İri bankların "pensiya monopoliyasına" son qoyulur...

Natiq Cəfərli: “Bu qərar bank sisteminin inkişafına səbəb olacaq”
Məlum olduğu kimi, Mərkəzi Bankın sədri Taleh Kazımov bir neçə gün əvvəl iqtisadçı ekspertlərlə görüş keçirib. 4 saata yaxın davam edən görüşdə bir çox iqtisadçı ekspertlər iştirak edib.
Görüşdə müzakirə edilən məsələlərdən biri də pensiya ödənilməsi qaydalarında dəyişikliyin edilməsidir. Qeyd edilib ki, artıq bu ödənişlərin sırf iri banklar vasitəsilə verilməsinə son qoyulacaq.
Məlumdur ki, bu gün əmək haqqı və pensiya verilişi az sayda bankların kartı tərəfindən təklif edilir. Yeni qayda ilə vətəndaşlar seçmək hüququna malik olacaqlar, onlar istədiyi bank vasitəsilə pensiya ödənişini əldə edəcək.
Maraqlıdır, bu dəyişiklik vətəndaşlara və banklara necə təsir edəcək?
Iqtisadçı ekspert Natiq Cəfərli baki-xeber.com-a bildirdi ki, bu qərar bank sisteminə müsbət təsir edəcək: “Məlum idi ki, vətəndaşlar istənilən bankdan maaş və təqaüdlərini ala bilmirdilər. Belə ki, bir sıra banklarda şərtlər yaxşı olsa da, vətəndaşlar iri banklarla müqavilə bağlamağa məcbur idilər. Ancaq indi vəziyyət dəyişir, kiçik banklara da şərait, imkan yaranır. Beləliklə, hər bir kəs öz təqaüdünü, maaşını istənilən banka keçirə biləcək. Bu bank sistemi üçün olduqca müsbət hadisədir. Kiçik banklar üçün yeni fürsət yaranacaq. Həmçinin, Mərkəzi Bankın bu addımı bank sektorunda rəqabəti yaxşılaşdıracaq. Eyni zamanda, vətəndaşlar üçün də bu qayda olduqca rahat və sərfəli olacaq”.
Günel CƏLİLOVA