Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...

I yazı
"Multikulturalizm ili" çərçivəsində Azərbaycanın bölgələrində silsilə tədbirlər keçirilir. 2016-cı ilin respublikamızda "Multikulturalizm ili" elan edilməsi bu sahədə böyük canlanma yaratdı. Əslində, ölkəmizdə multikulturalizm ənənələrinin tarixi qədimdir və Azərbaycan hər zaman sivilizasiyalararası dialoqa açıq olub. Burada müxtəlif xalqların mədəniyyətinin yaratdığı harmoniya öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.
Azərbaycanda yaşayan bütün xalqlar, bütün dinlərin nümayəndələri azərbaycançılıq bayrağı altında birləşib. Bunu zaman-zaman müşahidə etmişik. Bilirik ki, respublikamızın ən müxtəlif bölgələrində ayrı-ayrı xalqların, dinlərin nümayəndələri bir-birinə böyük dəyər verərək yaşayır. Məsələ burasındadır ki, bayamlarda, əlamətdar günlərdə
onlar bir araya gəlir, sevinc və şadlıqla bayramları qeyd edirlər.
Həm "Multikulturalizm ili" çərçivəsində, həm də ondan əvvəlki illərdə davamlı olaraq bölgələrdə tolerantlıq və multikulturalizmlə bağlı tədbirlər, "dəyirmi masa"lar, konfranslar təşkil olunub.
Məsələn, 2014-cü ildə Quba və Xaçmazda Beynəlxalq Tolerantlıq Günü münasibətilə "Mən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusunda "dəyirmi masa" dediklərimizə nümunədir. Onu da bildirək ki, "dəyirmi masa"da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Quba Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Rayon Ağsaqqallar Şurasının və dini icmaların nümayəndələri müxtəlif mövzular ətrafında çıxışlar edir, Azərbaycanın dünyada tolerant ölkə kimi tanınmasında Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu vurğulayırdılar. Tolerantlığın təbliği o deməkdir ki, bölgələrdə yaşayan azsaylı xalqların milli-mənəvi dəyərləri də qorunur. Bu həm də o deməkdir ki, Azərbaycan bütün dünyada tolerant ölkə kimi səciyyələndirilir.
Keçən illərdə analoji tədbir Lənkəran şəhərindəki Gənclər Mərkəzində də keçirilib. "Dəyirmi masa"da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, dinşünas alim Nəriman Qasımzadənin məruzəsi dinlənib. UNESCO tərəfindən təsis edilən Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar ölkəmizin dörd bölgəsində "Mən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusunda "dəyirmi masa"ların keçirildiyini bildirən natiq belə tədbirlərin əsas məqsədinin etnik qrupların vahid Azərbaycan dövlətində bərabərhüquqlu vətəndaşlar kimi yaşamasını, Konstitusiyada təsbit edilən insan hüquq və azadlıqlarının daim qorunmasını bir daha sübuta yetirməkdən və müzakirə etməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Bilirik ki, Azərbaycanda milli münaqişə olmayıb, burada yaşayan heç bir xalqın nümayəndəsinə qarşı ayrıseçkilik edilməyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarından birində vurğulayıb: "Sevindirici haldır ki, ölkəmizdə dini və milli məsələlərdə heç bir problem yoxdur. Bu bizim ölkəmizin qazandığı dəyər və sərvətdir. Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Tarix boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh, qardaşlıq şəraitində yaşayıblar. Multikulturalizm Azərbaycanda həyat tərzidir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilib".
Bilirik ki, "Multikulturalizm ili" çərçivəsində bölgələrdə keçirilən tədbirlər davam edir. Bu tədbirlərin bölgə əhalisi üçün əhəmiyyətini qeyd edən mütəxssislər bildirir ki, multikulturalizm maarifçiliyinin gənclər arasında təbliği olduqca faydalıdır.
Bu ilin fevral ayında Mingəçevir Şəhər Tarix Muzeyində "Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir" mövzusunda keçirilən "dəyirmi masa" da böyük əhəmiyyət kəsb edib. Muzeyin direktoru Nofəl Məmmədəliyev "Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir" adlı mühazirədə multikulturalizmin önəmli cəhətləri ilə bağlı danışıb. Yığıncaqda "Mingəçevirdə alman əsirlərinə göstərilən qayğı tolerantlığın bariz nümunəsidir" adlı videoslayd da təqdim edilib. Bu, Azərbaycanın tolerantlıq və multikulturalizm tarixinə müasir baxış formasının təqdim edilməsidir.
Məlumdur ki, bölgələrdə multikulturalizm və tolerantlıqla bağlı tədbirlər silsilə xarakter alıb. Vurğulayaq ki, Prezident İlham Əliyev ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də Sərəncam imzalayıb və Sərəncama əsasən də bu tarixdən bölgələrdə tədbirlər keçirilməyə başlayıb.
