Banklarda müştəri böhranı var - Taleh Kazımov iqtisadçılarla müzakirə apardı…

Əkrəm Həsənov: “Problemin yaranmasına səbəb vətəndaşların bank sisteminə inamsızlığı ilə bağlıdır”
Məlum olduğu kimi, aprelin 23-də Mərkəzi Bankın sədri Taleh Kazımovla iqtisadçıların növbəti görüşü keçirilib. 9 iqtisadçının iştirak etdiyi görüşdə sədr bank sistemi ilə bağlı bir neçə məsələyə toxunub.
Sədrin toxunduğu məsələlərdən biri unikal əmanət hesabları ilə bağlı olub. O, cəmi 150 min vətəndaşın əmanət hesabının olduğunu deyib. Taleh Kazımov bu rəqəmin azlığından şikayətlənib.
Qeyd edək ki, Azərbaycanda müddətli müqavilə ilə banka əmanət yerləşdirən şəxslərin sayı 150,5 min nəfərə çatıb. Bu, son bir ildə 41 faiz artım deməkdir. Bu cür əmanətçilərə unikal əmanətçilər deyilir.
Maraqlıdır, bank sistemində unikal müştəri sayının azlığının səbəbi nədir?
“Bu günün bank sistemi Elman Rüstəmova məxsusdur, onun bank sistemini nə hala qoyduğu hamının gözü qarşısındadır”
Məlum görüşdə iştirak edən iqtisadçı Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Mərkəzi Bank sədri ilə görüş zamanı açıq müzakirə oldu, hətta həmişəkindən bir qədər gərgin keçdi: “Mərkəzi Bankın sədri isə ildə iki dəfə bu cür görüşlər keçirir və hər dəfə də bütün suallara dolğun cavablar verir. Razılaşdığımız və razılaşmadığımız məqamlar var, amma dialoqun olması müsbət haldır. Digər dövlət qurumlarına ibrət olsun. Görüş zamanı müzakirə olunan məsələlərdən biri də unikal müştəri sayının azalması idi. Taleh Kazımov unikal müştəri sayının azalmasından şikayətləndi. Əvvəl bu rəqəm çox az olub, amma son dövrlərdə artıb. Taleh Kazımov dedi ki, hazırda bank sistemində unikal müştəri sayının artması ilə bağlı iş gedir. Bu problemin yaranmasına səbəb vətəndaşların bank sisteminə inamsızlığı ilə bağlıdır. Məlum banklara etimad azalıb, insanların çoxu pulunu evdə saxlayır. Bu da başa düşüləndir. Bu günün bank sistemi Elman Rüstəmova məxsusdur. Onun bank sistemini nə hala qoyduğu hamının gözü qarşısındadır. Bu sistemə etimad az olub. Əmanətçilərinin sayının yetərincə olmaması əhalinin çox hissəsinin gəlirinin aşağı olması ilə bağlıdır. Orta statistik azərbaycanlının həm özünü təmin etməsi, həm də pul yığıb banka qoyması çətindir”.
Günel CƏLİLOVA