Azərbaycanlıların Rusiyadan evə pul göndərişi yarıbayarı azaldı...

Fuad İbrahimli: “Rusiyadan Azərbaycana pul göndərən insanların qazancları da azalır, bu amil də göndərilən pulun həcminə təsir edir, azalma baş verir”
2024-cü ildə Rusiyadan MDB ölkələrinə, xüsusilə Azərbaycana yönələn pul köçürmələrinin həcmi kəskin şəkildə azalıb. Bu azalma bir sıra iqtisadi və maliyyə amillərinin təsiri ilə baş verib.
Son bir ildə banklar, “Zolotaya Korona”, “Unistream” və “Contact” platformaları vasitəsilə Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin səviyyəsi xeyli aşağı düşüb. Qonşu ölkələrə münasibətdə ən böyük azalma Azərbaycana göndərilən pul baratlarının həcmində qeydə alınıb.
Hələlik 2024-cü il üzrə yekun məlumatlar tam açıqlanmasa da, ötən ilin sonuna olan göstəricilər ciddi azalma olduğunu göstərir. Belə ki, 2024-cü ildə Azərbaycana 410,7 milyon dollar göndərilib. Bu da bir il əvvəllə müqayisədə yarıbayarı azdır.
Maraqlıdır, Rusiyadan Azərbaycanda pul köçürməsinin azalmasına səbəb nədir? Bu, Azərbaycanda hansı çətinliklər yarada bilər?
“Rəsmi köçürmələr azaldığı üçün məhz dövriyyədəki azalmalar da rəsmi statistik məlumatlarda öz əksini tapıb”
İqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, Rusiyadan ölkəmizə pul göndərilməsinin azalması gözlənilən haldır: “Rusiyada biznes mühiti getdikcə sıxılır. Bunu açıq desələr də, deməsələr də digər problemlər artıq bir çox sahələrdə biznesi sıxır. Digər diqqət yetirilməli məqam odur ki, əksər hallarda rəsmi köçürmələr dayandırılıb. Bu gün daha çox xarici ölkələrə rəsmi təyyarə ilə gedəndə nağd pul gətirirlər, yaxud digər yollarla, məsələn, yük maşınları gedəndə onların vasitəsilə verirlər. Yəni rəsmi köçürmələr azaldığı üçün məhz dövriyyədəki azalmalar da rəsmi statistik məlumatlarda öz əksini tapıb. Bildirim ki, bu gün Rusiyada biznes mühiti sıxılır, göndəriləcək vəsaitlər azalır. Digər tərəfdən də göndərilənlərin əksəriyyəti qaçaq yolu ilə gəlir. Rusiyadan Azərbaycana pul göndərən insanların qazancları da azalır, bu amil də göndərilən pulun həcminə təsir edir, azalma baş verir. Getdikcə bu proses daha da dərinləşəcək, vəziyyət kəskinləşəcək. Növbəti il daha az həcmdə pul göndəriləcək”.
Günel CƏLİLOVA