Azərbaycan xalqının ortaq inanc məbədi - Kürmük...

Azərbaycan memarlıq tarixində məbədlərin xüsusi yeri var. Azərbaycanın müxtəlif yerlərində yerləşən qədim alban məbədləri indinin özündə də qorunmaqdadır. Əsrlər boyu xalqımızın inanc, sayğı yeri olan məbədlərin sırasında Kürmük məbədinin ayrıca yeri var. Kürmük kilsəsinin tarixini araşdıran tədqiqatçılar bildirir ki, bu abidə-məbəd Azərbaycanda dinlərin sinkretizmi nümunəsidir.
Kürmük məbədinin tarixi, keçmiş və müasir dövrdə oynadığı rol haqqında maraqlı araşdırma aparan tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva qeyd edir ki, qədim dövrlərdən müxtəlif mədəniyyətlərin və dinlərin formalaşdığı Azərbaycan spesifik, rəngarəng, zəngin mədəni irsə sahibdir: "Azərbaycan mədəni irsinin, islama qədərki inancların izlərinin üzə çıxarılmasında Azərbaycan tarixinin ən mühüm mərhələlərindən birini təşkil edən Qafqaz Albaniyası dövrü xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanlıların mənəvi irsini təşkil edən alban mədəniyyəti zaman çərçivəsində müəyyən transformasiyaya uğrasa da, bu mədəniyyətin zəngin və qədim ənənələrinin izləri azərbaycanlıların tarixi abidələrində, mərasim ayinlərində, xalq inanclarında indiyədək öz canlılığını qoruya bilib. Hazırda da Azərbaycan əhalisinin inancından asılı olmayaraq, Komrad, Armatay, Kürmük kimi qədim alban məbədlərini ziyarət etməsi alban tayfalarının varislərinin xristianlıq və islam dininin qəbulundan sonra belə öz qədim ənənələrini unutmadığını göstərir. Azərbaycanda müxtəlif dini dünyagörüşlərin, xristianlığa və islama qədərki inancların qorunub saxlanması, onların bir-birilə qaynayıb qarışması eyni sitayiş yerinin həm müsəlman, həm də xristian əhali tərəfindən ziyarət edilməsinə, dini sinkretizmə gətirib çıxarıb. Azərbaycanın Qəbələ rayonunda Komrad, Zaqatala rayonunda Pəriqala, Qax rayonunda Kürmük məbədi kimi alban dövründən qalma qədim inanc yerlərini istər xristianlar, istərsə də müsəlmanlar eyni dərəcədə inanaraq ziyarət edir. Belə inanc yerlərində dinlərin sinkretizmi müxtəlif formalarda müşahidə edilməkdədir. Qax rayonu ərazisində yerləşən qədim alban məbədi olan Kürmük məbədi də həm xristian, həm də müsəlmanların ziyarət etdiyi qədim inanc yerlərindən biridir. Erkən orta əsrə aid qədim alban məbədinin izlərini daşıyan Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı qədim ibadətgah yeridir. Bu məbəd xristianlıq və islam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir".
Tədqiqatçı qeyd edir ki, Kürmük məbədi erkən orta əsrə aid qədim alban məbədinin qalıqları üzərində inşa edilib. Professor Paşayevanın bildirdiyinə görə, arxeoloji qazıntılar nəticəsində 2006-cı ildə məbədin ərazisində qədim tikili qalıqları aşkar edilib. Onun sözlərinə görə, qazıntılar zamanı məbədin müxtəlif əsrlərdə bərpa işlərinə məruz qaldığı və məbədin erkən orta əsrlərə aid (I-III) alban məbədi olduğu ortaya çıxıb: "Bu arxeoloji məlumatı tarixi və etnoqrafik araşdırmalar da təsdiq edir. XIX əsrə aid mənbədə Kürmük kilsəsi yaxınlığında qayalıqlarda oyulmuş qədim bir məbəd qalıqları barədə məlumat verilir. Yerli əhalinin söylədiyinə görə, Kürmük məbədinin ərazisindəki hündür qayalıq ərazidə keçmişdə Ay məbədi mövcud olub. Bu qayalıq ərazi hazırda da əsas sitayiş yeri olub pir kimi ziyarət edilməkdədir. Antik mənbələr, həmçinin arxeoloji-etnoqrafik araşdırmalar da bu ərazidə vaxtilə Ay məbədinin olduğunu söyləməyə əsas verir. Strabon, xristianlığın qəbuluna qədər albanların Helios (Günəş), Zevs (Yer və Göyün tanrısı), xüsusilə İberiya yaxınlığında yerləşən Selena məbədinə (Ay) sitayiş etdiyini yazırdı. Strabonun İberiya yaxınlığında qeyd etdiyi Selena məbədinin yerləşdiyi ərazi Qafqaz Albaniyasının tarixi vilayəti olan və e.