Müxtəlif növ istehlak kreditləri tam fərqli faizlərlə verilir - Mərkəzi Bank bunu normal sayır?...

Azərbaycanda istehlak kreditlərinin həcmi sürətlə artmaqda davam edir. Bəllidir ki, istehlak kreditləri əhalinin müxtəlif ehtiyaclarını qarşılamaq üçün mühüm maliyyə vasitəsi kimi istifadə olunur. Bununla yanaşı, istehlak kreditləri üzrə faiz dərəcələri də artır. Statistik rəqəmlər də bunu təsdiq edir.
Azərbaycan Mərkəzi Bankı 2025-ci il yanvar ayının birinə ölkədə istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb. İstehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi - kredit kartı vasitəsilə verilən kreditlər üzrə 26 faiz, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 25 faiz, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 16 faiz, avtomobil kreditləri üzrə 10 faiz və digər istehlak kreditləri üzrə 20 faiz təşkil edib. Qeyd edək ki, illik müqayisədə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi - yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər və avtomobil kreditləri 1 faiz bəndi azalıb, kredit kartı vasitəsi ilə verilən kreditlərdə 2 faiz bəndi, digər istehlak kreditlərində isə 3 faiz bəndi artıb. Bu dövrdə məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər isə dəyişməyib. Kredit faizlərinin artımı hansı səbəblərlə bağlıdır?
Əkrəm Həsənov: “Əmanətlər üzrə faiz artırsa, kredit faizləri də artmalıdır”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, istehlak kreditləri ilə yanaşı, banklar daha çox müştəri cəlb etmək üçün əmanətlər üzrə də faizləri qaldırıb. Əmanətlər üzrə faiz artırsa, kredit faizləri də artmalıdır: “Məlumdur ki, bank əmanət qəbul edir, müştəriyə faiz ödəməlidir, həmin pulu da kreditə yönləndirir ki, daha çox gəlir əldə etsin. Bununla yanaşı, Azərbaycanda kredit risqi səviyyəsi yüksələn xətt üzrədir. Kredit risqi o deməkdir ki, pulun qaytarılmaması ehtimalının yüksək olması deməkdir. Bu halda kredit faizi yüksək olur. Nəzərə almaq lazımdır ki, bankın xərci də artır, ona görə də bank belə bir addım atmış olur”.
Kamran Məmmədli: “Faiz dərəcələrinin yüksək olması problemli kreditlərin həcmini günbəgün artırır”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, istehlak kreditlərinin payının artması Azərbaycanda xüsusi bir xarakter daşıyır: “Kredit faizlərinin yüksək olmasının səbəbi banklar arasında rəqabət qabiliyyətinin aşağı olmasıdır. Faiz dərəcələrinin yüksək olması isə problemli kreditlərin həcmini günbəgün artırır. Banklar faizlərin belə yüksək olmasını kredit ödəmələrində risqlərin azaldılması ilə əlaqələndirməyə çalışırlar. Yüksək faiz dərəcələri borcdan qurtulmamaq, girovun əldən çıxması, sosial vəziyyətin daha da aşağı düşməsi kimi mənfi nəticələrə gətirib çıxarır”.
Günel CƏLİLOVA