COP-29-dan Biomüxtəliflik üçün Sinerjiyə qədər...

Keçən il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi öz keyfiyyəti, hədəf məqsədləri, çağrışları ilə bütün dünyada sözün əsl mənasında böyük əks-səda yaratdı.
Azərbaycanın beynəlxalq tədbirlərə böyük uğurla ev sahibliyi etməsinin ən yüksək göstəricilərindən olan COP29 tədbirləri bir daha sübut etdi ki, Azərbaycan öz üzərinə düşən işləri lazımı səviyyədə həyata keçirir. Bu ölkəmizin beynəlxalq aləmdə nüfuzunun, çəkisinin necə böyük olduğunu yenidən təsdiqlədi.
COP29-dan sonra Azərbaycan növbəti bir beynəlxalq tədbirə ev sahibliyi edəcək.
“Davamlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu”...
Azərbaycan 2025-ci ilin iyun ayında “Davamlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu” adlı Beynəlxalq Konfransa ev sahibliyi edəcək. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində “İqlim və biomüxtəliflik arasında əlaqə: dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” adlı tədbirdəki çıxışı zamanı bildirmişdi.
O qeyd edirdi ki, tədbir meşəçilik və biomüxtəliflik sahəsində qlobal çağırışları müzakirə etmək üçün elm adamlarını, ekoloqları, siyasətçiləri, beynəlxalq təşkilatları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək:“Bütün maraqlı tərəfləri bu konfransda iştirak etməyə dəvət edirik. Birlikdə, az meşə örtüyünə malik ölkələrin problemlərini həll etməyə, qlobal dayanıqlığa töhfə verən innovativ həlləri təşviq etməyə və tərəfdaşlıqları gücləndirməyə çalışacağıq. Konfrans ən yaxşı təcrübələrin bölüşülməsi və daha yaşıl gələcək üçün əməkdaşlığın inkişafı üçün mühüm platforma olacaq”.
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, ekspert Sadıq Qarayev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu konfransın əhəmiyyəti böyükdür. “Sinerji terminin mənası elmlərin kəsişdiyi nöqtədir. Yəni burda hər hansı bir problemin həll olunması üçün müxtəlif elm sahələrinin bir nöqtəyə fokslaşmasından söhbət gedir. Ümumiyyətlə, sinerji sözü yunan dilində əlaqə, əməkdaşlıq deməkdir. Bu konfransda meşələrin davamlı istifadəsi, qorunması, bərpası üçün müxtəlif ölkələrin birgə fəaliyyəti nəzərdə tutulur. Təsəvvür edin, burda qlobal iqlim dəyişikliklərinə, antropogen amillərin meşələrə, təbiətə vurduğu zərərlərə qarşı birgə əməkdaşdaşlıqdan, birgə fəaliyyətdən söhbət gedir. Məsələn, biri var bir problemə qarşı bir ölkə mübarizə aparsın, biri də var çox sayda ölkələr. Birgə mübarizə daha effektiv olur. Ona görə də qlobal təbiət proseslərinə qarşı birgə əməkdaşlıqla mübarizə aparılmalıdır ki, onun həllinə nail olmaq mümkün ola bilər. Sphbət ondan gedir ki, bu konfrans niyə Azərbaycanda keçirilir? Birinci, Azərbaycan növbəti COP-a qədər hələ onun sədridir. Ona görə də bizim ölkədə bu tədbirlərin keçirilməsi məntiqə uyğundur. İstər COP29-un keçirilməsi, istərsə də “Davamlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu” adlı konfransın yayda Azərbaycanda keçiriləcəyinin bir məntiqi əsası var. Dünyada bu prosesləri izləyən, bu prosesləri idarə edən qurumlar Azərbaycanın biomüxtəliflin, o cümlədən də meşələrin qorunmasına yönəlmiş tədbirlərini yüksək qiymətləndirir ki, bu qərarlar verilir. Azərbaycan hələ 2000-ci ildə bioloji müxtəliflik haqqında beynəlxalq konvensiyaya qoşulub və bioloji müxtəlifliyin qorunması öhtəliyi götürüb. 2001-ci ilin 21 dekabrında ümummilli lider Heydər Əliyev flora və faunanın, genetik ehtiyatların qorunması məqsədilə Genetik Ehtiyatlar üzrə dövlət komissiyası, 24 mart 2006-cı ildə isə Prezident İlham Əliyev Azərbaycan Respublikasında biloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət planı haqqında sərəncam imzalayıb. Göründüyü kimi, bizdə meşələri, təbiəti, biomüxtəlifliyi qorumaq ardıcıl dövlət siyasətidir. Bu siyasəti də bizim ölkəmiz məntiqi ardıcıllıqla əməli fəaliyyətdə yürüdür. Dünya görür ki, biz işğaldan azad edilmiş ərazilərdə nə qədər yeni meşələr salırıq, meşələri bərpa edirik, elmi-tədqiqat işləri aparırıq, həm qoruqları, həm meşələri, həm biomüxtəlifliyi qoruyuruq, tədbirlər keçiririk.
