Ukrayna yazıçısının romanı Azərbaycan dilində...

Bu günlərdə tanınmış Ukrayna yazıçısı Viktoriya Qranetskanın “Xoşbəxt” romanı nəşr olunub. “Nurlar” nəşriyyatında çap olunan romanı Ukrayna dilindən Azərbaycan dilinə AMEA-nın Folklor İnstitutunun əməkdaşı, gənc araşdırıcı və tərcüməçi Qumru Şəhriyar çevirib.
Real hadisələr əsasında qələmə alınmış “Xoşbəxt” romanı Viktoriya Qranetskanın 2015-ci ildə “Sözün taclandırılması” beynəlxalq ədəbi müsabiqəsinin özəl mükafatına layiq görülən üçüncü romanıdır.
Yazıçı qeyd edir ki: “Çağdaş Ukrayna ədəbiyyatında prinsipial olaraq yeni bir şey yaratmaq istədim - başqalarının və daha əvvəl yazdıqlarımın fonunda fərqlənəcək yeni bir şey. Məncə, Ukrayna müsəlmanları mövzusu gərgin, mürəkkəb və hər zamankındən daha aktualdır...”.
Viktoriya Qranetskanın “Xoşbəxt” romanının süjet xətti Azərbaycanla bağlı məqamları ilə səciyyəvidir və müəllifin belə bir mövzuya müraciəti təsadüfi deyil. Belə ki, əsərdə hadisələr ukraynalı pravoslav qız (Olesya) və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan, köçkünlük səbəbindən ailəliklə Vinnitsaya sığınan türk-müsəlman oğlanın (Yusif) sevgi münasibətləri ilə bağlı real, gerçək olaylara söykənən süjet hörüyü üzərində qurulub. Romanda təsvir olunan hadisələrin dramatizmini ukraynalı qızın sevgisi naminə dinini dəyişərək İslamı qəbul etməsi gücləndirir. Onların evliliyindən doğulan oğlana qoyulan Səid adı Ukrayna dilinə tərcümədə “xoşbəxt” mənasını verir - romanın adı da burdan qaynaqlanır. Lakin uşaq sağalmaz xəstə kimi doğulur və onun sağlamlığı uğrunda mücadilə süjetdə əhəmiyyətli yer tutur. Əsərin qəhrəmanları qarşılaşdıqları anlaşılmazlığa və yaşadıqları çevrənin ciddi müqavimətlərinə baxmayaraq, bütün çətinlikləri dəf etməyi bacarırlar və roman xoşbəxt sonluqla bitir.
“Xoşbəxt” romanı, ilk növbədə, sevgi mövzusundadır. Eyni zamanda, “Tanrı, ümumiyyətlə, din və xüsusilə İslam dininin hakim olmadığı toplumda İslamın qavranılması, Ukraynadakı müsəlmanlar haqqında stereotiplərlə mübarizənin əhəmiyyəti” kimi o qədər də asan qavranılmayan mövzulardan bəhs edir.
Kitabın Azərbaycan nəşrinə “Sevgi - xoşbəxtliyin açarı” adlı geniş ön söz yazmış yazıçı Vaqif Sultanlının qənaətincə, “...istər dünya, istərsə də Azərbaycan ədəbiyyatında fərqli dinlərin, inancların yaratdığı maneələri aşaraq, biri-birinə qovuşan, vüsalla (bəzən də faciəyə aparan vüsalla) bitən sevgilər barədə xeyli əsər yazılıb. Yaranan hər bir mükəmməl mətndə sevginin tanrısallığı önə sürülmüş, toplumların qutsallaşdırdığı dəyərlərin və insanlığa xas bütün digər yanaşım və münasibətlərin ondan sonra gəldiyi qənaətinə tapınılıb. “Xoşbəxt” romanında isə mövzunun fərqli çalarlarına baş vurulması, burada qaldırılan problemin təməlində dini inanclardan qaynaqlanan yasaqlardan çox, mənəvi-əxlaqi fərqliliklərin sevgiyə - xoşbəxtliyə aparan ortaq məqamlarının qabardılması diqqəti çəkir”.
İnanırıq ki, Viktoriya Qranetskanın “Xoşbəxt” romanı geniş oxucu auditoriyasının diqqət və marağını çəkəcək, ədəbi tənqid tərəfindən layiqincə dəyərləndiriləcək.
İradə SARIYEVA