Dollarla əmanət yatırımına maraq artır...

Əkrəm Həsənov: “Dollar əmanətləri üzrə faizlər də artır, əvvəlki illərdə 1 faiz idisə, indi 2,5-3 faizdir”
Maliyyə bazarında mövcud vəziyyətin təhlili göstərir ki, bu ilin əvvəlindən Azərbaycanda ABŞ dollarına tələbatın artması davam edib. Keçirilən maliyyə hərraclarında və əhalinin banklara yatırdığı vəsaitlərdə də xarici valyutaya üstünlük verildiyi müşahidə olunur.
Mərkəzi Bankın məlumatına görə, bu il martın 1-nə Azərbaycan banklarında əhalinin xarici valyutada olan əmanətləri illik müqayisədə 4,59 % artaraq 4,903 milyard manata çatıb. Fiziki şəxslərin əmanətlərinin ümumi həcmdəki xüsusi çəkisi 33,05 % təşkil edib. Əhalinin bank əmanətlərinin (fərdi sahibkarların vəsaitləri də daxil olmaqla) ümumi həcmi martın 1-nə illik müqayisədə 11,82 %, ilin əvvəlindən isə 1,19 % artaraq 14,835 milyard manata çatıb.
Maraqlıdır, əhalinin dollara marağı niyə artır?
“İnsanlarda manatla bağlı narahatlıq var, buna səbəb müxtəlif gözlənti, söz-söhbət, şayiələrdir”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son zamanlar əhalinin dollara marağının artmasının iki səbəbi var: “İlk olaraq deyim ki, insanlarda manatla bağlı narahatlıq var. Buna səbəb müxtəlif gözlənti, söz-söhbət, şayiələrdir. Dünya iqtisadiyyatında qeydə alınan problemlər, Azərbaycanda neft hasilatının azalması kimi amillər insanları narahat olmağa vadar edir. İnsanları devalvasiya olma ehtimalı narahat edir. Bu səbəbdən də əmanətçilər xarici valyutaya üstünlük verir. Ancaq onu da nəzərə almaq lazımdır ki, manat əmanətləri üzrə faizlər xarici valyutada əmanət faizindən yüksəkdir. Dollar əmanətləri üzrə faizlər də artır. Əvvəlki illərdə 1 faiz idisə, indi 2,5-3 faizdir. Ona görə də insanlar vəsaitlərini xarici valyutada qoymağa daha maraqlıdır ki, manatdan az olsa da, həm faiz gəliri artıb, həm də manatla bağlı hər hansı təhlükədən qorumuş olurlar. Düzdür, manat əmanətləri üzrə faiz daha yüksəkdir, ancaq insanları devalvasiyanın olması ehtimalı təşvişə salır”.
Günel CƏLİLOVA