Avropa İttifaqı Azərbaycanın hesabına Mərkəzi Asiyada milyardlar qazanacaq...

Avropa İttifaqı Mərkəzi Asiya ölkələrinin inkişafına 12 milyard avro sərmayə qoymağa hazırlaşır. Vəsaitlər nəqliyyat, enerji, mineral emalı və peyk rabitəsinə yönəldiləcək. Bu barədə Səmərqənddə keçirilən Mərkəzi Asiya-Avropa İttifaqı sammitində müvafiq açıqlma verilib.
Aİ-nin Mərkəzi Asiyaya hazırkı marağı təkcə onun resursları və nəqliyyat potensialı ilə deyil, həm də dəyişən geosiyasi vəziyyətlə bağlıdır. Ticarət müharibələri və siyasi fikir ayrılıqları Aİ-ni yeni tərəfdaşlar axtarmağa sövq edib.
Qeyd edilən vəziyyətdə Səmərqənddə ilk dəfə olaraq Mərkəzi Asiya - Avropa İttifaqı sammiti baş tutub. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə region ölkələrinin liderləri Aİ liderləri Antonio Kosta və Ursula fon der Leyen ilə görüşüblər. Görüş zamanı iki regionun iqtisadi, humanitar və texnoloji inteqrasiyasına yönəlmiş geniş spektrli təşəbbüslər haqqında sazişlə tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen qeyd edib: "Bu o deməkdir ki, biz bir-birimizə arxalana bilərik, bu, bu gün xüsusilə vacibdir". O, əməkdaşlığın dörd əsas istiqamətini müəyyən edib: Transxəzər Dəhlizi, kritik mineralların hasilatı, yaşıl enerjinin inkişafı və rəqəmsallaşma. O, bu sahələrdə Aİ ilə Mərkəzi Asiya arasında qarşılıqlı fəaliyyət üçün əhəmiyyətli potensialın olduğunu qeyd edib: "Tərəqqi sürətləndirmək məqsədilə mən “Qlobal Gateway” üçün 12 milyard avroluq investisiya paketini elan etməkdən qürur duyuram. Bu, Avropa İttifaqı və üzv dövlətlərin investisiyalarını bir araya gətirəcək”. Yeni paket Mərkəzi Asiyada bir sıra layihələrə start verəcək. Avropa ilə Mərkəzi Asiya arasında quru marşrutu üzrə daşımaların vaxtə demək olar ki, yarıya - 15 günə enəcək. Ursula fon der Leyen qeyd edib: “Vacib olan təkcə infrastruktur deyil. Qara dənizə çıxış üçün Mərkəzi Asiya və Cənubi Qafqaz daxilində sərhədlərin sürətli keçidi də lazımdır. Üç onillik bağlandıqdan sonra Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılması dönüş nöqtəsi olacaq. Bu, Avropa və Mərkəzi Asiyanı əvvəlkindən daha da yaxınlaşdıracaq”. Proqramın nəqliyyata aid hissəsində nəzər nöqtəsində Avropa İttifaqının 10 milyard avroya yaxın sərmayə yatırmağa çalışdığı Transxəzər nəqliyyat dəhlizinin inkişafı məsələsi yer alır. Bu marşrut artıq Avropa İlə Asiya arasında ikinci ən vacib arteriyaya çevrilərək – yükdaşıma müddətlərinin azalmasına və logistika səmərəliliyinin artırılmasına vəsilə olub. Transxəzər dəhlizinin inkişafında Azərbaycan xüsusi önəm daşıyır. Ölkə təkcə tranzit ərazi rolunu oynamır, o, həm də regionun tamdəyərli logistik habıdır. Son 30 il ərzində Azərbaycan nəqliyyat infrastrukturunun, o cümlədən, limanların, dəmiryollarının və maddi-texniki təchizat mərkəzlərinin müasirləşdirilməsinə külli miqdarda vəsait sərf edib. Hazırda respublika Xəzər dənizindən 50-dən çox gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. İnvestisiya layihələrinin yekunlaşmasından sonra ölkənin tərsanələri hər il indikindən iki dəfə çox – 10-15-ə qədər tanker və ya yük gəmisi istehsal edə biləcək. Bu səylər təkcə Mərkəzi Asiyadan Avropaya sabit tranzitin qurulmasını yox, həm də Çinlə Avropa İttifaqı arasında Azərbaycanın ərazisindən keçməklə marşrutun sürətlənməsini mümkün etdi. Bunun hesabına, Bakı Avrasiya məkanında nəqliyyat əlaqəliliyinin təmin olunmasında strateji tərəfdaş qismində çıxış edir. Özbəkistan və Qazaxıstandan Avropaya gedən xammal marşrutları məhz sabit logistika və yüksək nəqliyyat təhlükəsizliyini təmin edən Azərbaycandan keçir. Avropanın nüvə enerjisinə marağının artması fonunda, uran məhsullarının tranzit qovşağı olaraq Azərbaycanın rolu son dərəcə böyük əhəmiyyət kəsb etməyə başlayır. Onu da bildirək ki, sözügedən tədbirdə Mərkəzi Asiya dövlətlərinin başçıları da bəyanatlarla çıxış ediblər.