ə. I əsrdə İberiya sərhədində yerləşən Şəki vilayəti ilə üst-üstə düşür. Tarixi-etnoqrafik tədqiqatlardan da məlum olur ki, Qafqaz Albaniyasının şimal-qərb bölgəsini əhatə edən və mühüm siyasi-inzibati mərkəzlərdən olan Şəki vilayəti ay məbədləri ilə zəngin olub. Müasir Azərbaycanın Şəki-Zaqatala bölgəsini əhatə edən bu ərazidə hazırda da Ay kultunun izləri qalmaqdadır. Eyni zamanda Azərbaycan Respublikasının şimal-qərb bölgəsində e.ə. III minilliyə aid arxeoloji abidələrdən aypara fiqurlu qəbir örtüklərinin aşkar edilməsi, bu məkanda Ay kultu ilə bağlı qədim inamların çox qədim dövrlərdən bəri mövcud olduğunu təsdiq edir. Bu bölgədə Komrad, Armatay, Kürmük, Kiş kimi ilkin təyinatına görə albanların sitayış etdiyi ilahi üçlüyün- Göy, Günəş və Ay tanrıları şərəfinə inşa edilmiş və sonralar xristianlıq ayinlərinin keçirildiyi erkən xristianlıq dövrünə aid alban məbədləri mövcuddur. Arxeoloji-etnoqrafik tədqiqatlar təsdiq edib ki, Armatay, Kürmük, Kiş məbədləri, Qum bazilikası, Ləkit dairəvi kilsəsi kimi erkən xristianlıq abidələrinin bir çoxu əvvəllər dini mərasimlər keçirilən köhnə məbəd qalıqlarının yerində inşa edilib. Xristianlığın Albaniyada yayılması və tədricən dövlət dininə çevrilməsilə qədim sitayiş yerlərində xristian məbədləri tikilsə də, xalq bu ibadətgahları öz qədim inanclarına uyğun olaraq yenə də "ocaq", "pir" adlandıraraq burada ayinlər icra etməyi davam edib, inanclarını klassik ideologiyaların tərkibində də yaşadıb. Kürmük məbədi də belə qədim Ay məbədlərindən birinin yerində inşa olunmuş erkən orta əsrlər dövrünə aid alban məbədidir. XIX əsrdə Rusiya imperiyası Azərbaycan torpaqlarında özünün siyasi hakimiyyətini möhkəmlətmək məqsədilə xristianlaşdırma siyasəti aparır və rus pravoslavlığının geniş təşviqinə başlayır. Bu məqsədlə 1836-cı ildə Rusiya imperatoru I Nikolayın verdiyi fərmanla alban məbədlərinin fəaliyyəti dayandırılır, nəticədə xristian alban nəsilləri pravoslav və ya qriqorian kilsələrinə getməyə məcbur edilərək qriqorianlaşmağa və gürcüləşməyə məruz qalır. Bu dövrdən etibarən imperiya məmurları, Azərbaycanın şimal-qərb bölgəsində, xüsusilə bölgədə alban tayfalarının varislərindən olan ingiloylar arasında pravoslav kilsəsinin nüfuzunu gücləndirməyə, müsəlman qatından onları qoparmağa çalışmaqla onlara öz etnik mənsubiyyətini unutduraraq, gürcüləşdirilməyə yönəltmək siyasəti aparmağa başlamışdılar. Paralel olaraq, qədim alban məbədi olan Kürmük məbədinin yerində 1892-94-cü illərdə rus-pravoslav kilsəsi inşa edilib. Kilsənin məhz alban məbədinin yerində inşa olunmasının səbəbi isə xalqın əsrlərdən bəri ziyarət etdiyi qədim inanc yerinə gəlişinin davamını təmin etmək və onu tədricən pravoslavlığa meylləndirmək idi. Lakin yerli əhali inancından asılı olmayaraq, yenə də buranı Kürmük məbədi, pir, ocaq adlandırmağa davam edib, burada müxtəlif qədim ayinlər icra edib ki, bu sırada "Kürmükoba" bayramı diqqəti cəlb edir. "Kürmükoba" bayramı haqda XIX əsr müəllifləri də məlumat verib, bu bayramda yerli əhalinin daha çox ibtidai dini təsəvvürlərlə bağlı ayinlər icra etdiyini, "Kürmükoba" bayramında dini ayinlərlə yanaşı, qurbankəsmə