Kartdan karta pul köçürmək ləğv olunacaq?..

Kamran Məmmədli: “Bir sıra banklar kartdan karta köçürmələrə məhdudiyyətlər tətbiq edir”
Son zamanlar pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin bəzi hallarda POS-terminal deyil, kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirildiyi müşahidə olunur.
Qeyd edək ki, bu, istehlakçıların hüquqlarının pozulmasıdır. Belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur ki, bu da gələcəkdə istehlakçıların öz hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır. Qeyd etdiyimiz kimi, son zamanlar əksər ticarət və iaşə obyektlərində nağdsız ödənişləri kartdan karta köçürmək əvəz edir. Bunun qarşısını almaq üçün zamanla monitorinq keçirilsə də, hələ ki, bu problem mövcuddur. Məlumata görə, yaxın zamanlarda kartdan karta pul köçürmə ləğv olunacaq. Maraqlıdır, bu mümkündürmü? Ümumiyyətlə, kartdan karta pul köçürmə ləğv olunarsa bu hal daha çox kimlərə təsir edəcək?
“Kartdan karta tövsiyə olunmayan ödəniş üsuludur, çünki bir çox hallarda kartdan karta pul köçürmələri zamanı problemlər yaranır”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, kartdan karta pul köçürmək qadağan deyil. Qanun POS-terminalların müştəriyə təqdim edilməməsini qadağan edir. Cərimə olaraq da 1-ci dəfə 1000 manat, 2-ci dəfə 3000 manat, 3-cü dəfə və daha çox olanda 6000 man müəyyən edilir: “Kartdan karta tövsiyə olunmayan ödəniş üsuludur, çünki bir çox hallarda kartdan karta pul köçürmələri zamanı problemlər yaranır. Bəzən hesab nömrəsində müəyyən rəqəm səhvləri olur, yaxud bir hesabdan pul çıxır, digər hesaba oturmur. Bütün bu səbəblərdən mübahisələr yaranır. Buna görə, istehlakçılar kartdan karta ödəniş üsulundan mütləq qaydada çəkinməlidir. Kartdan karta ödənişin məhdud edilməsi zamanla müzakirə edilib, gündəmə gətirilib. Kartdan karta köçürmələrə qoyulan məhdudiyyətlər iki məqsədə, vergidən yayınmaq və bank aktivindəki vəsaitlərin faiz gəlmədən digər dövriyyəyə keçməsinin qarşısını almağa xidmət edə bilər. İnsanlar kartla ödəniş, müəyyən bonus, keşbek qazanır. Qarşı tərəf isə vergidən yayınma məqsədilə həmin variantdan istifadə edir. həmçinin, bank “Card to card” edib faiz götürmürsə, bankın aktivindəki vəsaitlərin digər dövriyyəyə keçməsi baş verir. Belə vəziyyət isə əksər banklara sərf etmir. Ona görə də bir sıra banklar kartdan karta köçürmələrə məhdudiyyətlər tətbiq edir”.
Günel CƏLİLOVA