Tariximizin yadigarları - dövlətçilik rəmzlərimiz olan qalalar...
.jpg?v=1520254601)
(Əvvəli ötən sayımızda)
Qalalar, istehkamlar düşmən qabağına çəpər çəkmək, el-obanı yağı hücumlarından qorumaq üçün tikilib. Tarixdən bizə yadigar qalan bu qalalar bir ümid və güvənc yeri kimi xalq arasında yaşayır, xatırlanır. Bu həm də igid babalarımızın qəhrəmanlıq dolu ömrünün daş səhifələridir. Qalalardan yazarkən və onların tarixini öyrənərkən xoş hisslər keçirirsən.
Bizi izləyən oxucularımız bilir ki, keçən yazımızda tarixi Gülüstan qalası ilə bağlı mövzumuz yarımçıq qalıb. Bu da bir neçə günlük bayram tətili ilə ələqadardır.
"Vikipediya" yazır ki, tarixi Gülüstan qalası Şamaxı şəhərinə çox yaxın (3 km) olub, keçmişdə onun panoramını zənginləşdirib. Şamaxı yüz illərcə həm fiziki olaraq, həm də təhlükəsizlik anlamında bu dağ qalasına söykənib. Gülüstan qalası Şamaxının başı üzərində qaldırdığı qalxana bənzəyib. Qala şimal-qərbdən cənub-şərqə doğru genişlənən və enişlənən dağın belində tikilib və onun mürəkkəb konfiqurasiyasına uyğun biçim alıb. Qalanın şimal-qərb qurtaracağında iç qalası yerləşir. Dağın çay yatağına yönələn yanı sıldırım qayalıqdır. Qalan yerlərdə də dağ belini qayalar və sərt enişli yamaclar dövrələyir. Yalnız dağın şəhərə baxan cənub yamacı nisbətən az enişlidir. Qalaya qalxan dolama tək cığır bu yamacdadır. Beləliklə, Gülüstan qalası üçün seçilən dağ təbii müdafiə üstünlükləri ilə yanaşı, şəhərlə əlaqə baxımından da çox əlverişlidir.
Qalanın memarlığı...
"Vikipediya" tarixi mənbələrə istinadən yazır ki, şiddətli dağıntıya uğradığından, Gülüstan qalasının bütöv qapalı quruluşundan dövrümüzə dağ relyefində pərən-pərən düşmüş, tək-tək bürc və divar bölümləri qalıb. Ən monumental bürclər qalaya qalxan cığırın başında, dağılıb aradan getmiş giriş darvazasının yanlarındadır. Onlardan qərbdə isə daha bir yarımdairəvi bürcün qalıqları yüksəlir. Planda düzbucaqlı şəklində olan bu bürc dağın qərb yamacındadır.
Dağın dərəyə baxan alt terrasında da divar uçuqları var. Bütün bu divar və bürc qalıqları vaxtilə dağ belinə qurşaq kimi dolanan möhkəm qala divarları içərisində olub. Yaxın keçmişdə isə Gülüstan qalasının daha çox tikintisi gözə dəyir və onun memarlığı haqqında daha dolğun təsəvvür yaradırdı.
Hacı Çələbinin qeydləri...
Ötən yüz ildə səyyah Hacı Çələbinin təsvirinə görə, Şamaxı Gülüstan qalasında "saray və köşklər tikilib və onlar çox möhtəşəm divarlar və möhtəşəm bürclərlə üzlənib: "Şahın yonulmuş daşdan tikilən birinci sarayı şərq tərəfdə, qalanın qırağında dayanır. Olduqca gözəl sarayın önündə keçilməz dərələri, mağaraları, sıldırımları və qayaları olan dərin uçurumlar var. Birinci saraydan yuxarıda yaşayış evlərinin uçuqlarını görürük ki, çox möhkəm ikiqat divarla dövrələnib. Bundan bir az da yuxarıda kiçik təpədə, yaxşı yonulan daşdan tikilmiş və artıq uçuq olan, eləcə də divar və bürclərlə dövrələnib möhkəmləndirilən köşk görünür. Otaqlar altında hamısı tarbəndlə örtülü yüzlərlə zirzəmi izləri indi də görünməkdədir. İçqaladan qərbdə geniş və dərin hovuz tikilib ki, onun da yaxınlığında gəzinti yeri var. Müxtəlif tikililər qalanın daxilini üç yerə bölür: alt, orta, üst (içqala)..." Bu dolğun təsviri qala ərazisində aparılmış arxeoloji qazıntılar da təsdiq edib.
Qala içində olan tikinti qalıqlarından ən dəyərlisi indi içqalanın cənub-şərq bucağında olan saray kompleksidir. Bu kompleksdən indi ancaq alt qatının çılpaq divarları və arxeoloqların yer altından qazıb çıxardıqları otaqlardan, dəhlizlərdən ibarət böyük bir xarabalıq qalıb. Alimlərin müşahidəsinə görə, saray kompleksini dövrələyən içqalanın yeddi bürcü varmış və saray iki mərtəbəli imiş.
