BVF Azərbaycanla bağlı bu bədbin proqnozu haradan çıxarıb...

Natiq Cəfərli: “Azərbaycanda gizli işsizlik var və bu daha çoxdur”
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda işsizliyin 2027-ci ilə qədər sabit qalacağını gözləyir. Yenilənmiş "World Economic Outlook" hesabatına əsasən, ölkədə işsizlik səviyyəsi həm 2025, həm də 2026-cı illərdə 5,3% təşkil edəcək.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu rəqəm BVF-nin hesablamalarına görə 5,4% təşkil edib.
Maraqlıdır, Beynəlxalq Valyuta Fondunun proqnozu nə dərəcədə realdır?
“İşsizliyin aradan qaldırılmasının ən rahat və ən yaxşı yolu investisiya mühitinin yaxşılaşdırılmasıdır”
Iqtisadçı Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanla bağlı məlumatları daha rəsmi statistik qurumlardan alır, öz metodologiyasına uyğun olaraq da hesablayır: “İşsizlik rəsmi qeyd edilən səviyyədədir. Doğrudan da Azərbaycanda işsizliyin çox yüksək səviyyədə olduğunu demək mümkün deyil. Onu da deyim ki, Azərbaycanda boz iş sahəsi də var. Boz iş sahəsi dedikdə, rəsmi iş yeri olmayan, ancaq gündəlik, aylıq qazancları var. Bu da statistikaya təsir edir və ümumi işsizlik səviyyəsini göstərir”.
Həmsöhbətimiz hesab edir ki, Azərbaycanda rəsmi iş yerlərinin sayının artması ilə bağlı müəyyən təşviqedici addımlar atılmalıdır. Çünki ölkəmizdə işəgötürən və işçi işə götürülən zaman daha çox vergi ödənişinə məruz qalır. Bu problem həll olunmalıdır ki, rəsmi iş müqavilələrinin sayı artsın. Azərbaycanda gizli işsizlik var və bu daha çoxdur. Yəni insanlar bir çox hallarda rəsmi qeydiyyatdan keçmirlər. İşsiz kimi qeydiyyatdan keçməyin özü də bir işdir. Bir çox hallarda işsiz insanlar iş üçün qeydiyyatdan keçməyin özünün də bir iş olduğunu düşünərək işsiz kimi qeydiyyatdan keçmirlər. Bu da təbii olaraq işsizlərin gizli sayda çoxalmasına səbəb olur. İşsizliyin aradan qaldırılmasının ən rahat və ən yaxşı yolu investisiya mühitinin yaxşılaşdırılması, xarici və daxili investisiyaların ölkədə geniş yayılmasıdır. Yəni dünya bu yolla irəliləyib - daxili və xarici investorlar üçün ideal şərait yarananda iş yerləri də artır”.
Günel CƏLİLOVA