Özümüz kərə yağı alırıq, Rusiyaya kərə yağı ixracını 4 dəfə artırırıq - bu necə olur?..

Vahid Məhərrəmli: "Bu o qədər də mürəkkəb olmayan - çox sadə mexanizmə malikdir"
Bu ilin yanvar ayında Azərbaycandan Rusiyaya 960 ton kərə yağı ixrac olunub. Müqayisə üçün bildirək ki, 2024-cü il ərzində Azərbaycandan Rusiyaya cəmi 940 ton kərə yağı ixrac edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar ayında kərə yağı ixracından əldə olunan gəlir 6,7 milyon ABŞ dolları olub.
Rusiyaya kərə yağı ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 700 ton və ya 3,7 dəfə, dəyər ifadəsi ilə 5,2 milyon ABŞ dolları, yaxud da 4,5 dəfə artıb.
Belə ki, 2024-cü ilin birinci ayında Azərbaycandan Rusiyaya 1,5 milyon ABŞ dolları dəyərində 260 ton kərə yağı ixrac edilib.
Qeyd edək ki, yanvarda Azərbaycana 10,7 milyon ABŞ dolları dəyərində 1,5 min ton kərə yağı idxal olunub, onun 960 tonu Rusiyaya ixrac edilib.
Rusiya ötən il kəskin qiymət artımından sonra kərə yağının 2025-ci il iyunun 15-dək rüsumsuz idxalına kvota tətbiq edib. Onun həcmi 25 min tondur. Bu tədbir 23 dekabr 2024-cü il tarixindən qüvvəyə minib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bir ayda kvotadan 1099 ton istifadə olunub.
Qeyd edək ki, 2024-cü ildə xaricdən Azərbaycana 173 milyon 604 min dollar dəyərində 29 min 611 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Ötən il ölkəmizə ən çox yağ İrandan idxal edilib - 14,2 min ton. Elə ən ucuz yağın idxal edildiyi ölkə də İran olub. İrandan gəytirilmiş yağın 1 kq-nın orta statistik gömrük dəyəri 8,27 manata bərabər olub.
İrandan sonra Azərbaycanın ikinci ən böyük yağ idxalçısı Yeni Zelandiya olub. Bu ölkədən il ərzində ümumilikdə 5,3 min tondan çox yağ idxal edilib. Bu ölkədən idxal edilmiş yağın orta idxal qiyməti 11,33 manat olub.
Maraqlıdır ki, biz özümüz ildə 30 min tona yaxın kərə yağı idxal etdiyimiz halda, Rusiyaya böyük həcimdə - ayda min tona yaxın kərə yağı ixrac edə bilirik. Kərə yağının təkrar ixracı necə olur ki, rentabelli alınır?
Baki-xeber.com saytının sualını cavablandıran kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli bildirdi ki, bu o qədər də mürəkkəb olmayan, sadə mexanizmə malikdir: "Azərbaycanın inhisarçi idxal şirkətləri kərə yağını xarici tədarükçülərdən böyük tutuma malik - 50-100 kq-lıq qablaşdirmada idxal edirlər. Bunun ardınca həmin yağı Sumqayıt şəhərində yenidən emal edib, tərkibinə marqarin, palma yağı, başqa ucuz trans yağlar və surroqat əlavə edib, yenidən istədikləri brend altında kiçik həcmli proporsiyalarda qablaşdırırlar. Diqqət edirsinizsə, ötən il ölkəyə 30 min tona yaxın kərə yağı idxal edilibsə, 60 min tondan çox da dəyəri 1-2 dollar olan palma yağı idxal edilib. Üstəgəl, ölkədə 40 min tondan çox marqarin yağı istehsal edilib. Bir kiloqramı 2-3 manata olan palma və marqarin yağının illik idxal həcmi 100 min tondan çoxdur. Gömrük dəyəri 10 manat olan yağın tərkibinə 30% qeyd edilən ucuz yağ və surroqat əlavə edildikdə, "kərə yağı"nın qiyməti 25% ucuzlaşır. Nəticədə gömrük dəyəri 10 manat olan yağın qiyməti düşür 7-8 manata. Həmin yağı da inhisarçı şırkətlər 20-25, bəzi hallarda isə 30 manata daxili bazara və Rusiyaya ixracata yönəldərək çox böyük həcimdə mənfəət əldə edirlər.
Ölkə daxilində kərə yağı istehsalına gəlincə, bu, Azərbaycanda qeyri rentabelli sahədir. Çünki 1 kq kərə yağı almaq üçün 3,6% yağlılığa malik 24 litir təzə süd lazımdır. Bu keyfiyyətdə südün 1 litrinin ən aşağı topdansatış qiyməti 1 manatdır. Yəni 1 kq kərə yağının xamnalı 24 manat xərc aparır. Bunun emalı, qablaşdırılması, daşınması, satışı və s. də üstünə gələndə maya dəyəri 30 manatı keçir.
İranda isə kərə yağı çox ucuz başa gəlir. Çünki həm geniş otlaq sahələri var, həm də enerji daşıyıcıları ucuzdur. Məsələn, bizdə "xammalını xaricdən ıdxal etdiyimizə görə" dizel yanacağının qiyməti 1 manata, İranda isə bundan 50 dəfə ucuz - 2 qəpiyədir. Bu o deməkdir ki, İranda quru və şirəli yem bizdəkindən on dəfələrlə ucuz başa gəlir. İranda heç bir texnologiyaya uğramayan təzə südun bir lirtinin qiyməti bizim pulla təxminən 10-15 qəpikdir. Yəni bir kiloqram yağin xammalının qiyməti İranda maksimim 3.6 manata başa gəlir ki, bu da Azərbaycandakı qiymətdən 6,7 dəfə ucuzdur".
V.Məhərrəmli onu da qeyd etdi ki, Rusiya hazırda sanksiyalar səbəbindən Avropa ölkələrindən məhsul idxal edə bilmir, ona görə də Azərbaycandan bir qədər əvvəl yumurta, daha sonra kərə yağı idxalına ehtiyac duydu.
Ekspert sonda onu da əlavə etdi ki, Azərbaycandan Gürcüstana ixrac edilən kərə yağının tərkibində toksik maddələr tapıldığına görə satışdan çıxarılıb.
Akif NƏSİRLİ