Rusiyanın nəhəng şirkətləri Azərbaycanla yeni enerji əməkdaşlığında...
.jpg?v=1520254601)
Belə ki, Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) və "Rosneft" arasında Azərbaycan, Rusiya və üçüncü tərəf ölkələrdə neft və qaz yatağının tədqiqi və hasilatı ilə məşğul olacaq birgə müəssisənin təsis edilməsi haqqında müqavilə imzalanıb. Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində sənədi Azərbaycan tərəfdən ARDNŞ prezidenti Rövnəq Abdullayev, Rusiya tərəfdən isə "Rosneft"in rəhbəri İqor Seçin imzalayıb. Forum çərçivəsində "Rosneft", həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin "MDC Oil & Gas Holding Company LLC" şirkəti ilə geoloji təlim, axtarış, hasilat və karbohidrogen satışı sahələrində strateji əməkdaşlıq haqqında, Hindistanın "ONGC Videsh Ltd." şirkəti ilə Rusiyanın arktik şelfdə əməkdaşlıqla bağlı qarşılıqlı anlayış haqqında memorandum, Venesuelanın PDVSA neft-qaz şirkəti ilə ixracat üzrə kommersiya müqaviləsi və bu müqavilə, eləcə də əvvəlcədən ödənişin edilməsi haqqında zəmanət imzalayıb. Beləliklə, ARDNŞ və "Rosneft"in birgə əməkdaşlığı kifayət qədər geniş bir coğafiyanı əhatə edəcək. Bundan əvvəl əldə olunan razılığa əsasən, tərəflər neftin və qazın müxtəlif ölkələrdə, o cümlədən Rusiya və Azərbaycanda neft və neft məhsullarının satışı sahəsində birgə əməliyyatlarda əməkdaşlıq etmək haqqında razılığa gəlib. Bu məqsədlə tərəflər birgə müəssisə yaradacaq. Bundan başqa, "Rosneft" və ARDNŞ arasında bir sıra infrastruktur obyektləri, o cümlədən boru kəmərləri və terminallardan birgə istifadə haqqında razılıq da əldə edilib.
"Rosneft" Rusiyanın Azərbaycanla son günlərdə neft sektorunda əməkdaşlığa başlayan ikinci böyük şirkətidir. Bundan əvvəl analoji addımı "LUKoil" şirkəti atıb. "LUKoil" şirkəti Xəzərdə hasil etdiyi 30 min ton həcmində neftin Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə sınaq tədarükünü həyata keçirib. Şirkətin rəhbəri Vahid Ələkbərovun sözlərinə görə, şirkət hazırda tədarük həcmlərini artırmağı planlaşdırmır. Qeyd edək ki, "LUKoil" Xəzərdə 2010-cu ildə neft hasilatına başlanılan Yuri Korçagin adına yatağının işlənməsi ilə məşğul olur. Yataqda hasilat ildə 1,5 milyon ton neftə çatır.
Bütün bunlar bir daha enerji sektorunda Rusiya - Azərbaycan əməkdaşlığını artırır. Təbii qaz sahəsində də iki ölkə arasında əməkdaşlıq davamlı şəkildə genişlənir. Şimal marşrutu bu xüsusda mühüm rol oynayır. Xatırladaq ki, 2007-ci ildən Azərbaycan da qaz ixrac edən ölkələr sırasına daxildir və bu sıraya şimal qonşumuz da aiddir. Azərbaycanla Rusiya arasında qaz alqı-satqısına dair müqavilə "Qazprom"la ARDNŞ arasında 2009-cu il oktyabrın 14-də bağlanıb. Müqavilə sonradan uzadılma imkanı ilə 2010-2015-ci illəri əhatə edir. Həmin müqavilə əsasında Azərbaycan 2010-cu ilin yanvarında Rusiyaya qazın nəqlinə başlayıb. Həmin il Rusiyaya 800 milyon kubmetr Azərbaycan qazı nəql edilib. Sonradan qaz nəqlinin həcmi artırılıb, 2012-ci ildə bu rəqəm 2 milyard kubmetrə çatdırılıb. Ötən ildə də bu həcmdə qaz nəql olunub.
Qeyd edilənlər şimal qonşumuzla enerji sahəsində sıx əlaqələrin yarandığını göstərir. Özü də bunlar Ukraynada məlum olaylardan sonra özünü qabarıq büruzə verir. Ölkəmiz paralel olaraq Qərblə də əməkdaşlığını dərinləşdirir. Bunun fonunda "Cənub dəhlizi" layihəsinin də əhəmiyyəti artıb. Artıq Qərb siyasətçiləri və ekspertləri bu barədə açıq danışır. Şübhəsiz, həmin məsələdə Azərbaycanın rolu ayrıca maraq doğurur. Bakı əvvəlcədən bu layihənin vacibliyini vurğulayırdı və ona dəstək verirdi. Avropanın əsas tərəfdaşı olan Vaşinqton da Avropanın neft və qazla təminatında Azərbaycanın rolunun artmasını istəyir. Bu kontekstdə "Cənub dəhlizi" adlanan layihənin aktuallığı çoxalıb. Məlumdur ki, bu layihədə Azərbaycanın xüsusi yeri var. İdeya Avropaya məxsus olsa da, Bakı əvvəlcədən onu dəstəkləmişdi. Azərbaycan, "Nabukko"dan fərqli olaraq, bu marşrutun daha səmərəli olduğunu bildirmişdi. İndi baş verən hadisələr göstərir ki, rəsmi Bakı bu məsələdə tam haqlıdır. Belə vəziyyət həm də Qərbin, eyni zamanda Rusiyanın enerji sektorunda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməyə başladığını üzə çıxarır.