Prezidentdən Azərbaycanı "kredit müstəmləkəsinə" çevirmək istəyən beynəlxalq maliyyə qurumlarına sərt məzmunlu mesaj...

Son illərdə Azəraycanın həyata keçirdiyi enerji layihələrinə beynəlxalq miqyasda da böyük maraq müşahidə olunur. Elə bu səbəbdəndir ki, həmin layihələrə dünyanın aparıcı maliyyə qurumları külli miqdarda vəsait ayırmaqdan belə çəkinmir.
Düzdür, bəzi dairələr qeyd olunan xüsusda ayrılan maliyyə vəsaiti ilə bağlı Azərbaycana müəyyən şərtlər diqtə etməyə çalışdılar. Amma fəaliyyətləri fiaskoya uğradı. Çünki həm Azərbaycanın özünün maliyyə imkanları həmin şərtlərin diqtə olunmasının qarşısını alır, həm də digər alternativ beynəlxalq maliyyə qurumlarından ölkənin kredit almaq imkanları kifayət qədər böyükdür. Yanvarın 10-da prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu xüsusda "Cənub Qaz Dəhlizi"nin timsalında çox maraqlı məqamlara toxundu. Dövlət başçısı xatırlatdı ki, bu il "Cənub Qaz Dəhlizi"nin yaradılması ilə bağlı çox böyük işlər görüləcək: "Bu nəhəng layihəni maliyyələşdirmək üçün bizim kifayət qədər öz vəsaitimiz var. Beynəlxalq maliyyə qurumları da bu layihəyə vəsait ayırırlar... Əgər kimsə düşünürsə ki, bu layihənin icrası ilə bağlı bizdə problem olacaq, o səhv edir. Mən nəyə görə bunu deyirəm? Çünki bilirəm ki, bəzi siyasi dairələr neftin qiymətinin düşməsi ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək deyirlər ki, Azərbaycanın indi pulu azalıb, Azərbaycan indi ağır, çətin vəziyyətə düşüb, "Cənub Qaz Dəhlizi"ni maliyyələşdirmək üçün pulu yoxdur, ona görə gəlin Azərbaycana təzyiq edək, öz tələblərimizi qoyaq, öz maraqlarımızı təmin edək ki, o şərtlə biz Azərbaycana kredit verə bilərik. Bax bu, keçən il ərzində müşahidə edilən mənzərə idi, çox ucuz, necə deyərlər, çox ləyaqətsiz hərəkətlər idi.
İlk növbədə, heç bir kənar qüvvə bizi istəmədiyimiz layihəyə cəlb edə bilməz, bu birincisi. Bizim üçün əsas dövlətimizin, xalqımızın maraqlarıdır. İkincisi, heç kim bizə heç nəyi diqtə edə bilməz... Onu da qeyd etməliyəm ki, biz təkcə Avropa maliyyə qurumları ilə işləmirik, biz Asiya maliyyə qurumları ilə də işləyirik və daha da səmərəli işləyirik, daha asan yolla vəsait əldə edirik. Misal üçün, Asiya İnkişaf Bankı bu layihəyə böyük vəsait ayırır, özü də qısa müddət ərzində. Asiya İnfrastruktur Bankı da - biz özümüz də bu bankın təsisçisiyik - qısa müddət ərzində böyük vəsait ayırıb. Bu qaz Asiyaya getməyəcək, Avropaya gedəcək, ancaq vəsaiti biz Asiyadan alırıq. Ona görə, əgər kimsə düşünürsə ki, biz indi çətin, çıxılmaz vəziyyətdəyik və bizim qarşımızda hansısa əsassız tələb qoyula bilər, tamamilə yanlış yanaşmadır. Heç kim bizim qarşımızda heç bir tələb qoya bilməz. İstəyirlər əməkdaşlıq etsinlər, istəmirlərsə bizə də lazım deyil. "Cənub Qaz Dəhlizi"ni biz icra edəcəyik və vaxtında".
Həqiqətən də Azərbaycan "Cənub Qaz Dəhlizi"ni həyata keçirmək üçün böyük maliyyə imkanlarına malikdir. Digər tərəfdən, qeyd olunduğu kimi, beynəlxalq maliyyə qurumlarının da layihəyə marağı böyükdür. Məsələn, Prezidentin barəsində bəhs etdiyi Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) "Cənub Qaz Dəhlizi"nin əsas tərkib hissəsi olan TANAP üçün ayırdığı krediti yanvarın 10-da təsdiq edib. Kreditin məbləği 600 milyon ABŞ dollarıdır. Qeyd edək ki, bu, AİİB-in Dünya Bankı Qrupu ilə birgə maliyyələşdirdiyi multimaliyyələşmənin bir hissəsidir. AİİB-in vitse-prezidenti və investisiyalar üzrə baş meneceri Dej Pandian isə deyib ki, TANAP enerji bazarında əsas oyunçuların aktivliyini artıracaq: "TANAP Asiya ilə Avropa arasında enerji infrastrukturunun möhkəmlənməsinə, Azərbaycanın iqtisadi gücünün daha da artmasına təsir edəcək. Azərbaycan Türkiyənin və bir sıra Cənubi Avropa ölkələrinin enerji təhlükəsizliyində əsas rol oynayır". Xatırladaq ki, 2016-cı il dekabrın 20-də Dünya Bankının Direktorlar Şurası TANAP-a 800 milyon dollarlıq kredit ayrılmasına dair qərar qəbul edib. Qərara görə, həmin vəsaitin 400 milyon dollarlıq hissəsini Azərbaycan dövlətinin zəmanətilə "Cənub Qaz Dəhlizi" QSC, digər hissəsini isə Türkiyə dövlətinin zəmanətilə BOTAŞ şirkəti əldə edib. Dünya Bankının TANAP layihəsinə ayırdığı 800 milyon ABŞ dolları dəyərində olan kredit 30 il müddətinə verilib. Bankın vitse-prezidenti Siril Muller deyib ki, təmsil etdiyi qurum "Cənub Qaz Dəhlizi"nə kredit ayırmaqdan məmnundur: "TANAP rəqabətə şərait yaradacaq, Azərbaycan və Türkiyə əhalisi üçün yeni iqtisadi imkanlar yaradacaq. O, həmçinin regional ticarəti, əlaqələrin inkişafını və Avropa və Türkiyədə enerji təhlükəsizliyinin təmin edilməsini dəstəkləyəcək".
Belə bir vaxtda Çoxtərəfli İnvestisiya Təminatı Agentliyi (MIGA) TANAP layihəsinə ayrılan investisiyalar üzrə 1,2 milyard dollar dəyərində zəmanətini təsdiq edib. Qeyd edək ki, MIGA-nın bu zəmanəti TANAP-a digər maliyyə mənbələrindən cəlb edilən kredit resurslarının ucuzlaşmasına imkan verəcək. Xatırladaq ki, MIGA Dünya Bankı Qrupuna daxildir və əsas funksiyası inkişafda olan ölkələrdə birbaşa xarici investisiyaların təşviq edilməsidir. TANAP-a təxminən 4 milyard dollar məbləğində vəsait cəlb ediləcəyi gözlənir. Bunun böyük hissəsi isə artıq ayrılıb. Elə bu da layihənin maliyyələşməsində hansısa problem olmayacağını aydın surətdə nümayiş etdirir.
Nahid SALAYEV