“Böyük Qayıdış” özü ilə yüzlərlə sahibkarlıq subyektini də hərəkətə gətirir...

İşğaldan azad edilmiş ərazilərə, kəndlərə, şəhərlərə qayıdış prosesinin getməsi, əhalinin qayıdıb öz yurd-yuvalarında yaşamasının təmin edilməsi dövlətin ali məqsədlərindən biri olaraq həyata keçirilir.
Ermənilər tərəfindən 30 il ərzində məqsədli şəkildə tamamilə dağıdılmış ərazilərdə hazırda ardıcıl və sürətli şəkildə tikinti işləri aparılır, tikinti-bərpa işləri başa çatan yerlərdə əhalinin məskunlaşdırılması gerçəkləşdirilir. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub.
Onu da deyək ki, azad ərazilərə qayıdış prosesi intensivləşib, geniş miqyas alıb, bu proses sürətlə gedir. Qarabağ iqtisadi rayonunda, eləcə də Şərqi Zəngəzurda məskunlaşdırma prosesi nəticəsində keçmiş məcburi köçkünlər öz evlərinin ocağını yandırırlar. Əhalinin məskunlaşdığı ərazilərdə bütün infrastruktur mövcuddur, məktəb, səhiyyə müəssisəsi, bağça, ticarət məkanları və sair mövcuddur. Burda əhalinin məşğulluğunun təmin olunması üçün sürətli işlər aparılır. Onu da deyək ki, yerli və xarici sahibkarlar azad ərazilərə böyük maraq göstərir və burda sahibkarlıq subyektləri də geniş səviyyədə fəaliyyət göstərir.
Azad ərazilərə sahibkarların marağı çox böyükdür…
2025-ci ilin 1 yanvar tarixinə aid olan məlumata görə, işğaldan azad olunmuş ərazilərdə 100,039 sahibkarlıq subyekti qeydə alınıb.
Dövlət Statistika Komitəsindən mətbuata bildirilirdi ki, bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artım təşkil edir. İqtisadi rayonlar üzrə məlumatlar belə olub:
Qarabağ iqtisadi rayonu:
Mikro sahibkarlıq subyektləri: 3,984 (artım 7,3 faiz)
Kiçik sahibkarlıq subyektləri: 197 (artım 8,24 faiz)
Orta sahibkarlıq subyektləri: 87 (artım 22,5 faiz)
İri sahibkarlıq subyektləri: 11 (artım 83 faiz)
Fərdi sahibkarlar: 88,505 (artım 5 faiz)
Şərqi Zəngəzur iqtisadi rayonu:
Mikro sahibkarlıq subyektləri: 882 (artım 22 faiz)
Kiçik sahibkarlıq subyektləri: 51 (artım 15,9 faiz)
Orta sahibkarlıq subyektləri: 23 (artım 2,3 dəfə)
İri sahibkarlıq subyektləri: 5 (artım 5 dəfə)
Fərdi sahibkarlar: 6,294 (artım 28,5 faiz)
Bu yanvarın 1-nə qədər olan məlumat idi.
Görək yeni nə işlər görülüb?
Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub
Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub.
Bunu Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində çıxışı zamanı deyib.
E.Yusubov bildirib ki, hazırda yerli və xarici investorlar üçün münbit şərait yaradılır: "Bu ərazilərdə 3 mindən artıq şəxs il sonuna kimi işlə təmin olunacaq".
Xüsusi nümayəndə əlavə edib ki, eyni zamanda, Xankəndi Hava Limanının inşası davam edir: "Həmçinin, burada yeni müasir avtomobil, dəmiryolu çəkilir, müasir SES istismara verilir, yaşıl enerji prinsipi əsas götürülərək alternativ enerjidən istifadə genişləndirilir, işğal dövründə qırılmış meşələrin bərpası istiqamətində işlər aparılır".
O qeyd edib ki, Xankəndinin yeni baş planı da hazırlanır: "Bu ərazilərdə müasir infrastruktur işləri həyata keçiriləcək. Minatəmizləmə işləri də sürətlə sistemli şəkildə davam etdirilir. İşğal dövründə dağıdılmış kəndlərimiz bərpa olunur. Xankəndi, Ağdərə və Xocalıda 7 yaşayış məntəqəsində 12 min insanın məskunlaşması təmin edilib. Ballıca kəndinə 136 ailə, Ağdərə rayonunun Həsənriz kəndinə 70 ailə olmaqla 238 sakin, Suqovuşan kəndinə 180 ailə olmaqla 592 sakin köçürülüb. 2025-ci ilin sonuna kimi tam bərpası və əhalinin köçürülməsi nəzərdə tutulan 24 kəndin 8-də layihələndirmə, 16-da bərpa-quruculuq işləri həyata keçirilir".
“Bu çox gözəl bir tendensiyadır”
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində “Azərbaycan hökumətinin də arzusudur ki, işğaldan azad edilmiş ərazilərə sahibkarlarımız maraq göstərsinlər, gedib orda biznes qursunlar. Yalnız yerli sahibkarlar deyil, o cümlədən də xarici sahibkarların, investorların da bu əraziyə maraq göstərməsi Azərbaycanın xeyrinədir. İşğaldan azad olunmuş ərazilərdə bu gün fəaliyyət göstərən özəl şirkətlərin demək olar ki, 90 faizi dövlət büdcəsindən ayrılan vəsaitlə işləyir. Tutaq ki, hansısa kəndin bərpa edilməsi, tikinti üçün dövlət vəsait ayırır və həmin layihə tendere çıxarılır, tendered hansısa şirkət udur və gedib öz layihəsini azad ərazilərdə icra edir”-deyə bildirdi.
A.Nəsirlinin sözlərinə görə, amma biznes strukturlarının bu bölgəyə maraq göstərməsi, gedib orda iş qurması həmin ərazinin bərpasında biznes strukturunun iştirakı deməkdir. “Birincisi, özü biznes quraraq orda fəaliyyətə başlayacaq, orda məskunlaşan əhalinin aməşğulluğuna töhfə verəcək. Digər tərəfdən, ola bilsin onlar öz fəaliyyətləri ilə bağlı həmin ərazilərə mütəxəssislər gətirirlər və o mütəxəssislərin də yaşayış yerinə tələbatı artır. Məsələn, 100 azad ərazilərə 100 şirkət getsə və hər şirkət də kənardan 10 nəfər mütəxəssis dəvət edirsə artıq 1000 yaşayış mənzilinə tələbat yaranır. Tələbat yaranan kimi dərhal MTK-lar gedib orda relyefə uyğun yaşayış binaları tikib onlara satır. Bununlada həmin ərazilərdə məskunlaşma prosesi gedir. Əslində, mexanizm bundan ibarət olmalıdır. Azərbaycan hökuməti o ərazilərdə yol, su, işıq, internet, kanalizasiya sistemi çəkməlidir, ona qədər də əraziləri minadan təmizləməlidir və bu ərazinin iqtisadi potensialını müəyyənləşdirib reklam etməlidir ki, şirkətlər gəlib burda öz biznesini qursun. Həmin biznesi qurmaqla da ərazidə məskunlaşmaya, ərazidə hökumətin məskunalşdırdığı əhalinin işlə təmin olunmasına töhfə versin. Yəni bu tendensiya çox gözəl bir tendensiyadır. Bu tendensiya davam etdirilməldir ki, biznes hökumətin bu ərazilərdə məskunlaşdırma siyasətinə dəstək versin” - deyə A.Nəsirli qeyd etdi.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.