Qızıl dükanları milyardlarla manat vergidən qaçır... Necə?

Xalid Kərimli: "Qızıl satışı ilə məşğul olanlar qəbz verməməklə qanunu pozurlar, vergidən yayınırlar"
Qızıl məmulatları alınarkən mütləq əksər hallarda satıcılar tərəfindən kassa qəbzi verilmir. Bu isə qanun pozuntusu və vergidən yayınma sayılır.
Qeyd edək ki, pərakəndə satış malların alıcıya satışı Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Buna qarşı çıxanlar satış olduğu halda, qəbz verməyənlər qanunvericiliyin tələbinə uyğun olaraq cəzalandırılır. Belə ki, nəzarət-kassa aparatları və POS-terminallar vasitəsilə aparılan hesablaşmalarda qəbzin təqdim olunmaması vergi qanunvericiliyinin pozulması sayılır. Məlumat üçün bildirək ki, bu hal ilk dəfə aşkarlanarsa, 1000, ikinci dəfə 3000, üç və daha çox təkrarlandığında 6000 manat cərimə tətbiq olunur
"Pərakəndə ticarət müəssisəsi ödənişin nağd və ya nağdsız edilməsinə baxmayaraq müştəriyə qəbz verməlidir"
Mövzu ilə bağlı fikir bildirən iqtisadçı Xalid Kərimli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, pərakəndə ticarət müəssisəsi ödənişin nağd və ya nağdsız edilməsinə baxmayaraq müştəriyə qəbz verməlidir: "Təəssüf ki, bəzi pərakəndə ticarətlə məşğul olanlar qəbz vermir. Bu hal daha çox qızıl satışında müşahidə olunur. Qızıl satışı ilə məşğul olanlar qəbz verməməklə qanunu pozurlar, vergidən yayınırlar. Məlumdur ki, rüblük dövriyyəsi 2000 manatdan yuxarı olan istənilən pərakəndə ticarət müəssisəsi mütləq kassa aparatları və POS-terminallar quraşdırmalıdır. Yaxşı olar ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu sahəyə nəzarəti artırsın. Satış olduğu halda, qəbz verilməməsinə görə cərimə məbləği artırılsın. Bununla yanaşı, alıcıların da üzərinə böyük məsuliyyət düşür, onlar aldığı məhsulun qəbzini tələb etməlidir".
Həmsöhbətimiz onu da əlavə etdi ki, nağdsız ödənişlər haqqında" Qanuna görə, dövriyyə 15 min manatdan yuxarıdırsa, bu şərtlər daxilində ödəniş mütləq nağdsız qaydada həyata keçirilməlidir. Bu, qanunvericiliyin tələbidir".
Günel CƏLİLOVA