Vətəndaşın bank kartındakı vəsait hansı hallarda sığortalana bilər?

Əkrəm Həsənov: “Şəxsi pul vəsaitinin sığortalanması mümkündür, ancaq bunu hər sığorta şirkəti etməz”
Son zamanlar vətəndaşların bank kartlarından qanunsuz şəkildə vəsaitlərin oğurlanması halları artmaqdadır. Demək olar ki, hər gün kimsə dələduzlara inanıb fərdi məlumatlarının onların əlinə keçməsinə şərait yaradır və sonra da bunun ziyanını çəkir.
Tək bir gün ərzində vətəndaşların bank kartlarından 24864 manat kiber üsulla oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
Kiberdələduzluq hallarının çoxalması səbəbilə insanlar artıq kartlarında pul saxlamağa ehtiyatla yanaşır, maaşları hesaba köçən kimi çıxarmağı üstün tuturlar.
Qeyd edək ki, bir sıra xarici ölkələrdə vətəndaşın kartda olan vəsaiti sığortalanır. Ölkəmizdə də belə bir qayda tətbiq oluna bilər?
Vətəndaşın şəxsi vəsaitinin sığortalanması mümkündürmü?
“Vətəndaşın hansısa səhvi ucbatından pul hesabdan çıxırsa, bu, bankın məsuliyyəti daxilində deyil”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yerli banklarda 100 min manatadək əmanətlər istənilən halda sığortalanır: “İstənilən bankda 100 min manatadək olan vəsaiti tam sığortalıdır, bir şərtlə ki, əmanətin faiz dərəcəsi milli valyutada 12 faizi, xarici valyutada isə 2.5 faizi ötmür. Ancaq vətəndaşın hansısa səhvi ucbatından pul hesabdan çıxırsa, bu, bankın məsuliyyəti daxilində deyil. Buna görə bank məsuliyyət daşımır”
Ekspert hesab edir ki, şəxsi pul vəsaitinin sığortalanması mümkündür: “Ancaq bunu hər sığorta şirkəti etməz. Çünki vətəndaş kiminləsə əlbir olub, guya dələduzluğa məruz qaldığını da deyə bilər. Bunu da nəzərə almaq lazımdır. Bu baxımdan, inanmıram ki, hansısa sığorta şirkəti vətəndaşın kart hesabındakı vəsaiti sığortalasın. Ümumiyyətlə, kiberdələduzluq günün, dövrün problemidir. Elə gün, saat yoxdur ki, kart hesabından pul oğurluğu ilə bağlı şikayət daxil olmasın. Vətəndaş bilərəkdən, yaxud bilməyərəkdən bu məlumatları təsadüfən kiberdələduzlara verə bilər. Amma bankların da bir mühafizə sistemi olmalıdır. Müştəri sms vasitəsilə təsdiqləməsə kartdan vəsaitin silinməsi prosesi baş verməməlidir. Kiberdələduzlar vətəndaşın mobil telefonunu görə, ora müdaxilə edə bilmirlər. Bəzən sms xidmətlərə qoşulan müştərilərə də otp kod gəlmir, və vəsait kartdan silinir. Artıq bunun günahı vətəndaşlarda yox, banklardadır. Böyük məbləğlər kartdan çıxarıldıqda bankın mühafizə sistemi, sms təsdiqi olmazsa, kartı avtomatik bloklamalıdır”.
Günel CƏLİLOVA