Büdcə pulları şəxsi banklara yönəldiləcək - Maliyyə Nazirliyinin islahatı risqli görünür...

Xəbər verildiyi kimi, Maliyyə Nazirliyi banklarda yenidən depozit yerləşdirib. Nazirlik dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması üçün xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda yerləşdirdiyini bəyan edib. Belə ki, fiskal qurum vahid xəzinə hesabının 500,0 milyon manat həcmində sərbəst qalığını kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini açıqlayıb.
Maraqlıdır,büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi nədən xəbər verir? Ümumiyyətlə, büdcə vəsaitlərinin banklara depozit kimi yerləşdirilməsində şəffaflıq normalarının nə kimi pozuntu təhlükəsi var? Zəmanət varmı ki, həmin vəsait kiminsə dostunun tanışının bankına yönəlmiyəcək?
Əkrəm Həsənov: “Həmin banklarda büdcə vəsaitinin şəffaflıqla istifadə olunacağı da şübhə yaradır”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu vəziyyət qeyri-adidir. Məlumdur ki, əvvəllər Maliyyə Nazirliyinin özü qiymətli kağız buraxırdı və faizlər də aşağı idi: “İndi isə əksi baş verir. Maliyyə Nazirliyinin məqsədi daxildə qazanc əldə etməkdir, bununla da bu qurum bank sektoruna təsir edir. Dövlət Maliyyə Nazirliyinin əli ilə bank sektorunda faizlərə, likvidliyə müdaxilə edir. Məncə, bu məsələ ilə bağlı Maliyyə Nazirliyi ilə Mərkəzi Bankın funksiyaları toqquşur”.
Ekspert hesab edir ki, dövlət vəsaitləri kommersiya banklarına yerləşdirilirsə, bu mütanasib qaydada yerləşdirilməlidir: “4-5 bankın seçilməsi insanlarda istər-istəməz şübhəyə səbəb olacaq. Belə ki,vətəndaşlara, sahibkarlara çağırış edilir ki, bütün banklara əmanət yatırın, ancaq dövlətin 4-5 banka vəsait qoyması şübhəyə səbəb olacaq. Vətəndaşlar haqlı olaraq irad bildirə bilər ki, dövlət o banklara etibar etmirsə, biz niyə onlara pul yatıraq? Bu yanaşmanı da nəzərə almaq lazımdır? Həmçinin, həmin banklarda büdcə vəsaitinin şəffaflıqla istifadə olunacağı da şübhə yaradır”.
Eldəniz Əmirov: “Bu depozitlər təkcə sistem əhəmiyyətli banklara deyil, müəyyən mütənasiblik mexanizmləri ilə digər banklara da etibar edilməlidir”
Iqtisadçı Eldəniz Əmirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Maliyyə Nazirliyi yerləşdirdiyi bu vəsaitləri qısa müddətə – əsasən 1-3 ay intervalları ilə yerləşdirir. Qısa müddətli depozitlərin uzunmüddətli kredit faizlərinə davamlı təsir göstərməsi mümkün deyil: “İqtisadi prososlər isə reallıq üzərində qurulmalıdır, qeyri-realist gözləntilər isə yanlış qərar və ümidlərə səbəb ola bilər. Məlumdur ki, Maliyyə Nazirliyinin əsas vəzifələrindən biri dövlət büdcəsinin səmərəli idarə edilməsidir. Buna görə müstəqillik dönəmindən bəri ilk dəfə atılan bu addımı Maliyyə Nazirliyinin yeni komandasının tamamilə doğru addımı hesab edirəım. Sadəcə növbəti illərdə bu depozitlər təkcə sistem əhəmiyyətli banklara deyil, müəyyən mütənasiblik mexanizmləri ilə digər banklara da etibar edilməlidir”.
Günel CƏLİLOVA