Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...

II yazı
Müasir Azərbaycan təsviri incəsənəti azərbaycançılıq ideyasının ayrılmaz hissəsi kimi özünü göstərir. Azərbaycan incəsənətinin şah əsərlərini yaradan fırça və tişə ustalarımız olduqca böyük əhəmiyyətə malik işlər görüb. Təbii ki, sənətkarların son illər ərsəyə gətirdiyi işlərin leytmotivini azərbaycançılıq, dövlətçilik, Azərbaycanın müstəqilliyinin tərənnümü, Qarabağ ağrısı, milli faciələrimizlə bağlı mövzular təşkil edir.
Bilirik ki, Azərbaycan təsviri incəsənətinin böyük bir dövrü sovet illərinə düşür. Bu illərdə Azərbaycanın görkəmli sənətkarları, rəssam, heykəltəraş və memarları yetişib. Onların yaratdığı sənət əsərləri xalqımızın tarixində xüsusi yer tutur. Azərbaycan tarixinin ayrı-ayrı dönəmlərinin təsviri sənətdə, incəsənətdə geniş əks olunması diqqəti cəlb edir. Bildiyimiz kimi, hər bir rəssamın, heykəltəraşın yaradıcılığında azərbaycançılıq ideyası da canlı boyalarla təsvir edilib. Təbii ki, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Maral Rəhmanzadə və digər rəssamlar öz əsərləri ilə xalqımızın mənəviyyatını, tarixini, mədəniyyətini yüksək səviyyədə tərənnüm edə bilib. Bu sənətkarların da hər biri Azərbaycan dövləti tərəfindən qiymətləndirilib.
Azərbaycan dövləti təsviri sənətin inkişafı ilə bağlı çox işlər görüb. Bilirik ki, təsviri incəsənətin inkişafına, bu sahədə yüksək səviyyəli kadrların yetişdirilməsinə xüsusi fikir verilir. Mütəxəssislər bildirir ki, rəssamlara, heykəltəraş və memarlara, onların yaratdıqlarına və müasir sənətkarlardan əsrlər öncə yaşamış dahilərin bizə miras qoyub getdiyi təsviri sənət növlərinə dövlət böyük qayğı göstərir. Bu qayğı siyasətinin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu önə çəkən sənətşünaslar vurğulayır ki, H.Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu məsələyə həssaslıqla yanaşıb və sənətdən, sənətkardan qayğısını əsirgəməyib. Təsadüfi deyil ki, respublikamızın ayrı-ayrı yerlərində Azərbaycanın dahi şəxsiyyətlərinin heykəllərinin qoyulması əsasən Heydər Əliyevin rəhbərliyi dövrünə aiddir.
Qeyd edək ki, 13 iyun 2000-ci il tarixində Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Fərman təsviri incəsənətin inkişafına böyük stimul verdi. Sənəddə vurğulanırdı: "Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin təsviri sənət profilli fakültələrinin və Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun bazasında Azərbaycan Rəssamlıq Akademiyası təsis edilsin. Akademiyanın nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci yaradılsın".
Azərbaycan Rəssamlıq Akademiyasının təsis edilməsi, yaradılması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Bunun əsl azərbaycançılıq işi olduğunu vurğulayan sənətşünaslar bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binası, korpusları müasir standartlara uyğun şəkildə təmir edilib və açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib. Sənətşünaslar qeyd edir ki, dövlət başçısının göstərişi ilə ölkə həyatının bütün sahələrində abadlıq və quruculuq tədbirləri ardıcıl olaraq həyata keçirilir, genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır. Onlar vurğulayır ki, respublikamızın hər yerində yeni-yeni elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət obyektləri inşa olunur, mövcud binalar isə əsaslı şəkildə yenidən qurulur. Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusu da ən müasir standartlara uyğun olaraq inşa edilib. Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə peşəkar kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində təsviri sənət, memarlıq və dizayn, sənətşünaslıq fakültələri, qrafika, rəngkarlıq, heykəltəraşlıq, geyim dizaynı, dekorativ tətbiqi sənət, humanitar və ictimai fənlər, təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedraları fəaliyyət göstərir. Akademiyada təcrübəli və peşəkar pedaqoji kollektiv çalışır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni binasının açılışında söylədiyi nitqdən: "...Bildiyiniz kimi, Akademiya əvvəlcə buradakı köhnə binada yerləşirdi. Sonra yeni bina tikilmişdir. Ancaq o bina tikiləndən sonra gördük ki, bu, bizim standartlara o qədər də cavab vermir. Bu binanı biz tamamilə yenidən qurduq. Ondan sonra Akademiyanın rəhbərliyi müraciət etdi ki, binanın davamı da olmalıdır. Biz Akademiyanın binasını böyük dərəcədə genişləndirə bilmişik. İndi bina həm memarlıq baxımından çox gözəldir, daxili tərtibatı da göz oxşayır. Belə də olmalıdır. Çünki bu, Rəssamlıq Akademiyasıdır, incəsənət mərkəzidir. Burada gələcək incəsənət ustadlarımızın təhsili ilə bağlı böyük işlər görülür. Ona görə burada həm daxili vəziyyət, həm də xarici görünüş yüksək səviyyədə olmalı idi.
Akademiyanın çox böyük əhəmiyyəti, çox böyük rolu var. Mən sizə - müəllimlərə, professorlara dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki incəsənət bizim milli sərvətimizdir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan incəsənətimiz olub - ədəbiyyat, ana dili, musiqi, incəsənət, xalçaçılıq, rəssamlıq sənəti.
