Almaniya prezidenti mesajı düz tutdu - Azərbaycanda infrastrukturlara əlavə vəsait qoyulmalıdır...

Akif Nəsirli: “Azərbaycan bu infrastrukturu qurmaq üçün bu yükün altına təkbaşına girə bilməz, Avropa bu işə yardım etməlidir, qurulacaq infrastrukturun xərcini çəkməlidir”
“... Sizin sözlərinizdən elə başa düşdüm ki, burada qaz ilə yanaşı, infrastrukturun genişləndirilməsinə də ehtiyac var. Beləliklə, infrastrukturun yaxşılaşdırılması üzərində Avropada işləməliyik. Çünki o, hələ də kifayət həcmdə deyil. Bir sözlə, bu görüşlərdən sonra yeni ev tapşırıqlarımız da var”. Bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.
Almaniya prezidenti Ştaynmayer dedi ki, belə görürəm, tək qaz məsələsində yox, infrastrukturun genişləndirilməsi üçün də böyük işlər görülməlidir.
“Bu infrastrukturun qurulmasına, genişləndirilməsinə ehtiyac var”
Libreral İqtisadçılar Birliyinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, Almaniya prezidenti mesajı düz tutub və Azərbaycanda infrastrukturlara əlavə vəsait qoyulmalıdır. “Bu nüansı, işarəni, ehyamı iki istiqamətdən qiymətləndirmək olar. Məlum olduğu kimi Azərbaycan Almaniya da daxil olmaqla Avropanın enerji təhlükəsizliyində ciddi aktorlardan birinə çevrilməkdədir. Azərbaycan artıq Avropa Birliyinin qaza olan tələbatının təxminən 4 faizini, xam neftə olan tələbatının təxminən 15 faizə qədərini təmin edir. Azərbaycanın Avropaya qaz ixracatını qarşıdakı illərdə artırması nəzərdə tutulur. Yəni ixrac potensialı həcmləri artdıqca artıq TAP və TANAP boru kəməri Azərbaycanın hasil etdiyi qaz həcmlərinin hamısını Avropaya daşıya bilməyəcək. Ona görə də bu infrastrukturun qurulmasına, genişləndirilməsinə ehtiyac var. Hazırda Azərbaycan qazı Avropanın Cənub hissəsinə daşınır. Həcmlər artdıqca Şərqi və Qərbi Avropa istiqamətlərində də qaz ixracatı mümkündür. Bunun üçün isə infrastruktur lazımdır. Məsələn, əgər Almaniya Azərbaycandan qaz almaq istəyirsə bunun üçün özünün infrastrukturunu qurmalıdır, Azərbaycan təkbaşına bu yükün altına girə bilməz. Çünki bunun risqləri var”.
A.Nəsirlinin fikrincə, bu risqlər ondan ibarətdir ki, hazırda dünyada bərpa olunan və alternativ enerji istehsalı sürətlə inkişaf edir, getdikcə karbohidrogen, yəni neftdən və qazdan alınan enerjiyə tələbat azalmağa başlayır. “Məsələn, Almaniya özü ötən il ölkə daxilində istehsal olunan elektrik enerjisinin 68 faizini alternativ və bərpa olunan enerji hesabına əldə edibdi. Ona görə də Azərbaycan bu infrastrukturu qurmaq üçün bu yükün altına təkbaşına girə bilməz, Avropa bu işə yardım etməlidir, qurulacaq infrastrukturun xərcini çəkməlidir, üstəgəl, Avropa öz üzərinə öhtəlik götürməlidir ki, Azərbaycandan hansı vaxta qədər hansı həcmdə qaz alacaq. Məsələnin bir tərəfi budur, digər tərəfi isə bundan ibarətdir ki, Azərbaycan Orta Dəhlizin əsas halqalarından biridir. Orta Dəhliz layihəsində yük daşımalar prosesindən Transxəzər marşurutu genişlənməlidir. Gələcəkdə Avropaya Mərkəzi Asiyadan yük daşımaları genişləndirəcəksə bu halda 2018-ci ildə qurulmuş Transxəzər nəqliyyat dəhlizi o yüklərin ötürülməsi üçün çox kiçik olacaq. Bu infrastruktur qurulmasına yenidən nəzər salınmalıdır. Burda həm Mərkəzi Asiya ölkələri-Tükmənistan, Qazaxıstan, Özbəkistan üzərindən keçən dəmir yolu xətlərinin yenidən qurulması, eyni zamanda yükgötürmə qabiliyyətinin genişləndirilməsi nəzərdə tutulur”.
A.Nəsirli qeyd etdi ki, Orta Dəhlizin Azərbaycan sektoru, o cümlədən də Gürcüstan və Türkiyə sektoru kifayət qədər geniş imkanlara malikdir, hazırda ildə 50-60 milyon ton yük ötürmə qabiliyyətinə sahibdir, indiki halda infrastruktur dəyişiklərinə, yenidənqurmaya ehtiyac yoxdur.
İradə SARIYEVA