Bəndər Abbas bağlandı - Azərbaycan nə qədər qazanc itirə bilər...

Aprelin 26-da İranin Bəndər Abbas səhərində güclü partlayış baş verib. Partlayış güclü yanğına səbəb olub. Şəhid Rəcai limanında törədilən partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb, 1000-dən çox insan yaralanıb.
Hörmüzqan əyalətinin qubernatoru yanında fövqəladə halların idarə edilməsi şöbəsinin rəhbəri Mehrdad Həsənzadə bildirib ki, bəzi konteynerlərdə olan bitum və kimyəvi maddələr limanın şərq hissəsində ikinci yanğına səbəb olu.
Faciənin baş verdiyi Hörmüzqan əyalətində üç günlük matəm elan edilib, bazar ertəsi isə bütün İranda milli matəm günü elan edilib.
Şəhid Rəcai limanında baş erən partlayış nəticəsində işlərin dayandırılması Şimal-Cənub dəhlizinin işinə necə təsir edəcək?
Sədrəddin Soltan: "...hadisənin nəticələri müxtəlif layihələrin icrasına mənfi təsir edə bilər"
"Bakı-Xəbər" qəzetinin sualını cavablandıran politoloq Sədrəddin Soltan deyib ki, Şimal-Cənub dəhlizinin əsas işi İranın Astara və Rəşt şəhərləri arasında nəqliyyat infrastrukturunun yaradılmasıdır: "İran uzun müddət Rəşt-Astara dəmir yolununu tikintisini müxtəlif səbəblərlə uzadır.
Şəhid Rəcai limanında baş verən hadisə isə bir qədər fərqlidir. Bu texniki təhlükəsizlik məsələsidir. Hadisə sübut edir ki, İran da daxil olmaqla hec bir dövlət bu tip hadisələrdən sığortalanmayıb. Vaxtilə Tehran hakimiyyəti bildirirdi ki, ABŞ və İsraili regionda onun müxtəlif energetika və nüvə obyektlərini, o cümlədən də hərbi bazalarını partladacağı ilə hədələyir. Bu hadisə rəsmi Tehranin nüvə obyeklərini hədəfə alan İsrailə, ABŞ və İranın özünə bir örnəkdir. Yəni bu cür hadisə istənilən ölkənin ərazisində baş verə bilər. Bu göstərdi ki, baş verən hadisə böyük fəlakətə səbə ola bilər.
Hörmüzqan əyalətinin Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ərazidəki kimyəvi-radioaktiv maddələrin törədəcəyi fəsadların miqyası hələ məlum deyil. Əgər bu İranın istənilən nüvə obyektində baş versəydi, İran və region üçün daha böyük fəsadların şahidi olardıq. Odur ki, bu məsələyə yalnız Şimal-Cənub dəhlizinin reallaşmasına təhlükə kimi yanaşmaq məsələni bir qədər kiçiltmək hesab olunardı.
İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei hadisəyə dərhal münasibət bildirməyib. Hadisə aprelin 26-da baş verib, Əli Xamenei aprelin 27-də verdiyi açıbqlamada bu yanğını kədər və narahatlıq yaradan bir hadisə adlandırıb. Əli Xamenei sosial şəbəkə hesabında yazıb ki, təhlükəsizlik və ədliyyə məmurları hərtərəfli araşdırma aparmağa, istənilən səhlənkarlıq və qəsdən edilmiş hərəkəti üzə çıxarmağa, nizam-intizam əsasında onu təqib etməyə borcludurlar. Ali rəhbər onu da qeyd edib ki, rəsmi Tehranın səlahiyyətli nümayəndələri acı və zərərli hadisələrin qarşısını almağa borclu olmalıdırlar. Bu onu göstərir ki, hadisənin baş vermə səbəbi hələ məlum deyil. Hadisə qəsdən də törədilə bilər, texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən də baş verə bilər. Bütün hallarda bu hadusə baş verib və hadisənin nəticələri müxtəlif layihələrin icrasına mənfi təsir edə bilər. Bu hadisə həm də bütövlükdə İranın təhlükəsizlik məsələsinə aiddir. Hadisə İranın qatıldığı bütün layihələrə təhlükəsizlik problemi yaradır. Hadisə göstərir ki, Tehran hakimiyyəti nüvə və digər strateji obyektlərinin qorunmasında problemlər yaşayır - bunu təmin edə bilmir.
Akif NƏSİRLİ