Azərbaycanda cay istehsalını niyə əvvəlki illərdə olduğu kimi artırmaq olmur?

“Bu istiqamətdə bir sıra işlər görülməli və çay becərilməsi ilə məşğul olan fermerlər ucuz istehsal vasitələri ilə təmin edilməlidir”
Ötən il Azərbaycan ərazisində 929.4 ton çay yarpağı yığılıb. Bu da 2018-ci illə müqayisədə 9 ton azdır. Əvvəlki illərlə müqayisədə isə azalma daha çox özünü göstərir. Məsələ ondadır ki, 2016-cı ildə 984,5 ton yaşıl çay yarpağı yığılıb. Qeyd edək ki, Ümumilikdə Azərbaycanda 2018-ci ildə 1136.5 hektar, 2019-cu ildə isə 1140.5 hektar sahəyə çay əkilib. Çay istehsalını əsaslı şəkildə artırmaq mümkün olmadığına görə bu məhsulun idxalı da ilbəil artır. Rəsmi məlumata görə, 2019-cu ildə ölkəyə 14,1 min ton çay idxal edilib. İdxal edilən çayın dəyəri 55 milyon ABŞ dolları olub. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə dəyəri 49,8 milyon dollar olmaqla 12,9 min ton çay idxal edilib. O da məlumdur ki, çayçılığı dirçəltmək üçün bu sahəyə uzunmüddətli kreditlər verilməlidir. Çünki çay uzunömürlü bitki olduğuna görə, onun gəlir gətirməsinə də çox vaxt tələb edilir. Çay bitkisi əkildikdən 7-8 il sonra məhsul verir. Sahibkarın 8-9 ildən sonra əldə edəcəyi çayı satıb krediti ödəyəcəyi vədi banklar tərəfindən ciddi qarşılanmır. Sovet dönəmində çayçılıq kənd təsərrüfatının əsas qollarından biri idi. 300 milyon əhalisi olan SSRİ-nin çaya tələbatının təxminən 8-10 faizi Azərbaycan çayı hesabına ödənilirdi. Azərbaycanın cənub bölgəsində çay emalı ilə məşğul olan 10-dan çox fabrik var idi. Eyni zamanda, Bakıda və Lənkəranda çayı qablaşdıran iki nəhəng fabrik fəaliyyət göstərir, bu müəssisələrdə minlərlə işçi çalışırdı. Sovet dövrü ilə müqayisədə çay plantasiyaları 13 dəfəyədək azalıb. Maraqlıdır, bəs ekspertlər yaranmış vəziyyəti necə dəyərləndirir? Ölkədə çay istehsalını niyə əvvəlki kimi artırmaq mümkün olmur?
Məsələyə münasibət bildirən kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycanda istehsal olunan çayın maya dəyəri yüksəkdir: “Ötən il çay idxalı xeyli artıb. Hesab edirəm ki, çay idxalında maraqlı olan qüvvələr var. Onlar istəmir ki, ölkə daxilində çay istehsalı artsın. Azərbaycanda istehsal olunan çayın maya dəyəri yüksəkdir. Bu da məhsuldarlığın aşağı olması və xərclərin çox olması ilə bağlıdır. Ona görə də bu istiqamətdə bir sıra işlər görülməli və çay becərilməsi ilə məşğul olan fermerlər ucuz istehsal vasitələri ilə təmin edilməlidir. Məsələn, şərait yaradılmalıdır ki, ölkəyə gübrəni təkcə “Aqrolizinq” yox, sahibkarlar da gətirə bilsin. Fermerlərə müəyyən mərhələdə ucuz kredit resursları verilməlidir. Çayçılıq elədir ki, bu sahə bir neçə il gəlir vermir. Müəyyən zaman lazımdır ki, çay kolları böyüsün. Ona görə də fermerlərin istehsal vasitələri ilə təminatda onlara müəyyən yardımlar olmalıdır. Bütün bu işlər görülməlidir ki, Azərbaycan çayının rəqabət qabiliyyəti artsın. Ortada uğurlu Gürcüstan nümunəsi var. Bir müddət orada da çayçılıq tənəzzülə uğramışdı. İndi artıq Gürcüstan bu sahəni inkişaf etdirib və dünya bazarına çay çıxarır. O üzdən, Azərbaycanda bu işlə ciddi məşğul olunsa, çay istehsalı artacaq”.
Vidadi ORDAHALLI