Qeyd edək ki, bu tədbirlər bölgələrlə yanaşı, paytaxta yaxın qəsəbə və kəndlərdə də keçirilir. Bildirək ki, xeyli müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonu Güzdək qəsəbəsi "Rəsulullah" məscidi dini icmasının həyata keçirdiyi layihə çərçivəsində keçirilən növbəti tədbir "Multikulturalizm milli-mənəvi dəyərlər sistemimizin tərkib hissəsi kimi" mövzusuna həsr olunub. Abşeron rayonu Güzdək qəsəbəsi "Rəsulullah" məscidi dini icmasının sədr müavini Mirkazım Kazımlı layihə çərçivəsində keçirilən növbəti tədbirin çox mühüm bir mövzuya həsr olunduğunu deyib. O vurğulayıb ki, Azərbaycanda 2016-cı ilin cənab Prezident İlham Əliyev tərəfindən "Multikulturalizm ili" elan edilməsi dindarlar tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanır. DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elnur Kəlbizadə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsinin heç də təsadüfi olmadığını, bunun iğtişaşların baş verdiyi dünyamızda ölkəmizin sabitlik adası kimi rolunu nümayiş etdirdiyini vurğulayıb. Qeyd olunub ki, multikulturalizm xalqımızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biri və həyat tərzidir.
Şöbənin məsləhətçisi İsmayıl Cəfərov "Azərbaycanda dinlər və məzhəblərarası qarşılıqlı anlaşma və tolerantlıq mühiti" mövzusunda ekspert qismində çıxış edib. O deyib ki, bu gün ölkəmizdə mövcudiyyətini qoruyub saxlayan real tolerantlıq örnəkləri var.
Bu ilin mart ayının 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Multikulturalizm ənənəsinə sadiqlik" mövzusunda keçirdiyi tədbir də maraqla qarşılanıb.
Şəki Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Zeynəb Məmmədova bildirib ki, dövlətin siyasəti və xalqın yaşam tərzi olan multikultural ənənələrə dair nümunələr çoxdur. DQİDK-nın Şəki bölgəsi üzrə şöbənin müdiri Gündüz Paşayev çıxış edərək bildirib ki, ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələrinə sadiqlik yüksək səviyyədədir.
Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə dini qurumlarla aparılan işlərin təkmilləşdirilməsi barədə tədbirlər planı çərçivəsində martın 2-də Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzində "Ölkədə dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq dövlət siyasətidir" adlı tədbir də bölgələrdə keçirilən tədbirlər sırasındadır.
Azərbaycanın elə bölgələri var ki, orada müxtəlif etnik xalqlar və dinlərin birgə yaşayışı dünya üçün bir nümunədir. Qeyd edək ki, Azərbaycanda multikulturalizmin və tolerantlığın təbliği ilə bağlı ideoloji maarifçilik işi aparılır. Eyni zamanda gənclərin yad və radikal sektaların təsirindən qorunması üçün azərbaycançılığın təməllərindən biri olan Azərbaycan multikulturalizm siyasətinin region gəncləri arasında daha dərindən mənimsənilməsi zəruridir. Ekspertlər qeyd edir ki, dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə Azərbaycan xüsusi həssaslıqla yanaşır, bu da dünya üçün bir nümunədir. Bölgələrdə keçirilən tədbirlərdə hər zaman vurğulanır ki, ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb. Məlumdur ki, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşıb. Ekspertlər deyir ki, bu cür tədbirlər Azərbaycanın bütün bölgələrində davam etdirilir.
Xaçmaz rayonunda "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı" mövzusunda regional konfrans keçirilib. 9 avqust 2016-cı ildə baş tutan tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Xaçmaz Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilib.
Tədbirdə qeyd edilib ki, multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir və bu, dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Xaçmaz Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı" mövzusunda regional konfransın əhəmiyyəti olduqca böyükdür. Məlum olduğu kimi, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirilən konfransda Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək ölkəmizdə tarix boyu mövcud olmuş tolerantlıq mühitindən danışıb. Bildirilib ki, Azərbaycanın bütün regionlarında, o cümlədən şimal bölgəsində fərqli etnik qruplara, dini baxışlara malik insanlar sülh və əminamanlıq şəraitində yaşayır. Təkcə Xaçmaz rayonunda 20-dən çox azsaylı xalq və etnik qrupun nümayəndəsi mövcuddur. Bununla belə, heç vaxt etnik və dini zəmində qarşıdurma olmayıb. Multikulturalizm Azərbaycanı dünyada tanıdan əsas dəyərlərdəndir.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında regional konfransın əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir. Ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrıseçkilik yoxdur. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mövcuddur.
Diqqətə çatdırılıb ki, ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Prezident İlham Əliyev müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir. Respublikada formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib.
V.Səfərli müxtəlif dini konfessiya nümayəndələri arasında əməkdaşlığın genişlənməsində və multikultural dəyərlərin təşviqində medianın önəmli rol oynadığını xüsusi vurğulayıb. Qeyd edib ki, son altı ayda ölkə mediasında multikulturalizm və tolerantlıq mövzusuna aid 350 səhifədən çox yazı çap olunub.
Azərbaycan mətbuatı multikulturalizmlə bağlı saysız yazılar çap edir və bu dəyərli ideyanı azərbaycançılıq çərçivəsində təbliğ edir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.