Bir neçə il əvvəl böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibətilə ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə belə bir ideya irəli sürüldü ki, 650 min ağac əkilsin. Yəni o tədbiri müxtəlif cür qeyd etmək olardı, amma ən faydalı tədbirin keçirilməsini irəli sürdü və bu uğurla həyata keçirildi. Bunu bütün dünya gördü. Meşələri, təbiəti qorumaq təkcə bizim ölkəmizlə məhdudlaşmır, bu Qafqazı da əhatə edir”.
“Dövlətin milli proqramlarında...”
Dünyada təbiətin tam bir vahid olduğunu deyən S.Qarayevin sözlərinə görə, biz insanlar dünyanı ölkələrə bölmüşük. O, hesab edir ki, bu görülən işlər dünya ekologiyasına verilən töhfədir. “Azərbaycanın bu istiqamətdə apardığı məqsədyönlü siyasətin əsasında duran məsələlərdən biri eyni zamanda ondan ibarətdir ki, ölkədə meşə sahəsi artırılsın. Çünki Azərbaycanda meşə sahəsi çox azdır. Məsələn, bizim ölkədə meşə sahəsi 11 faiz təşkil edir. Bu Gürcüstanda 35, Rusiyada 44 faizdir. Dövlətin milli proqramlarında meşələri qorumaq və yenidən bərpa etmək, artırmaq zərurəti yaranır. Amma dünya üzrə götürəndə hər il dünyada 6 milyon hektara yaxın münbit torpaq sahəsi erroziyaya uğrayıb. Hardasa 10-12 milyon hektara yaxın da meşə məhv olur. Meşələri, ordakı biomüxtəlifliyi, nadir, qədim, relik bitkiləri qorumaq qlobal problemə çevrilib. Azərbaycanın COP29-a ev sahibliyi etdi və burda COP tarixində qalacaq mühüm qərarlar qəbul olundu. Bu qərarlardan ən diqqət çəkənlərdən biri inkişaf etməkdə olan ölkələrə inkişaf etmiş ölkələrin dəstək göstərməsindən, yardımlar etməsindən ibarətdir. Bu Azərbaycanda keçirilən COP29-un nailiyyətlərindən biridir. Həmin tədbirin keçirilməsi, təşkili, orda verilən mühüm qərarlar iyunda keçiriləcək yeni beynəlxalq səviyyəli elmi konfransının keçirilməsinə şərait yaratdı”.
S.Qarayev qeyd etdi ki, dünyada meşələrin ümumi sahəsi hazırda 4 milyard hektardır, bunun da təxminən yarısı dörd ölkənin payına düşür. Rusiyada 809 milyon hektar, Braziliyada 478 milyin hektar, Kanada da 310 milyon hektar, ABŞ da 303 milyon hektar meşə ərazisi var. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi iki dəfə azalıb. Azərbaycanda da meşələrin ümumi sahəsi 1 milyon hektardan bir az artıqdır. Bu da ümumi ərazinin 11, 8 faizini təşkil edir. Bu Rusiyada da 44 faiz, Latviyada 41, Gürcüstanda 39 faizdir. Azərbaycan ərazisində 18-19-cu əsrlərdə meşə sahəsi 35 faizə yaxın olub, son 200 ildə 3 dəfə azalıb. Ona görə də bizim ölkənin bu istiqamətdə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının, nazirliyin əsas prioritet vəzifələrindən biri mövcud meşə sahələrinin qorunması, bərpası, genlərinin artırılmasından ibarətdir. Bizim yeni milli hədəflərə salınmalıdır ki, yaxın beş ildə meşə sahələrimiz heç olmasa 5 faizə, yaxın 10 il ərzində də 20 faizə çatdırılsın. Bu təcrübə dünyada vardı. Məsələn, Çində qarşıya məqsəd qoyulub ki, 5-10 illik planlarla meşə sahələrini nə qədər artırmışlar. Yəni bu mümkündür. Azərbaycan növ tərkibi ilə zəngindir, bizdə 450-yə yaxın ağac və kol bitkiləri vardı, bunların da 17 faizi endem bitkilərdir. Yəni yalnız Azərbaycanda yayılmış bitkilərdir. Qədimdən qalmış floranın nümunələri, relik bitkilər var. Ona görə də Azərbaycanda olan meşələr həm növ tərkibi ilə, həm tarix etibari ilə çox qiymətlidir. Xüsusən talış florasında, Böyük Qafqazın Cənub yamaclarında, Naxçıvanın Batabat meşə massivində (indi Zəngəzur qoruğu gedir) çox qiymətli meşə arealları, populyasiyalar, növlər vardı. Məsələn, Şərqi Zəngəzur və Qarabağ meşələrində ümumilikdə 16 fəsiləyə, 24 cinsə aid 29 növ relik, yəni qədim floraya aid ağac və kol bitkiləri yayılıb”.
