Kanalizasiyadan asfalt yol layihəsinədək - Şəki İcra Hakimiyyətinin "Evrolayn"la şübhəli tender əlaqəsi...

25 ildə 3 dəfə yenidən təsis edilmiş şirkətin Əhməd Əhmədzadə və Elxan Usubovla nə əlaqəsi var?..
Şəki şəhər İcra Hakimiyyəti şəhərin yollarını əsaslı təmir etmək üçün tender keçirib. Tribunainfo.az xəbər verir ki, bu məqsədlə “Euroline” QSC ilə satınalma müqaviləsi imzalayıb.
Bu layihənin dəyəri 661 min 573 manat təşkil edəcək. Layihə çərçivəsində Şəkidəki bir sıra yollar yenidən qurulacaq.
Bildirək ki, “Euroline” QSC bundan əvvəl “Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması”nı da həyata keçirib. 2021-ci ildə bu məqsədlə şirkət 22 milyon 828 min 327 manatlıq tenderi qazanıb.
Qəribədir ki, sözügedən şirkət su, kanalizasiya və meliorasiya sistemlərinin çəkilməsi sahəsində ixtisaslaşıb. İndiyə qədər gördüyü işlər də yalnız bununla bağlı olub. İndi Şəki İcra Hakimiyyəti su sistemləri quraşdıran şirkətə asfaltı necə çəkdirəcək, o maraqlıdır…
Məqalədə qeyd edilir ki, “Euroline” şirkəti son bir ildə cəmi üç tenderə qatılıb. Onlardan biri yuxarıda qeyd etdiyimiz məsələdir. Digərləri isə Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin keçirdiyi iki tender olub. Belə ki, şirkət bu qurumun Ucar rayonunun Qəzyan, Boyat, Bağban, Bərguşad, Yuxarı Şilyan və Qulabənd kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirlərinə dair sifarişini həyata keçirib. Bu işlərin müqabilində isə 6 milyon 665 min 308 manat əldə edib.
Şirkət fəaliyyətə “Əfqan” firması adı altında 15 aprel 1999-cu il tarixində başlayıb. 2000-ci illərin əvvəllərində Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sifarişi əsasında ölkənin şimal-şərqində yerləşən rayonların çaylarında sahilbərkitmə işləri həyata keçirib, həmçinin bu rayonlarda su kanalları, artezian quyuları, su ötürücü qurğular və keçid körpüləri inşa edib. QSC 2005-ci ildən etibarən fəaliyyət sahəsini daha da genişləndirərək infrastruktur quruculuğu işləri ilə əlaqədar müxtəlif layihələr reallaşdırıb. “Euroline”in 2010-cu illərdən indiyədək davam edən müddət ərzində əsas fəaliyyətinin bir hissəsini tikinti məhsullarının, o cümlədən beton, tamet, dəmir konstruksiya, plastik, mebel və asfaltın istehsalına yönəldib.
25 noyabr 2016-cı il tarixində şirkət “Afgan Holding” MMC adı altında yenidən təsis edilib. Onun çətiri altında, yəni törəmə şirkəti kimi “Euroline” QSC fəaliyyət göstərir.
Yəni şirkət əsasən su-meliorasiya, sahilbərkitmə, su-kanaluzasiya işləri ilə məşğul olsa da, əslində onun nizamnaməsində asfalt işi də qeyd edilib.
2023-cü ildə Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti iri məbləğli tenderin qalibini açıqlayıb. Qalib olan “Euroline” QSC ilə (3000031181) 11 milyon 300 min 13 manat məbləğində müqavilə imzalanıb. Müqavilədə “Balakən rayonunun Mahamalar və digər yaşayış məntəqələrinin Balakənçay və Katexçay sel sularından mühafizəsi tədbirləri” nəzərdə tutulur.
Bununla belə, şirkətin 25 ildə 3 dəfə yenidən təsis edilməsi müəyyən şubhələr doğurur.
“Afgan Holding” MMC-nin təsisçisi Əfqan Nəsir oğlu Məmmədov Şəkinin Baş Göynük kəndindəndir.
Əmək fəaliyyətinə 2006-cı ildə “Azər Sənaye Tikinti Dəmir Beton Şirkəti”nin kadrlar şöbəsində baş inspektor vəzifəsində başlayıb. Daha sonra peşəkar fəaliyyətini Gəncədə yerləşən qarışıq rejimli cəzaçəkmə müəssisəsində iş icraçısı kimi davam etdirib.
Ə.Məmmədov 2014-cü ildə “Azər Sənaye Tikinti Dəmir Beton Şirkəti” MMC-yə qayıdaraq burada əvvəl mühəndis, sonra isə baş mühəndis vəzifələrini icra edib.
İddialara görə, Ə.Məmmədov 2016-cı ildə “Afgan Holding” MMC-ni o zaman Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Əhməd Əhmədzadənin təklifi ilə yenidən təsis edib. Ona görə də şirkət yenidən təsis olunduğu ilk illərdə əsasən Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin tenderlərinin "qalibi" olub. Şirkətə ilkin kapital yığımını, demək olar ki, Əhməd Əhmədzadə təmin edib.
Sızan xəbərlərə görə, adı çəkilən MMC Şəkidə su-kanalizasiya sistemini yenidən qurması adı ilə milyonlarla büdcə vəsaitinə sərəncam verib. Bu maliyyə fəaliyyətlərində Əhmədzadələrin payının olması ilə yanaşı, rayonun icra başçısı Elxan Usubovun iştirakı da az deyil.
Ümumiyyətlə, sakinlərdən gələn şikayətlərə görə, E.Usubov rayon rəhbəri kimi Şəki ilə maraqlanmır, heç bir iş görmür, sakinlərlə görüşmür, problemlərini həll eləmir. Ona görə də vəzifədən çıxarılması növbəsində olan məmurlardan biri də Şəkinin icra başçısıdır.
Şirkət Şəkidə 4 il ərzində kanalizasiya sisteminin qurulmasi ilə məşğul olub. Bu gün Şəkinin nə kanalizasiya sistemi normal işləyir, nə də bu layihənin icrasi zamanı qazılan yollar yenidən təmir edilib. Şəkinin yollarını bərbad günə qoyan şirkətə indi həmin şəhərdə yol çəkməyi həvalə ediblər. Əslində o yolları “Euroline” QSC təmənnasız təmir etməli idi. Çunki həmin yolları bu şirkət şəhərin kanalizasiya sistemini "yenidən quranda" dağıtmışdı.
Hər halda, tenderlər zamanı qaydalara görə, seçilən şirkətin təcrübəsi əsas götrülməlidir. Əgər su, kanalizasiya və meliorasiya təcrübəsi böyük olan şirkətə asfalt basmaq həvalə edilirsə, deməli burada korporativ maraq var. Şirkətin arxasından isə Əhməd Əhmədzadə və rayonun icra başçısı Elxan Usupov çıxırsa, məsələ aydındır.
Belə çıxır, “Euroline” Şəkinin yollarını ona görə dağıdıb ki, yolları da yenidən qurmağa ehtiyac yaransın və onu da özü qamarlasın. Şou-biznes əhli toydan toy tutan kimi, “Euroline” da layihədən layihə tutub.
Akif NƏSİRLİ