5 il tez pensiyaya çıxanların pulu niyə dövlət büdcəsindən ödənir? - Daha real təklif var...

Vüqar Bayramov: “Pensiya islahatlarında əsas məqsəd pensiya kapitalının səmərəli istifadə olunmasıdır”
"Əmək pensiyaları" haqqında Qanuna edilən yeni dəyişikliklərə əsasən, güzəştli şərtlərlə pensiyaya çıxan bir sıra vətəndaşın, o cümlədən çoxuşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək. Bu dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsində ikinci oxunuşda qəbul olunaraq plenar iclasa tövsiyə edildi.
Qanunvericiliyə əsasən, əmək pensiyası almaq hüququ olmayan vətəndaşlar da güzəştli şərtlərlə daha tez müavinət almaq imkanına malik olurlar.
Onu da qeyd edək ki, ölkəmizdə il ərzində vəfat edən kişilərin təxminən yarısı pensiya yaşına çatmayanlardır. Bu statistika yenidən pensiya yaşına çatmadan vəfat edənlərin pensiya kapitalının taleyi məsələsini gündəmə gətirir. Qeyd etdiyimiz kimi, pensiya yaşına çatmadan vəfat edənlər yetərincədir. Olmazmı ki, həmin şəxslərin pensiya kapitalı güzəştli şərtlərlə, vaxtından tez pensiya çıxanlara ödənilsin? Beləliklə, dövlət büdcəsinə də yük düşməz.
“Azərbaycanda həm Sinqapur, həm də Amerikada olan modelin öyrənilməsi və tətbiqi məqsədəuyğun olar”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, pensiya islahatları davam etdirilir və dərinləşdirilir: “Pensiya islahatlarında əsas məqsəd pensiya kapitalının səmərəli istifadə olunmasıdır. 2018-ci ilədək Azərbaycanda pensiya hesabında hətta 1 manat yığımı belə olan vətəndaşlar üçün amnistiya tətbiq olunub. Onlar həmin yığımla əmək pensiyası almaq hüququna malikdir. Eyni zamanda, Milli Məclisdə büdcə müzakirələri zamanı pensiya kapitalından səmərəli istifadə ilə bağlı təkliflər də səslənib. Sinqapur daxil olmaqla bir sıra ölkələrdə pensiya kapitalından istehlak üçün istifadə imkanı yaradılıb. Hesab edirəm ki, Azərbaycanda həm Sinqapur, həm də Amerikada olan modelin öyrənilməsi və tətbiqi məqsədəuyğun olar. Onu da deyim ki, ABŞ-da minimum pensiya kapitalı ilə yanaşı, orta pensiya kapitalı anlayışı da var. Orta pensiya kapitalından daha çox yığımı olan vətəndaşlar istifadə edə bilər. Bu istiqamətdə təkliflərimiz təqdim olunub, hesab edirəm ki, maliyyə qiymətləndirilməsi aparıldıqdan sonra məlum məsələ ilə bağlı qərarlar müzakirə oluna bilər”.
Günel CƏLİLOVA