Qala divarları və bürclər kimi saray otaqları da yarı yonulmuş daşlardan tikilib. Ancaq saray kompleksinin üst qatında yaxşı yonulmuş üzlük daşları işlədilib. Otaqların örtükləri qalmasa da, onların əvvəllər Şirvan-Abşeron memarlığı üçün səciyyəvi olan daş günbəz və tağlarla (Şirvanşahlar sarayında olduğu kimi) örtüldüyü güman edilir.
Gülüstan qalasının maraqlı tikililərindən biri yeraltı yoldur. Araşdırmaçıların fikrincə, bu yeraltı yol gizli ehtiyat yoludur. Mühasirə zamanı isə əsas su kəməri kəsiləndə qala qoruqçuları onun pilləli tuneli ilə dərəyə enib Zoğalavay çayından su gətirə bilərdilər. Qalanın su kəməri onun qərbində ucalan Meysəri dağından saxsı tünglərlə çəkilib. XIV yüzildə şair Arif Ərdəbilinin "qalaya saxsı tünglərlə su aparılıb" məlumatını arxeoloji qazıntılar da sübut edib. Bundan başqa, qalanın şərq terrasında böyük su tutarı - hovuz quraşdırılıb.
Buğurt qalası
Şamaxı şəhərindən 20 km şimal-qərbdə Qəleybururt kəndi yaxınlığındakı dağın zirvəsində yerləşir. Mənbələrdə Buğurt qalası da adlandırılan qalanın XIII əsrdə tikildiyi qeyd olunur. Qalanın adına XV əsrə aid qaynaqlarda daha çox rast gəlinir. 1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu. 1518-ci ildə Səfəvi qoşunları Əlqas Mirzə Səfəvinin başçılığı ilə Şirvana hücum etdi. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərə bildilər. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt qalasında saxlanırdı. Səfəvi-Osmanlı müharibələri zamanı Osmanlılar bu qalanı ələ keçirib öz dayaq mərkəzinə çevirmişlər. Qaladan XVII əsrin sonlarına kimi istifadə olunub.
Qazax qalaçaları
Tarixçilərin qeydlərinə görə, Qazax rayonu Azərbaycanın digər bölgələri kimi qala tipli müdafiə qurğuları ilə zəngindir. Bunların, demək olar ki, hamısı digər şəhər qalaları (Xunan, Gəncə, Girdman, Kəndmanoğlu və s.) kimi qorumaq üçün inşa edilmiş gözətçi məntəqələridir. Onlar dağ və təpələrin yüksəkliklərində yerli daşlardan inşa edilib və əksəriyyəti yaşayış üçün yararsız olub.
Göyçə mahalının Aşağı Qaranlıq (09.09.1930-cu ildən Martuni) rayonunun Kolagirən (03.01.1935-ci ildən Tsavinar) kəndi kənarında e.ə. VIII yüzilin ikinci yarısına aid qədim türk qalasıdır. Göyçə gölünün sahilində təpə üstündə yerləşən bu qala həmin bölgədə Urartu çarı Sardurinin oğlu Russanın tikdirdiyi iki qədim qaladan biridir (digəri Göyçə mahalının Kəvər rayonundadır). Qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilib. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən çoxlu gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılıb. Kolagirən ərazisinə ilk ermənilər (23 təsərrüfatda 151 nəfər) 1830-cu ildə Türkiyədən köçürülüb.
Kəndmanoğlu qalası
Azərbaycanda orta əsrlərə aid şəhər-qaladır. Bərdə-Tiflis ticarət yolu üzərində (Bərdə-Gəncə-Xunan-Kəndmanoğlu-Tiflis) yerləşirdi. Ərəb müəlliflərindən Müqəddəsi, İdrisi, İstəxri və başqaları öz əsərlərində bu qala haqqında məlumat veriblər. Müqəddəsinin məlumatına görə, Xunandan Kəndamanoğlu qalasına 1 mərhələ (təqribən 12.5 km), Kəndmanoğlu qalasından Tiflisə 2 mərhələ yol idi. Ehtimal ki, qalanın əsl adı Kardman katiblər tərəfindən Kəndman kimi yazılıb. Alman şərqşünası G.Markvartın fikrincə, Kəndmanoğlu qalası Kürlə Xram çayının qovuşduğu yerdə-indiki Qızqala xarabalıqlarının yerində olub.
Zaqatala qalası
Zaqatala qalası 1830-cu ildə Zaqatala şəhəri ərazisində tikilib. Qalada toplarla təchiz edilmiş güclü qarnizon saxlanırdı. Zaqatala qalası çar hakimiyyətinə qarşı bir sıra kəndli çıxışlarının yatırılmasında əsas dayaq məntəqəsi olub. Çar hakimiyyəti Potyomkin zirehli gəmisinin inqilabçı matroslarını Zaqatalaya sürgün etmiş və onlar Zaqatala qalasında yerləşdirilmişdi.