“Bu, dünya üçün də zəruri bir tədbirdir”
S.Qarayev qeyd etdi ki, “Davamlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu” adlı Beynəlxalq Konfransının Azərbaycanda keçirilməsinin dünya üçün də böyük əhəmiyyəti var: “Bu dünya üçün də zəruri bir tədbirdir. Bilirik ki, dünyada son 20 ildə qlobal iqlim dəyişmələri nəticəsində istiliyin artması dinamikası yüksəkdir. Hətta ondan əvvəlki min il ərzindən də çoxdur. Bu da müxtəlif səbəblərlə bağlıdır. Dünyada 1, 6 milyarddan çox insan yaşayış, dolanışıq, məşğulluq, gəlir üçün meşələrdən aslıdır. Təxminən 2 milyard insan, bu da dünya əhalisinin 3-də 1-dir, Afrikada ev təsərrüfatlarının 3-də 2-si yemək bişirmək, qızınmaq üçün meşələrdən istifadə edir. Bu da təbii ki, sonradan meşələrin azalması ilə nəticələnir, hər il 10-12 milyon hektara yaxın meşə sahəsi azalmaqda davam edir. Meşələrin bərpası da mümkündür. BMT 2030-cu ilə qədər dünya üzrə meşələrin qlobal bərpası proqramında 3 faiz artırmağı qarşıya hədəf qoyub. Buna nə qədər nail olacaq? Bu dünya ölkələrinin birgə fəaliyyətindən aslı məsələdir. O tədbirin əsas məqsədi ən yaxşı tədbirləri, təcrübəni paylaşmaqdır. Məqsəd müxtəlif dövlətlərin innovativ strategiyalarını, uğurlu təcrübələrini bir-biri ilə paylaşmaqdır, inteqrasiya edilmiş birgə fəaliyyətdir.
Mən bu istiqamətdə öz təkliflərimi də vermək istəyirəm. Keçiriləcək konfransda panel və dialoqlarda üç mühüm istiqamət nəzərə alınsa çox yaxşı olar. Birinci təklif, qlobal antropogen amilləri meşə təsərrüfatı və biomüxtəlifliyə təsiri, müharibələr nəticəsində transmilli çaylar və su hövzələrindən istifadə zamanı və texnogen çirklənmənin təsirindən meşələrə, biomüxtəlifliyə dəyən zərərlərin aradan qladırılmasında regional və beynəlxalq əməkdaşlıq yolları məsələsidir. İkincisi, qlobal iqlim dəyişmələri və antropogen amillərin təsirinə daha həssas olan relik, nadir və endem oduncaqlı bitki növlərinin genefonun davamlı artırılması və mühafizəsinin təşkili. Yəni burda burda həm qədim, həm də nadir, relik və endem oduncaqlı bitkilərin genefondunun davamlı artırılmasının və mühafizəsinin təşkli vacibdir. Üçüncü isə, istiləşmə, torpaq erroziyası fonunda kisorofik meşə formasiyalarının, arik meşələrin davamlı qorunması və artırılması. Bu üç istiqmaət üzrə panellər, dialoqlar salsalar daha yaxşı olar” - deyə S.Qarayev bildirdi.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.