə kim nə yazır, nə deyir, onun məsuliyyətini daşımır, amma bu, millətin, Axundzadənin adına yaxşı bir məsələ deyil. “Mən Zaur Əliyevin yazılarını oxuyuram, maraqlı yazıları olur, onu qiyabi tanıyıram, amma bilirəm ki, məlumatı olan adamdır. Amma o niyə belə yazıb? Mən buna ancaq təəssüf edə bilərəm.
Mən Zaur Əliyevin biliyinə, savadına qətiyyən şübhə etmirəm, amma konkret olaraq “Hacı Qara” komediyası ilə bağlı yazdıqları kökündən yanlışdır.
“Hacı Qara” komediyasının mövzusunu Mirzə Fətəli Axundzadəyə onun dostu şair Qasım bəy Zakir verib. Yəni bu versiyanı bir sıra ədəbiyyatşünaslar, o cümlədən rəhmətlik Feyzulla Qasımzadə də təsdiqləyib. Daha sonralar ədəbiyyatşünasların böyük əksəriyyəti “Hacı Qara”dan bəhs edəndə bax, bu versiyanın üzərində dayanırlar. Başqa bir versiya da budur ki, Mirzə Fətəli Axundzadənin özü Qafqaz canişinliyində vəzifəli şəxslər tərəfindən 1852-ci ildə Şuşaya ezam olunub və təxminən yaz aylarından payızın sonuna qədər Axundzadə fasilələrlə Şuşada olub. Axundzadənin də Şuşaya göndərilməsinin bir səbəbi vardı: tez-tez Araz çayını keçib Cənuba, yəni indiki dillə desək, İrana gedib-gələn qaçaqmalçıları tutanda və onları dindirəndə onlara tərcüməçi lazım gəlirdi. Bax, o qaçaqmalçıların dindirilməsi prosesində Axundzadə iştirak edirdi, onların ifadələrini rus dilinə çevrirdi. O versiyalardan biri də odur ki, ola bilsin, Axundzadə həmin dövrdə belə bir əhvalat eşidib, o faktları da ordan götürüb yazıb. Yəni versiyalar belədir.
Axundzadənin digər əsərlərində olduğu kimi, “Hacı Qara”da da həyat həqiqətləri var, onun qəhrəmanlarının mütləq prototipləri var. Doğrudan da Hacı Qara bir tacir olub və Ağcabədi bazarında ticarətlə məşğul olub. Sadəcə olaraq, xəsis tacir olaraq qəhrəmanın adını Hacı Qara qoyub və Hacı Qaranın obrazını yaradıb. Bu məsələnin arxasında Axundzadənin çox böyük məqsədləri, fikirləri vardı.
Axundzadənin özünün məktublarında var. Məsələn, 1852-ci ildə Qafqaz Canişinliyi Dəftərxanasının müdiri M.P. Şerbininə yazdığı məktubun sonunda özü qeyd edir ki, xatırlayırsansa, mən Tiflisdə olduğum dövrdə avqust ayının ya 18-də, ya 19-da İran konsulunun evində idik, o zaman knyaz canişin mənə təklif etdi və o təklifi yerinə yetirmişəm, Şuşada iki komediya yazmışam. Yazırdı ki, gələndə o komediyaları gətirib sizə göstərəcəyəm, inanıram ki, o komediyalardan biri sizin xoşunuza gələcək. 1852-ci ildə də Axundzadənin yazdığı komediya “Hacı Qara”dır və o iki komediyadan biri olaraq “Hacı Qara” nəzərdə tutulub. Amma ikinci komediyanı Axundzadə heç üzə çıxarmayıb, ümumiyyətlə çap etməyib. Yəni söhbət bundan ibarətdir. Belə götürsək, Mirzə Fətəli Axundzadənin sifarişlə, özü də Mirzə Mülküm xanın sifarişi ilə əsər yazması iddiası çox gülünc və biabırçı bir məsələdir.
Mirzə Mülküm xan 1833-cü ildə anadan olub, Axundzadə də bu komediyanı 1852-ci ildə yazıb. Axundzadə bu əsəri yazanda Mirzə Mülküm xanın 19 yaşı olub. O zaman da Axundzadə ilə tanış deyildilər. Yəni Axundzadənin “Hacı Qara” komediyasını yazmasının Mirzə Mülküm xana qətiyyən aidiyyəti yoxdur.
Zaur Əliyev yazısında Hacı Qaranın tarixi şəxsiyyət olduğunu qeyd edir, bu həqiqətən belədir. Orda o “Amerika” açımır, onu Axundzadəşünasların hamısı deyir ki, “Hacı Qara” əsərindəki Hacı Qara tarixi şəxsiyyət olub və Ağcabədi bazarında ticarətlə məşğul olub.
Burda bizi, sizi narahat edən erməninin sifarişi ilə Axundzadənin komediya yazması iddiasıdır. Bunun heç bir elmi əsası yoxdur, bu bir yana, heç məntiqli də deyil”.
Ş.Musayev qeyd etdi ki, Axundzadə o komediyanı yazanda Mirzə Mülküm xanla tanış deyildi, onun atası Mirzə Yaqubla tanış olub, onunla iki dəfə görüşüb. Bu hadisənin də 1848-ci ilə təsadüf etdiyini deyən tədiqiqatçı bildirdi ki, Nəsrəddin şahın tacqoyma mərasimində Axundzadə tərcüməçi kimi iştirak edib, Mirzə Yaqub xanla da orda görüşüb. “Onda Mirzə Mülküm xanın 15 yaşı olub, bəlkə də Parisdə oxuyurmuş.
Axundzadənin 6 komediyası var. “Hekayəti Molla İbrahim-Xəlil kimyagər”dən başlamış “Mürafiə vəkilləri”nə qədər Axundzadə bilmədiyi faktı, tanımadığı şəxsləri heç vaxt öz əsərinə gətirməyib. Bəli, Hacı Qara da ağcabədili olub. Məlumatlara görə, kifayət qədər də səxavətli, müasirliyi sevən, xeyirxah bir insan olub. Mirzə Fətəli Axundzadəyə tarixi şəxsiyyət olan Hacı Qara lazım deyildi, ona lazım olan Araz çayını keçib o üzdən qaçaqmalçılıq yolu var-dövlət qazanan Hacı Qara lazım idi. Sadəcə, onun adından istifadə edib. Digər əsərləri də elədir. “Hekayəti Molla İbrahim-Xəlil kimyagər” əsərindəki Molla İbrahimxəlil kimyagər indiki Oğuz rayonunun Xaçmaz kəndi var, ordandır. O fikirləşib ki, o dağlarda hansısa bir metal var, hətta Tiflisə gedib canişinliyə müraciət edib ki, gəlin burda tədqiqatlar aparın, icazə verin mənə ordan gümüş, qızıl çıxarım. Sonradan onun nəvələri Tiflisdə həvəskar aktyorlar olublar. Molla İbrahim Xəlil kimyagər də tarixi şəxsiyyətdir, "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur" Müsyö Jordanın prototipi Aleksis (Alexis) Jordan çox məşhur botanik, fransız nəbatat alimi olub. Axundzadə öz əsərlərinə həmişə tarixi şəxsiyyətləri gətirib”.
Z.Əliyevin “Hacı Qara” ilə bağlı mövqeyinin tamamilə anlaşılmaz olduğunu deyən alim bir daha qeyd etdi ki, bu əsərin yazılmasının yerli-dibli Mirzə Mülküm xana aidiyyəti yoxdur.
İradə SARIYEVA