Bakı sakini Zaqatalada dəm qazından boğulub öldü...

Zaqatalada dəm qazından zəhərlənmə qeydə alınıb. Rayonun Aşağı Tala kəndinə qonaq gələn paytaxt sakininin hamamda meyiti aşkarlanıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda deyilir ki, səhər saatlarında Aşağı Tala kəndində bir nəfərin hamam otağında huşsuz vəziyyətdə aşkar edilməsi barədə məlumat daxil olub. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası göndərilib. Həkimlərə qədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, meyiti aşkar edilən Bakı şəhər sakini 34 yaşlı Sənan Məmmədov ailəsi ilə birlikdə Novruz bayramını qeyd etmək üçün Zaqatalaya gəlibmiş. İlkin ehtimallara görə, o, dəm qazından boğularaq ölüb. Hadisə yerinə rayon hüququ-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Zaqatala rayon prokurorluğunda faktla bağlı araşdırma başlanılıb.
Mətləb