Xankəndi, Ağdərə və Xocalının Bərpa... Xidmətinin tenderlərinə şübhələr oyanıb...

"Bizim aldığımız avtomobillər Xibmətin əməkdaşlarının xidməti istifadəsinə veriləcək"
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti yeni tenderinin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, dövlət qurumu 10 yeni sedan tipli maşın alacaq.
Rəsmi məlumatlarda qeyd edilir ki, sözügedən qurum bu məqsədlə “Azərmaş Park” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilənin dəyəri isə 205 min manatdır.
Araşdırmaya görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti son bir ildə ikinci dəfədir ki, avtomobil alışını həyata keçirir. Belə ki, ötən ilin yayında “Yenimotor” MMC ilə bu məqsədlə 396 min manatlıq satınalma müqaviləsi bağlayıb. Müqaviləyə əsasən dövlət xidməti şirkətdən 6 ədəd "Pickap" tipli maşın alıb.
Maraqlı məqamlardan biri də budur ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti son bir ildə ümumiyyətlə tikinti işləri həyata keçirməyib. Keçirilən 11 tenderin hamısı müxtəlif məzmunlu işlərlə bağlı olub və onların arasında bərpa və tikintiyə aid heç bir iş yoxdur.
Qəribədir ki, bu dövlət xidməti ən böyük vəsaiti bayram tədbirlərinin keçirilməsinə ayırıb. Belə ki, bu ilin martında sözügedən qurum 2025-ci il üzrə bayram tədbirlərinin keçirilməsi məqsədi ilə “LAGUNA GROUP” MMC ilə 650 min 156 manat dəyərində müqavilə bağlayıb.
Onu da qeyd edək ki, dövlət qurumunun bundan əvvəlki avtomobil tenderi ləğv edilmişdi.
Belə ki, bu ilin fevral ayının 23-də “Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin avtomobil nəqliyyat vasitələrinin alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
Qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olduğu aşkarlanıb. Tenderin ümumi dəyəri 196 000 AZN olub.
Xidmətin vəzifələri prezidentin 01 aprel 2024-cü il tarixli Fərmanında belə təfsir edilir: "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti (bundan sonra – Xidmət) adları çəkilən şəhərə və rayonlara əhalinin qayıdışı ilə əlaqədar mövcud mənzil fondunun qorunması və saxlanılması, yeni çoxmənzilli bina və fərdi yaşayış evlərinin tikintisinin təşkili, habelə onların idarə edilməsi, eləcə də müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir"
Qirumun nizamnaməsində isə fəaliyyət istiqamətləri aşağidakılardan.ibarət göstərilib:
2.1.1. hissələrin yaşayış məntəqələri ilə bağlı çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini qurmaq;
2.1.2. maliyyə vəsaitləri mənzil fondunun saxlanması və saxlanmasını təmin etmək;
2.1.3. təmir işlərini qurmaq üçün çoxmənzilli binalardakı mənzillər sakinlərə tam təhvil verilmişdir.
2.1.4. maliyyələşdirmə mənzil-kommunal təsərrüfat sahəsində dövlət siyasətinin idarə edilməsində iştirak etmək, kommunal təsərrüfatı idarə etmək;
2.1.5. dəyişikliklər, abad və yaşıllaşdırma işlərini qurmaq;
2.1.6. təhlükəsizlik tədbirləri, ümumi istifadədə və balansında olan şəhər avtomobil yollarının idarə edilməsini, təmirini, saxlamasını, təmirini qurmaq və onların vəziyyətinə nəzarət etmək.
Yaradılmasından bir il ötən dövlət qurumu yalniz avtomobil almaq və bayram kəçirməklə məşğuldur, amma hələ adına uyğun heç bir iş görmür. Bu dövlət qurumu haçan bərpa, tikinti, kommunal və idarəetmə ilə məşğul olacaq?
Xidmətin adının çəkilməsini istəməyən əməkdasi bildirdi ki, hazırda Xidmətin strukturlarının formalaşması prosesi yekunlaşmaqdadır: "Bizim aldığımız avtomobillər Xibmətin əməkdaşlarının xidməti istifadəsinə veriləcək. Bilirsiniz ki, xidməti ərazi kifayət qədər böyükdür, vəzifəli şəxslər və tikinti-quruculuq işlərinə nəzarət edən mütəxəssislər ərazidə görülən işləri idarə etmək, bütün prosesləri nəzarətdə saxlamaq üçün mütəmadi olaraq tikinti obyeltlərinə getməkidirlər. Buna görə də xidmətin minik avtobobil parkına ehtiyacı var. Diqqət edirsinizsə, alınan avtomobillərin 38 faizə qədəri çətin relyefli ərazilər üçün nəzərdə tutulmuş "Pickap" avtomobillərindən ibarətdir.
Düşünürük ki, bu ilin ikinci rübundən başlayaraq tikinti, bərpa və təmir işlərinə start veriləcək. Eyni zamanda kommunal xidmətlərin göstərilməsi genişlənəcək.
O ki qaldı bayram tədbirlərinə, bunlar hamısı dövlətin siyasətinə uyğun həyata keçirilir. Həmin vəsaitlərin xərclənməsi də kifayət qədər şəffafdır. Yaxın zamanlarda digər fəaliyyətimizlə bağlı tenderlərin keçirilməsinin də şahidi olacaqsınız. Bizim xidməti işlərimizi həyata keçirmək üçün ciddi strukturlaşmaya ehtiyac var ki, bu da zaman alır".
Əliməmməd Nuriyev: "Alınan avtomobillərin çeşidindən və sayından da görünür ki, bu bölgədə fəaliyyəti həyata keçirmək üçün müvafiqdir"
Baki-xeber.com saytının sualını cavablandıran "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də bildirdi ki, qeyd edilən bölgədə bayram tədbirlərinin keçirilməsi vacib məsələdir: "Amma istənilən fəaliyyət şəffaf olmalıdır. Hesab edirəm, alınan avtomobillərin çeşidindən və sayından görünür ki, bu bölgədə fəaliyyəti həyata keçirmək üçün müvafiqdir.
Hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən bütün dövlət və özəl qurumların şəffaf fəaliyyəti təmin edilməlidir. Bunun üçün Hesablama Palatası, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və digər icra hakimiyyəti orqanları bu işə ciddi nəzarət etməli və cəmiyyətə bu barədə şəffaf hesabatlar təqdim etməlidirlər".
Dəniz NƏSİRLİ