Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...

II yazı
Mirzə Fətəli Axundovun Azərbaycan ədəbiyyatı və ictimai fikrində xidmətləri haqqında qiymətli əsərlər yazılıb, tədqiqat nümunələri meydana çıxarılıb. Onun xidmətləri haqqında ən əsas sözü isə mütəfəkkirin əsərləri deyir. Bilirik ki, M.F.Axundovun irsi, onun yaratdıqları zaman-zaman qiymətləndirilib. Axundov şəxsiyyətinə, irsinə dəyərli qiyməti isə Azərbaycan dövləti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verib.
Bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ən görkəmli simalarından olan M.F.Axundovun 200 illik yubileyinin keçirilməsinə dair 2010-cu il 13 aprel tarixli Sərəncam imzalayıb. Sənəddə ədibin "bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açan" bir şəxs olduğu xüsusi qeyd edilib. Parlaq və incə zəkaya, çoxşaxəli istedada malik olan bu insanın fəlsəfi, ədəbi, ictimai-siyasi və estetik baxışları xalqının
mənəvi həyatına nüfuz edib. Vurğulanırdı ki, 1859-cu ildə nəşr edilən "Kapitan Fətəli Axundovun komediyaları və hekayələri" adlı əsərlər toplusunun müqəddiməsində müəllif dramaturqun vəzifəsindən bəhs edərək yazırdı: "Arzum budur ki, həmin yeni sənət növünə agah olan digər adamlar qabiliyyətləri civarında buna bənzər əsər yazmağa cəhd edib, onu müsəlmanlar arasında yaysın. Mənin işim isə ibrət və örnək göstərməklə bünövrə qoymaqdır".
Tədqiqatçılar yazır ki, doğrudan da ötən əsrlər boyu M.F.Axundovun fəlsəfi və ictimai-siyasi irsi tədqiqatçıların diqqətini daim cəlb edir, xələfləri ədəbi yaradıcılığından nümunə götürür, dram əsərləri isə həmin incəsənət janrının inkişafının əsasını qoymaqla Azərbaycan teatrının repertuarına bu gün də rövnəq verməkdə davam edir. Nəsillər bir-birini əvəz edir, sosial və dövlət quruluşu dəyişir, lakin böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyanın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundova bəslənən sevgi, ehtiram və şərəf duyğusu bu gün də yaşayır.
Məlumatlara görə, 1965-ci ildə respublika hökuməti Azərbaycan xalqının böyük oğluna ehtiram əlaməti olaraq bədii ədəbiyyat, musiqi, teatr, təsviri sənət, kino və jurnalistika sahəsində nəzərə çarpan əsərlərin təşviqi məqsədilə M.F.Axundov adına Dövlət Mükafatını təsis edib. Məlumatlara görə, bu gün neçə-neçə küçə, bağ, meydan, teatr,
kitabxana onun adını daşıyır. Milli Elmlər Akademiyasının Tarixi Muzeyinin əməkdaşları böyük dramaturqun həyatına dair müxtəlif məlumat və hadisələri özündə əks etdirən sənəd və əşyayi materialı arayıb-axtarıb toplayırlar. Bu sənədlər və əşyalar bizi Axundovlar nəslinin həyat və fəaliyyəti, cəmiyyətdə tutduqları mövqe ilə tanış etməklə yanaşı, dövrün azərbaycanlılarının məişət mədəniyyətini işıqlandırmaq baxımından da maraq doğurur.
Muzeydən mətbuata verilən məlumata görə, muzeyin fondlarında hazırkı kataloqun əsasını təşkil edən 92 saxlama vahidi mühafizə olunur. M.F.Axundovun sənəd və şəxsi əşyaları, habelə ailə üzvlərinə məxsus məişət əşyaları Muzeyin Sənədli Mənbələr (SMF), Etnoqrafiya (EF), Köməkçi Tarixi Fənn materialları (KTFMF), Silahlar və Bayraqlar (SBF), Hədiyyələr və Xatirə Əşyaları (HXƏF), Neqativlər (NF), Təsviri Materiallar (TMF) fondlarında, habelə Xüsusi (XF) və Köməkçi (KF) fondlarda, Muzey kitabxanasının Nadir Kitablar Fondunda (NKF) saxlanır. Məlumatlara görə, kataloqun hazırlanmasında, həmçinin, İnna Kostina, Nigar Seyidzadə, Mehriban Seyidzadə, Nərmin Bağırova, Ülviyyə Usubova, Aygün Quliyeva iştirak ediblər.
