Mərkəzi Bankın sərtliyi bir neçə bankı sıradan çıxara bilər
.jpg?v=1520254601)
.jpg)
Məsələn, baş bankir bildirib ki, "Bank of Azərbaycan"ın likvidlik problemi var".
Elman Rüstəmov qeyd edib ki, hazırda bankın sahibləri və səhmdarları ilə Mərkəzi Bank arasında danışıqlar aparılır: "Bu problemin aradan qaldırılması istiqamətində işlər görülür". E.Rüstəmov haqqında məhkəmə qərarı olan "Kövsər bank"la bağlı deyib ki, Mərkəzi Bank "Kövsər Bank"ın kreditləşmə proqramına baxacaq və bu proqram məqbul sayılacaqsa, bank fəaliyyətini davam etdirəcək. Qeyd edək ki, hazırda bu bankda da likvidlik problemi yaşanır. Özü də bütün bunlar o fonda baş verir ki, cari ilin sonuna kimi bütün bankların minimum nizamnamə kapitalı 50 milyon manata çatmalıdır. Lakin belə görünür ki, bankların heç də hamısı bu tələbə əməl edə bilməyəcək və bu halda müflis ola biləcək bankların sayı arta bilər
Araşdırmalara görə, hazırda Azərbaycanda 6 bank zərərlə işləyir və onlar öz xərclərini ödəyə bilmir. Ekspertlərin fikrincə, bank zərərlə işləyirsə, deməli gəliri azdır. İqtisadçı Samir Əliyev isə qeyd edir ki, belə olan halda həmin banklar əmanətlər üzrə götürdüyü öhdəliyi yerinə yetirməkdə çətinlik çəkə bilər, yəni müflisləşməyə doğru gedir: "Buna görə də bu banklar ya birləşməli, ya da müflisləşdiyini elan etməlidir. Bundan əlavə, bu ilin sonuna qədər Mərkəzi Bankın məcmu kapitalını yerinə yetirmək üçün qoyulan tələb yerinə yetirilməlidir. Bildiyiniz kimi, banklara məcmu kapitalını minimum 50 milyon manata çatdırılması tapşırılıb. Hazırda bu tələbi yerinə yetirməkdə çətinlik çəkən maliyyə təşkilatları mövcuddur. İlin sonunda Mərkəzi Bank müddəti uzatmasa, onların bağlanmasının şahidi olacağıq. Bu zaman qoyulan əmanətlərə təhlükə yarana bilər. Məncə, bu məsələdə əmanətçilərin özləri daha diqqətli olmalıdır. Təbii ki, bu barədə daha dəqiq rəqəm ilin sonunda məlum olacaq. İndiki şəraitdə isə bir neçə bankın bağlanması gündəmdədir".
Xatırladaq ki, Mərkəzi Bank kommersiya banklarının 2013-cü ilin sonunadək öz minimum nizamnamə kapitallarını 10 milyon manatdan 50 milyon manatadək artırması tələbini 1 il müddətinə uzadıb. Ötən 2 ildə problemli bankların birləşdirilməsi və ya statusların dəyişdirilməsi məsələsini həll edə bilməyən Mərkəzi Bank özü də, ekspertlərə görə, 2014-cü ildə bu məsələyə nöqtə qoymağa çalışır. Bununla zəif bankların fəaliyyətinin dayandırılması nəzərdə tutulur. Bundan sonra əsas hədəfin faiz dərəcələrinin aşağı salınmasına yönələcəyi gözlənir. Mərkəzi Bankın 4,25 faizlik uçot stavkası kommersiya kreditlərinin faiz dərəcəsindən 4 dəfə azdir. Bu isə iqtisadi baxımdan anormal balansdır. Hazırda Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcmi bankların cəlb etdiyi kreditlərin cəmi 7 faizini təşkil edir. Bu da bankların vəsaitlərin 93 faizini kənardan cəlb etmələri deməkdir. Bu baxımdan, kənar mənbələrin sayının çox olması cəlb edilən kredit resurslarının bahalı olmasına səbəb olur ki, son nəticədə kredit faizləri yüksəlir. Gözlənir ki, Mərkəzi Bank bu məsələdə də yeni siyasətə başlasın və banklara verdiyi kreditin həcmini artırsın. Xatırladaq ki, banklarda faiz dərəcəsinin yüksək olmasının səbəblərindən biri də yerli bankların beynəlxalq kredit reytinqinin yüksək olmaması ilə bağlıdır. Beynəlxalq kredit reytinqinin yüksək olmaması bankalara birbaşa kredit resurslarına müraciət etmək şəraitini yaratmır. Banklar adətən vasitəçilər tapmaqla kredit resursları əldə etməyə çalışırlar. Bu da fazilərin artımına təsir edir. Belə ki, bu zaman cəlb edilən faizlərin üzərinə əlavə vasitəçi faizi əlavə edilir ki, bu da kredit xərcini artırır. Buna görə də, mərkəzləşdirilmiş kredit həcmini artırmaqla Mərkəzi Bank bankların kredit xərclərinin azalmasına və faiz dərəcələrinin aşağı düşməsinə nail ola bilər. Təbii ki, bütün bunlar zəif bankların dövriyyədən çıxmasından sonra reallaşa bilər.