Nisyə mal satanlara qarşı yeni qayda tətbiq olundu....

Əkrəm Həsənov: “Yeni dəyişiklik bir tərəfdən şirkətlər və vətəndaşlar üçün qaydaların asanlaşmasına səbəb olacaq və…”
Prezident İlham Əliyev "Kredit büroları haqqında" qanuna edilən dəyişiklikləri təsdiq edib. Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, əgər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 000 manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər.
Əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər. Maraqlıdır, "Kredit büroları haqqında" qanuna edilən dəyişikliyin nə kimi müsbət, mənfi tərəfləri var?
“Qanuna edilən dəyişikliklə il ərzində nisyə satış dövriyyəsi 100 min manatı keçənlər belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad edilir”
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, kredit bürosuna bank və bank olmayan kredit təşkilatları məlumat verir. Hər kəsin kredit tarixçəsi orda tam görünməlidir: “İstənilən şəxs kredit üçün banka müraciət edəndə bank bununla bağlı sorğu verir. Həmin sorğunun verilməsində məqsəd nə kimi borcları olduğu, onları necə qaytardığı, gecikmə olub-olmadığı barədə məlumat almaqdır. 2023-cu ildən etibarən nisyə mal satanlar da Kredit bürosuna məlumat verməli olur. İndi qanuna edilən dəyişikliklə il ərzində nisyə satış dövriyyəsi 100 min manatı keçənlər belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad edilirlər. Əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər. Yeni dəyişiklik bir tərəfdən şirkətlər və vətəndaşlar üçün qaydaların asanlaşmasına səbəb olacaq və onların kredit tarixçələrinin bu tip əməliyyatlar səbəbindən pisləşməsinin qarşısını alacaq. Həmçinin, yeni qaydalar vətəndaşlar üçün bu sahədə inzibati prosedurları keçmə zərurətini aradan qaldırdığından, onların vəsaitə qənaət etməsinə və kreditlər üzrə “qara siyahıya” bu səbəbdən düşməsinin qarşısının alınmasına gətirib çıxaracaq”.
Günel CƏLİLOVA