Bu gün biz bu gözəl ənənələri qorumalı və Azərbaycan xalqının nə qədər istedadlı olduğunu bütün dünyaya çatdırmalıyıq. Son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Aparıcı dövlətlərdə Azərbaycan sərgiləri keçirilir, Azərbaycan incəsənət xadimlərinin əl işləri nümayiş etdirilir. Yəni bu sərgilərin keçirilməsi ilə biz öz mədəniyyətimizi təbliğ edirik, dünyaya çatdırırıq. Bütün dünyaya göstəririk ki, Azərbaycan qədim dövlətdir. Burada qədim dövrlərdə incəsənət, ədəbiyyat, mədəniyyət inkişaf etmişdir. Biz öz mədəniyyətimizlə haqlı olaraq fəxr edirik. Əlbəttə, bu bilikləri, bu imkanları gələcək nəsillərə ötürmək üçün, ilk növbədə, sizdən çox şey asılıdır.
Bu gün mən maraqlandım ki, gənclər bizim ənənəvi incəsənət sahələrinə necə münasibət bəsləyirlər, bu işlərə necə maraqla cəlb olunurlar. Əlbəttə ki, maraq var. Amma hesab edirəm ki, bu marağı daha da stimullaşdırmaq və gələcəkdə Akademiyanın məzunlarını işlə təmin etmək üçün biz daha konkret işlər görməliyik...Azərbaycanın müasir inkişafı üçün memarlıq sənəti bəlkə daha da cəlbedicidir. Çünki bu qədər tikinti, quruculuq işləri aparılır, şəhərlərimiz gözəlləşir, abadlaşır. Bu sənətdə imkanlar kifayət qədər genişdir və getdikcə artacaqdır. Bu, başadüşüləndir. Ancaq xalçaçılıq elə bir sənət növüdür ki, bu, Azərbaycan xalqının canıdır, ürəyidir. Biz bu sənəti yaşatmalıyıq. Siz və bizim tələbələrimiz. Ona görə bütün məsələlərin uğurla həlli üçün əlbəttə ki, çox düşünülmüş siyasət aparılmalıdır.
Azərbaycanda bütövlükdə mədəniyyət məsələləri ilə bağlı bu siyasət aparılır. Şadam ki, nəinki Bakıda, bölgələrdə, rayonlarda rəsm qalereyaları açılır. Əlbəttə, regionların iqtisadi inkişafı ilə bağlı birinci mərhələdə biz daha çox tikinti, quruculuq, infrastruktur layihələri ilə məşğul idik. Ancaq son illərdə bölgələrdə olarkən görürəm ki, hər bir şəhərdə rəsm qalereyaları açılır, orada yerli rəssamların, digər incəsənət xadimlərinin əsərləri nümayiş etdirilir. Bu məni çox sevindirir. Bu onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir. Hərtərəfli inkişaf üçün mütləq incəsənətin bütün növləri dövlət tərəfindən dəstəklənməlidir. Bu dəstək var, gələcək illərdə bundan da artıq olacaqdır. Belə gözəl təhsil mərkəzlərinin açılması bir daha onu göstərir ki, bu sahəyə çox böyük diqqət göstərilir".
Ölkə başçısının təsviri sənətə, incəsənətə bəslədiyi sonsuz qayğı bu sahəyə müsbət təsir göstərir. Rəssam və heykəltəraşlara dövlət tərəfindən emalatxanalar verilir, onların fəaliyyəti üçün şərait yaradılır. Bu gün dünyanın əksər ölkələrində bu sahə ilə məşğul olanlar dövlət qayğısından uzaqdır. Ancaq Azərbaycanda dövlət rəssamların, heykəltəraş və memarların qeydinə qalır və onları qiymətləndirir. Sənətşünaslar qeyd edir ki, dünyanın hər yerində rəssamlar öz şəxsi hesabına emalatxana sahibi olur, dövlət onlara emalatxana vermir. Bizim ölkədə isə bu başqa cürdür. Rəssam, heykəltəraş, memar dövlətdən qayğı görür. Dövlət quruculuğuna öz sənəti, fəaliyyəti ilə töhfələr verən təsviri sənət ustaları azərbaycançılığın təbliğində müstəsna rol oynayır və bu istiqamətdə silsilə əsərlər yaradır. Müasir Azərbaycan rəssam və heykəltəraşlarının, memarlarının azərbaycançılıq məfkurəsinə xidmət etdiyi gizlin deyil və onların saysız əsərləri azərbaycançılıq ruhundadır.
Rəssam və heykəltəraşlarımızın əsərlərində əks olunan azərbaycançılıq ideyası bir örnək kimi bugünkü və gələcək nəsillərin yolunda bir mayak olacaq. Müasir sənətkarlar özlərindən əvvəl yaşayıb yaratmış ustadların əmanət qoyub getdiyi yolu davam etdirir. Əsl sənətkar dövlətə, xalqa, el-obaya bağlı olmalıdır. Bu gəlişi gözəl söz deyil, bir həqiqətdir. Sənətkar vətənpərvər, dövlətçi olanda onun əsərlərinin də ömrü uzun olur, adı hər zaman xatırlanır. Azərbaycançılıq məfkurəsinə bağlı olan sənətkarlar böyük əsərlər yaradır və bu əsərlərdə xalqın taleyi, düşüncəsi, əqidə və inamı özünü göstərir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.