Çinlə “Kəmər, yol” layihəsi üzərində Azərbaycanın maraqlı biznes planları var...

Vüqar Bayramov: “Bu, marşrut üzərində biznesin qurulması daha çox divident deməkdir”
Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib ki, hədəfimiz “Kəmər, yol” marşrutu üzərində biznes qurmaqdır:
“Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda daha çox payımızın olmasını istəyirik. “Kəmər, yol” layihəsinə gəlincə, bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq. Cəmi bir həftədən də az vaxt bundan əvvəl biznes-forumda hər iki ölkədən müxtəlif şirkətlər iştirak edirdilər, onlar Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair sazişlər imzaladılar. Bu gün mən həmkarlarıma söylədim ki, bu, bizim üçün yaxşı göstəricidir. Lakin düşünürəm ki, bu göstərici daha böyük ola bilər”.
Ümumilikdə, “Kəmər, yol” marşrutu üzərində biznesin qurulmasının iqtisadi əhəmiyyətini ekspertlər necə dəyərləndirir?
“Hesab edirəm ki, Çin şirkətlərinin buna töhvə vermə potensialı böyükdür”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin genişlənməsinə dəstək olan ölkələrdəndir: “Bu konteksdən təbii ki, bir tərəfdən həm bu istiqamətdə sərmayə qoyuluşlarında artımlar var. Həm də bu, digər tərəfdən daha çox yüklərin Azərbaycan və region üzərindən daşınmasına imkan yaradır. Ona görə də biz birmənalı şəkildə Azərbaycanın həm regional layihələrdə, eləcədə beynəlxalq yükdaşımalarda daha yaxından iştirakını müşahidə edirik. “Kəmər, yol” layihəsi də, Azərbaycanın dəstəklədiyi layihələrdən biridir. Çünki nəticə etibarı ilə bu, daha çox yüklərin region və ölkə üzərindən daşınmasına zəmin yaradır. Vacib məqamlardan biri Azərbaycanın “Kəmər, yol”, həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı həyata keçirdiyi investisiya qoyuluşlarıdır. Bu da təbii ki, nəticə etibarı ilə Azərbaycanın geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, həm də region üzərindən daha çox yüklərin daşınmasına stimul verəcək. Azərbaycanın beynəlxalq yükdaşımalardan dövlət gəlirlərinin artmasına imkan yaradır. “Kəmər, yol” marşrutu üzərində biznesin qurulması daha çox divident deməkdir. Yəni bu marşrut boyunca qurulan istehsalat və xidmət sahələri bundan faydalana bilər. Burda yerli sərmayə ilə yanaşı, xarici sərmayələrin iştirakı vacibdir. Hesab edirəm ki, Çin şirkətlərinin buna töhvə vermə potensialı böyükdür”.
Vidadi ORDAHALLI