Azərbaycan özü Günəş panellərinin istehsalına hazırlaşır - Prezident anons etdi...

Kamran Məmmədli: “Ətraf mühitin çirklənməsinin qarşısının alınmasında “yaşıl enerji”dən istifadə mühüm əhəmiyyət kəsb edir”
“Biz hazırda Çin şirkətləri ilə fəal işləyirik və onları müxtəlif sahələrdə, xüsusilə yaşıl enerji sahəsində bizimlə strateji tərəfdaş olmağa dəvət edirik”. Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
O bildirib ki, Çin şirkətləri yaşıl ictimai nəqliyyat vasitələrinin istehsalında bizimlə tərəfdaşdırlar: “Artıq bu il yeni avtobuslar istifadəyə veriləcəkdir və Günəş panelləri ki Azərbaycanda quraşdırılır, onlar Çin istehsalıdır. Eyni zamanda da biz bəzi Çin şirkətləri ilə də danışıqlar aparırıq ki, bilavasitə yaşıl enerji sahəsinə yatırımlar qoyulsun”.
Prezident çıxışında bildirdi ki, Azərbaycan Çin şirkətləri ilə danışıqlar aparır ki, onlar bizimlə Günəş panelləri sahəsində əməkdaşlıq etsin. Çinin dəstəyi ilə Azərbaycan Günəş panelləri istehsal edə bilərmi?
“Azərbaycanda yaşıl enerji, Günəş panellərinin istehsalı Çin və digər ölkələrin xəttilə mümkün ola bilər”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında “yaşıl enerji”dən istifadə mühüm əhəmiyyət kəsb edir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan alternativ enerji mənbələri baxımından zəngin ölkədir. Bununla bağlı ölkəmizə investisiya qoyan xarici ölkələr var. Günəş enerjisinin bol olduğu ölkə kimi, Azərbaycan Günəş energetikasını inkişaf etdirmək üçün əlverişlidir. Ölkədə Günəş işığının – radiasiyasının illik həcmi 1700 kVt saat/kvadratmetrdir ki, Şimali Avropa ölkələrində bu göstərici 1000 kVt saata yaxındır. Məlumdur ki, Çin Azərbaycanda Günəş elektrik stansiyası üçün panellər tədarük edib. Təməlqoyma mərasimi 2022-ci il martın 15-də keçirilib. Bu strateji obyekt Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən reallaşdırılıb. Bu layihənin gələcəkdə daha da intensivləşəcəyi gözlənilir. Bəli, Azərbaycanda yaşıl enerji, Günəş panellərinin istehsalı Çin və digər ölkələrin xəttilə mümkün ola bilər. Bunun üçün müəyyən işlər görülür”.
Günel CƏLİLOVA