M.F.Axundov Azərbaycan ictimai fikrində saysız xidmətləri ilə qalıb. Dahi mütəfəkkirin xalqına göstərdiyi böyük xidmətlərdən biri müstəqil Azərbaycan əlifbasının yaradılması isə bağlı fikirləri idi. Tarixi mənbələrdən məlumdur ki, Axundov əlifbanın layihəsini də xüsusi incəliklə, şərhlərlə hazırlayıb dövrünün aidiyyəti rəsmi qurumlarına təqdim etmişdi.
Bildirək ki, Əlyazmalar İnstitutunda M.F.Axundovun (1812-1878) çap olunmuş və çap olunmamış əlyazmalarının arxivi var. Məlumatlara görə, Axundov teatr və dram əsərləri yazmasına baxmayaraq, onun əlifba düzəlişinə böyük təsiri olub. Tədqiqatçılar yazır ki, Axundov Tiflisdə tərcüməçi kimi fəaliyyət göstərib və əlifba düzəlişi işinə 1850-ci ildən başlayıb. Onun ilk cəhdi ərəb yazısının dəyişdirilməsi üzərində cəmlənirdi ki, bu, Azərbaycan dilinin fonetik tələblərinə daha uyğun olacaqdı.
Bildirilənə görə, əvvəlcə Axundov hər bir səsin ayrı hərf tərəfindən ifadə (ikiləşdirmə və məhəl qoymama olmaması şərti ilə) olunması fikri üzərində dayandı. Belə ki, ərəb əlifbasında 3 sait səs olduğu halda, Azərbaycan əlifbasında 9 sait səs olmalı idi. Daha sonra Axundov yazını onun sürətini aşağı salan nöqtələrdən və ilmələrdən azad etmək istəyirdi. Üçüncüsü, əgər yazı davamlı olaraq hərflər qırılmadan yazılsa, yazı yazmaq asanlaşar. Bu, oxuculara sözün harada başlanıb, harada bitməsini tapmağı asanlaşdırar. Məlumatlara görə, 1863-cü ildə Axundov İstanbulda Osmanlı Elm Cəmiyyətində öz fikrini irəli sürüb. Onun təklifi türk mətbuatında yeni mübahisələrə səbəb oldu. Türk mətbuatı və alimləri bu islahatın əleyhinə oldu. Lakin şair Namiq Kamal bu islahatı dəstəklədi. Türk dilini saflaşdırmaq və türk leksikonunu ərəb, fars sözlərindən təmizləmək istəməyənlər mübahisələri qızışdırırdı. Köhnə əlifba tərəfdarları təkcə Azərbaycanda deyil, Osmanlıda da sonda qalib gəldilər. Ən böyük müqavimət isə müqəddəs Quran ərəb dilində yazıldığı üçün ərəb dilini müqəddəs hesab edənlər tərəfindən oldu. Sonda Axundov başa düşdü ki, ərəb əlifbasında hətta cüzi dəyişikliklər etmək mümkünsüzdür. İnstitutdakı arxiv materialları göstərir ki, İran da bu layihənin qəti əleyhinə olub.
Tədqiqatçılar yazır ki, 1878-ci ildən Axundov ərəb yazısını dəyişmək cəhdindən əl çəkdi və diqqətini bir neçə kiril əlifbası ilə dəyişilmiş latın əlifbasının üzərində mərkəzləşdirdi. Axundov deyirdi: "Kim istəyirsə ənənəvi ərəb yazısından, qalanları isə yeni əlifbadan istifadə edə bilər". Bununla belə, təklif olunmuş yazıya bir neçə kiril hərfləri daxil edilməsinə baxmayaraq, Rusiya hökuməti onun tətbiqinə icazə vermədi. Yenə də layihə rədd edildi.
Tədqiqatçılar məlumat verir ki, bununla belə, o bu layihələri ictimai arenaya gətirdi və bəzi alimlər bu barədə müzakirəyə başladı. 1886-cı ildə Axundovun ölümündən 7 il sonra "Qafqaz" qəzetində Mirzə Əliməhəmmədin ərəb yazısının dəyişdirilməsi barəsində məqaləsi dərc edildi. 1898-ci ildə mətbuatda Firudin bəy Köçərli tərəfindən yazılmış "Ərəb əlifbası və onun çatışmazlıqları" adlı məqalə işıq üzü gördü.