Şavkat Mirziyoyev çıxışına Mərkəzi Asiyada baş verən transformasiyanı qeyd etməklə başlayıb, inteqrasiyanın cəmi bir neçə il əvvəl ilə müqayisədə ağlasığmaz səviyyədə olduğunu vurğulayəb: “Əvvəllər bağlanmış sərhədlər, ticarətin olmaması, tranzit və humanitar mübadilə – bütün bunlar keçmişdə qalıb. Bu gün Mərkəzi Asiya vahid aktor kimi çıxış edir". Onun sözlərinə görə, sentyabrda Daşkənddə region dövlət başçılarının yeddinci Məşvərət Görüşü keçiriləcək, bu görüş zamanı ixtisaslaşmış fondlar və şirkətlər tərəfindən dəstəklənən iri investisiya və infrastruktur layihələri müzakirə olunacaq. Regiondaxili ticarət artır və davamlı iqtisadi inkişafa təkan verən sərhəd ticarət zonaları yaradılır. Avropa Yenidənqurma və İnkişaf Bankının proqnozlarına görə, bu il regional ÜDM 6%-ə qədər artaraq, qlobal orta göstəricini əhəmiyyətli dərəcədə üstələyəcək. Özbəkistanın Aİ ilə qarşılıqlı fəaliyyətinə gəlincə, o bildirib ki, respublika Mərkəzi Asiya regionundan Avropaya elektrik enerjisinin tədarükü üzrə beynəlxalq layihəni dəstəkləyir. 2030-cu ilə qədər Özbəkistan enerji balansında bərpa olunan enerjinin payını 54%-ə çatdırmağı və 24 min MVt yaşıl gücü tətbiq etməyi planlaşdırır. Təmiz enerji üzrə Mərkəzi Asiya-Aİ tərəfdaşlığının başlanması bu sahədə qarşılıqlı fəaliyyət üçün mühüm platforma ola bilər. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan 175 əmtəə növü üzrə ixracı 2 milyard dollar artırmağa hazırdır. O xatırladıb ki, Qazaxıstan Aİ-yə neftin 13%-ni verir, “Total”, “Eni” və “Svevind” şirkətləri ilə bərpa olunan enerji mənbələri və yaşıl hidrogeni inkişaf etdirir, həmçinin Özbəkistan və Azərbaycanla Xəzər dənizi vasitəsilə elektrik ötürücü xətləri tikir. Tacikistan prezidenti Emomali Rahmon Aİ-ni ölkənin yaşıl enerji sektoruna sərmayə qoymağa çağıraraq, Aİ ilə tərəfdaşlığın inkişaf etdirilməsinin Tacikistanın xarici siyasət prioritetlərindən biri olduğunu qeyd edib. O, Aİ-yə ixracın genişləndirilməsində, Avropa şirkətlərindən investisiya və texnologiyanın cəlb edilməsində maraqlı olduğunu bildirib. Rahmon bərpa olunan enerji mənbələrinin milli və regional ehtiyaclar üçün əhəmiyyətini vurğulayıb. Qırğızıstan prezidenti Sadır Japarov Avropa bizneslərini respublikanın “artan tranzit potensialının”, “irimiqyaslı hidroenergetika layihələrinin” və “həqiqi xammalın işlənməsinin” inkişafında fəal iştirak etməyə çağırıb.
Ramil QULİYEV