Bakı-Tbilisi-Qars dəmiryolu ilə neft məhsulları daşınacaq...

Vüqar Bayramov: “Bu layihə reallaşarsa daha çox məhsulun daşınmasına və dəmir yolunun effektinin artmasına səbəb olar”
Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə neft məhsullarının daşınmasını nəzərdən keçirir. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri Emil Məmmədov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Nəqliyyatı Forumu”nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın neft sahəsində mövcud infrastrukturu ölkəni həm xam neftin, həm də neft məhsullarının istehsalı və tədarükündə regionun əsas oyunçularından birinə çevirib.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildə istismara verilib və Çin ilə Avropa arasında daha qısa və sürətli nəqliyyat bağlantısı yaratmaq məqsədi daşıyır. Bu marşrut, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində mühüm bir halqadır.
“Neft məhsullarının sözügedən xətt vasitəsilə həm Gürcüstan, həm Türkiyə və digər ölkələrin bazarlarına çıxarılması rentabellidir”
Neft məhsullarının daşınmasi üçün yeni marşrutun əhəmiyyəti haqqında fikir bildirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə xam neft, neft məhsulları daşınacaq: “Nəzərə almaq lazımdır ki, neft məhsullarının bir qismi dəmir yolu xətti ilə daşınır. Bu səbəbdən də Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti 1 milyondan 5 milyona tona çatdırıldığını nəzərə alsaq, neft məhsullarının sözügedən dəmir yolu ilə daşınması realdır. Bu layihə reallaşarsa daha çox məhsulun daşınmasına və dəmir yolunun effektinin artmasına səbəb olar”.
Millət vəkili hesab edir ki, neft məhsullarının sözügedən xətt vasitəsilə həm Gürcüstan, həm Türkiyə və digər ölkələrin bazarlarına çıxarılması rentabellidir. Yaxın zamanlarda bu istiqamətdə real addımların atılacağı istisna deyil: “Ümumiyyətlə, yeni marşrutlar, yeni imkanlar deməkdir. Nəqliyyat xərcləri aşağı olar. Bu da ölkəmiz üçün faydalıdır”.
Günel CƏLİLOVA