Tədqiqatçılar qeyd edir ki, "Molla Nəsrəddin" (1906-1931) jurnalının redaktoru Cəlil Məmmədquluzadə ərəb yazısı və əlifba islahatları ilə bağlı fikirlərini belə bildirdi: "Bu heroqlifləri latın əlifbası ilə əvəzləmək vacibdir".
Məlumatlara görə, XX əsrin əvvəllərində hökumətin fəal üzvlərindən biri olan Nəriman Nərimanov da ərəb yazısını tənqid etdi. N.Nərimanov həll yolunu kiril əlifbasının qəbulunda görürdü. O özü bu dəyişilmiş yazı ilə bir neçə əsərini yazmış, Azərbaycan fonetikasının səciyyəvi cəhətlərini daha da dəqiqləşdirib.
Tarixi mənbələrdə gedən məlumatlarda bildirilir ki, Azərbaycan rəsmi olaraq 1923-cü il oktyabrın 20-də latın qrafikalı əlifbaya keçdi. Əvvəllər hər iki əlifba istifadə olunurdu. 1929-cu il yanvarın 1-dən sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. İri kitab yandırma kampaniyası da bu yazını yaddan çıxarmaq məqsədi güdürdü.
Azərbaycan SSR latın qrafikalı əlifbaya keçəndən 5 il sonra Türkiyə də bu əlifbaya keçdi. Lakin 10 il sonra Stalin türklərin bu addımına qarşı kiril əlifbasını Sovet İttifaqının bütün müsəlman ölkələrində tətbiq etdi.
Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Məsud Mahmudov özünün "Azərbaycanda latın qrafikalı əlifbaya keçid təcrübəsi" məqaləsində qeyd edir: "2001-ci ilin avqustunda müstəqil Azərbaycan Respublikasının həyatında mühüm bir hadisə baş verdi. Təxminən 10 illik keçid dövründən sonra 2001-ci il avqustun 1-dən Azərbaycanda bütövlükdə və tam şəkildə latın qrafikalı yeni Azərbaycan əlifbasına keçildi. Yeni əlifbaya keçidin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində olduqca mühüm hadisə olduğunu nəzərə alaraq 9 avqust 2001-ci il tarixli Prezident Fərmanı ilə hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü elan olundu. O vaxtdan hər il Azərbaycan əlifbası və Azərbaycan dili günü ən əziz bayramlardan biri kimi qeyd olunur. Azərbaycan əlifbasının, eləcə də qazax əlifbasının tarixini türk kontekstində araşdırmaq lazımdır. Arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V əsrdə hun yazıları aşkar edilib. Həmin yazılar əski göytürk yazılarından qrafik cəhətdən fərqlənmir. Eramızın VI əsrinə aid tarixi mənbələrdə qədim türk əlifbası haqqında məlumatlara rast gəlinir. Müxtəlif ərazilərdə qeydə alınmış göytürk abidələri isə VII-VIII əsrlərə aid edilir. Sibirdə Orxon-Yenisey çayları ərazilərində türk sərkərdələrinin şərəfinə ucaldılmış qəbirüstü kitabələr qədim türk əlifbası ilə yazılıb. Ərəb istilası dövründə islam dini ilə bərabər ərəb qrafikası da geniş yayılmağa başladı. VII əsrdən başlayaraq tədricən bütün müsəlman dünyasında bu əlifbadan istifadə olunmağa başladı. Azərbaycanda ərəb əlifbası min ildən yuxarı istifadə olunub, bu qrafika ilə xeyli elmi əsər, tarixi xronika, ədəbi-bədii nümunələr yaranıb. Lakin bu əlifbanın türk dillərinə, o cümlədən Azərbaycan dilinə yaramadığı danılmaz faktdır.
Təsadüfi deyil ki, görkəmli Azərbaycan mütəfəkkiri, ictimai xadimi, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundov hələ XIX əsrin əvvəllərində ərəb əlifbasının dəyişdirilməsi təşəbbüsü ilə uzun müddət mübarizə aparıb, lakin onun cəhdləri səmərəsiz qalıb. 1863-cü ildə M.F.Axundov ərəb əlifbasının dəyişdirilməsi ideyasına dəstək almaq üçün İstanbula Sədrəzəm Fuad Paşanın yanına gedir. M.F.Axundov yazırdı: "...yaxşı olar ki, ərəb əlifbasını ləğv edək. Avropa yazı üsuluna keçək, yəni soldan sağa yazaq, nöqtələri işlətməyək. Latın yazısında olduğu kimi əlifbaya sait səslər üçün hərflər də daxil edək...".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.