mərasiminin də icra edildiyini qeyd ediblər. Hazırda "Kürmükoba" mərasiminə həm xristian, həm də islam dini elementləri daxil edilsə də, "Kürmükoba" bayramında qədim inancların qalıqları, təbiət ayinləri özünü daha çox büruzə verir. "Kürmükoba" bayramı əslində qədim dövrlərdən bəri təbiət ayini olaraq Kürmük çayı ilə bağlı icra edilib. Bu mərasimin aprel və noyabr, yəni çayın daşma mövsümündə keçirilməsi isə Kürmük məbədinin, həmçinin "Kürmükoba" mərasiminin öz adını bölgənin həyat mənbəyi olan gur sulu Kürmük çayından götürdüyünü söyləməyə əsas verir. Kürmük çayı bəzən dağıdıcı olduğundan, yerli əhali arasında onun gücünə inam yaranmış, buna görə də ildə iki dəfə - yazda və payızda çayın daşma dövründə Kürmük çayının şərəfinə mərasim icra olunub. Kürmükoba ifadəsindəki "oba" kəlməsi isə bu bayramın lokal xarakterini ifadə edir. Oba, məlum olduğu kimi, Azərbaycanda patronomik birlik ifadə edən terminlərdən biridir və yalnız bu obanın, yəni Kürmük çayı bölgəsini əhatə edən Kürmük obasının - Kürmük elinin bayramı mənasını ifadə edir. Lakin son illərdə gürcü pravoslav kilsəsi tərəfindən əsassız olaraq Kürmük məbədinin müqəddəs Georgi kilsəsi adlandırılması və Kürmük məbədində ildə iki dəfə təbiətin şərəfinə icra edilən qədim ayin - "Kürmükoba" bayramının isə təhrif edilərək "Müqəddəs Georgi günü" adı altında qeyd edilməsi meylləri güclənib. Gürcülər bu bayramı müqəddəs Georginin doğum günü şərəfinə müqəddəs gün kimi qələmə verməyə çalışsalar da, belə bir həqiqəti unudurlar ki, xristian aləmində heç bir müqəddəsin şərəfinə ildə iki dəfə bayram ayini keçirilmir. Gürcü tərəfi bu bayramı hər nə qədər xristian donuna salaraq, "Müqəddəs Georgi günü" kimi qələmə verməyə çalışsa da, yerli qaxlılar üçün bu bayram hər zaman "Kürmükoba" bayramı olaraq qalıb və bayram zamanı hər bir kəs öz dini etiqadından asılı olmayaraq, bu inanc yerini "ocaq" deyərək ziyarət edib. Hazırda da qədim mərasim ayini olan "Kürmükoba" bayramına ətraf bölgələrdən müxtəlif dinlərdən olan minlərlə insan axışır. Xalq öz tarixi yaddaşına sadiq qalaraq "Kürmükoba" bayramında Aya, Günəşə, təbiətə sitayişin izlərini daşıyan qədim ayinlər icra edir, ağaclara əski parçaları bağlayıb, qaya daşların üstündə şamlar yandıraraq niyyət edir, məbəd həyətində mütləq xoruz və ya toyuq, hətta qoyun kəsirlər ki, bu da dinlərin sinkretizminin bir əlamətidir".
M.Paşayevanın yazdığına görə, dini mənsubiyyətindən asılı olmayaraq, geniş xalq kütlələrinin-istər müsəlman, istərsə də xristian əhalinin elliklə bu bayramda iştirakı "Kürmükoba" bayramının qədim, ibtidai kökləri olan bir mərasim olduğunu göstərir. Tədqiqatçı qeyd edir ki, tarix boyu Kürmük çayının şərəfinə keçirilən, Ay və su kultu ilə bağlı qədim məhsuldarlıq ayininin izlərini daşıyan "Kürmükoba" bayramı öz ilkin mahiyyətini itirməyib, yerli əhali "Kürmükoba" bayramında kökü qədim alban mədəniyyətinə dayanan ümumazərbaycan ənənələrini yaşatmağa nail olmuş, Azərbaycan tarixinin ən erkən mərhələlərində meydana gələn qədim dünyagörüşləri əsrlərin süzgəcindən keçirərək qoruya bilib. Professor M.Paşayevanın fikirləri oxucularımız üçün də maraqlı olacaq. Çünki alim qədim məbəd ətrafında apardığı araşdırma ilə bizi çox mətləblərdən hali edib. Əlbəttə ki, bu gün Kürmük məbədi Azərbaycan dövləti tərəfindən qorunur, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu məbədin qayğısına qalır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.