Mal əti dəyərindən 4-5 dəfə baha necə satıla bilər?! - Müəmma....

Xalid Kərimli: “Mal ətinin maya dəyəri ilə qiyməti arasındakı fərq satış xərcləri, daşınma, emal ilə əlaqəlidir”
Son günlər Azərbaycanda ətin qiymətinin bahalaşması fonunda ölkədə maldarlıq və qoyunçuluğun zəifləməsi, yerli ət istehsalının azalması məsələsi gündəmə gəlib. Məlumdur ki, ətin satış qiyməti yüksəlməkdə davam edir.
Bunun əsas səbəbi kimi ölkədə diri heyvanın sayının az olması göstərilir. Ancaq bu günlərdə Dövlət Statistika Komitəsi ölkədə mal ətinin maya dəyərindən 3 dəfə baha satıldığını iddia edir. Məlumata görə, ölkədə iribuynuzlu mal-qaranın ətinin maya dəyəri 4 manat 40 qəpik təşkil edir. Həmçinin mal ətinin topdansatış qiymətinin 5 manat 10 qəpik olduğu bildirilir. Ancaq mağazalarda satılan sümüklü mal ətinin qiyməti 14 manat, sümüksüzün isə 16 manat 30 qəpik təşkil edir. Maraqlıdır, belə olan halda niyə mal əti alıcılara bundan 3-4 dəfə baha təklif edilir?
“Heyvandarlıqla məşğul olan şəxs il boyu heyvanlar üçün yem almaq məcburiyyətindədir. Bu isə xərclərə təsir edir”
Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ət məhsullarının qiyməti son bir ildə 4.4 faiz artıb: “Ət və quş əti qiymətlərində artım müşahidə olunur. Bunun səbəbi ilə bağlı deyim ki, ət nə qədər bahalaşarsa, Azərbaycan xalqı bu əti alır. Yəni tələb var. Digər səbəb isə odur ki, ölkədə iri buynuzlu və kiçik buynuzlu ümumilikdə mal-qaranın saxlanılmasında xeyli azalma var. İri buynuzlu heyvanların sayında son 10 ildə 5 faiz, xırdabuynuzlu heyvanlarda isə 20 faizə qədər azalma müşahidə olunur. Bundan əlavə, bu sahədəki xərclər xeyli artıb. Heyvan dərmanları, yem və bütün baxım xərclərində artım müşahidə olunur. Heyvandarlıqla məşğul olan şəxslər də bu xərcləri ətin qiymətinin üzərinə əlavə edirlər. Bu isə çox normal haldır. O da məlumdur ki, əvvəllər otlaq sahələri daha çox idi, indi isə yox. Ona görə də heyvandarlıqla məşğul olan şəxs il boyu heyvanlar üçün yem almaq məcburiyyətindədir. Bu isə xərclərə təsir edir”.
Ekspert mal ətinin maya dəyəri ilə qiyməti arasındakı fərqə gəlincə, bildirdi ki, bunun səbəbi satış xərcləri, daşınma, emal ilə əlaqələndirilir. Ümumi xərclər isə daha çoxdur.
Günel CƏLİLOVA