Zaqatala qalası tarixi abidə kimi dövlət tərəfindən qorunur. Zaqatala qalasında saxlanan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin "Qalada üsyan" romanını yazmış və həmin əsər əsasında "Yenilməz batalyon" bədii filmi çəkilib.
Gərni qalası
"Vikipediya" açıq ensiklopediyasında barəsində danışılan Gərnibasar mahalının dağlıq hissəsində, Gərni çayının sağ kənarında, Goğ dağının ətəyində Ellər (12.10.1961-ci ildən Abovyan) rayonunun Baş Gərni (03.01.1935-ci ildən Qarni) kəndində qədim türk qalasıdır. Qar-qar, gər-gər, her-her türk tayfasının adını daşıyan bu qala eramızdan iki min il əvvəl Goğan tərəfindən tikilib, onun adını daşıyıb, sonrakı adını isə Goğanın da mənsub olduğu Qar-qarlardan alıb. Bəzi mənbələrdə onun e.ə. 2-3-cü əsrlərdə inşa olunduğu göstərilir. Uzunluğu 314 m. olan qala divarları qalanın şimal tərəfini və şərq tərəfinin yarısını tutur. Şimal divarında bir-birindən 10-12 m. aralı 10 bürc, şərq divarında isə bir-birindən 25 m. aralı 4 bürc var. Əraziyə ilk ermənilər 1828-1829-cu illərdə İrandan köçürülüb.
Gələrsən-görərsən qalası
Kişlilər bu qalaya Qız, gah da Qızlar qalası deyirlər. Qız "alınmazlıq" və "məğlubedilməzlik" anlamını ifadə edir. Bu qala barəsində məlumat verən yeganə mənbələr Kərim ağa Fatehin və Hacı Seyid Əbdülhəmid Əfəndinin əsərləridir. Həmin mənbələrdə bu qala "Qızlar" adı ilə deyil, "Gələrsən-görərsən" adı ilə xatırlanır. Hadisələri diqqətlə izlədikdə "Gələrsən-görərsən" adının Qızlar qalasına sonradan, daha doğrusu, 1743-cü il hadisələri ilə əlaqədar olaraq verildiyi anlaşılır. Şah Təhmasibin 1551-ci ildəki məlum hücumundan qorunmaq üçün şəkililərin həm Kişin özündə yerləşən Kiş qalasında, həm də Qızlar qalasında müdafiə olunduqlarını hər iki mənbə aydın şəkildə təsdiq etməkdədir. "Gələrsən-görərsən" qalası Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir. Qaratəpə dağının arxasında isə yüksək dağlar sıralanır. Qalanın belə bir yerdə salınmasının əsas məqsədi odur ki, qalaya öndən, arxadan və çay tərəfdən qaya sıldırım olduğuna görə hücum etmək mümkün deyil. Qala ilə Kiş kəndi arasındakı ərazi Qala düzü də adlanır. Lev Tolstoyun "Hacı Murad" povestinin qəhrəmanlarının başına gələn hadisələr bu qalada cərəyan edir. Mənbələr göstərir ki, Şəki xanı Dərviş Məhəmməd xan 1551-ci ildə qalada müdafiə olunmuş və Kiş qalası alındığı zaman qaçmağa cəhd etmiş və şahın adamları tərəfindən qətlə yetirilib. Yenə həmin mənbələr 1743-cü ildə Nadir şahın Şəkiyə hücumu ilə əlaqədar qalanın adını çəkir.
1743-cü ildə Hacı Çələbi xan Şəkini müstəqil xanlığa çevirdi. Yenidən Şəki şah ordusu ilə qarşılaşmalı oldu. Nadir şahın qoşunları qalanı fasilələrlə mühasirədə saxlayır. Mühasirədə yaşamaq şəkililər üçün çətin olsa da, onlar uzun müddət düşmənlə mübarizə aparmış və ona sərt müqavimət göstərmişlər.
Nadir şahı heyrətləndirən qala...
"Gələrsən-görərsən" adı da bu hadisələrlə bağlıdır. Belə rəvayət edirlər ki, üzbəüz duran qoşunlar uzaqdan-uzağa, qışqıra-qışqıra danışa bilirlərmiş. Bir dəfə Nadir şah özü danışığa girir və soruşur: "O necə qaladır ki, onu almaq olmur?". Ona cavab verirlər: "Gələrsən-görərsən". Elə o vaxtdan qala belə adlanır. Hazırda qala dağılmış vəziyyətdədir və ciddi təmir işlərinin aparılması lazımdır. Qalanın müxtəlif hissələri dağılmış vəziyyətdə, bir-birinə yaxın ərazilərdə yerləşir. İndi qalaya ekskursiyalar təşkil olunur və turistlərə açıq şəkildə bura daxil olmağa icazə verilir.
Ardı olacaq...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.