2018-ci ilin “Şərabçılıq Proqramı” necə icra olunur - gürcülərdən 40 dəfə geridəyik...

Fikrət Yusifov: “Çox təəssüflər olsun ki, biz o ənənəni müstəqillik illərimizdə davam etdirə bilmədik”
Şərabçılq bütün dünyada çox gəlirli sahə sayılır. Sovet vaxtı Azərbaycanda şərabçılıq sənayesi yaxşı qazanc gətirirdi. SSRİ miqyasında tanınan brendlər var idi: "Ağdam", "Kürdəmir", "Mədrəsə", "Koqor". İndi ancaq bunların adı qalıb.
Prezident İlham Əliyev 2018-ci ildə “Şərabçılığın inkişafına dair Dövlət Proqramı” təsdiqləyib. Proqramın əsas məqsədi 2025-ci ilədək ölkədə şərab zavodlarının fəaliyyətinin genişləndirilməsi, xammal təminatının yaxşılaşdırılması, şərabçılıq məhsullarının ixracının artırılmasını təmin edilməsidir. Ancaq məlum olur ki, bu qərar yerində sayır. Təkcə bir rəqəm hər şeyi ortaya qoyur. Gürcüstan ötən il şərab ixracından 274 milyon dollar gəlir əldə edib. Azərbaycanın isə 2023-cü ildə şərab ixracıdan gəliri cəmi 6,97 milyon dollar təşkil edib.
Maraqlıdır, bizdə şərabçılığın yerində saymasının səbəbi nədir? Bu sahəni dirçəltmək üçün nələrə ehtiyac var?
“Şərab istehsalında ən ciddi maneə aksizlərin məbləğinin yüksək olması və bu sahədə mövcud monopoliyadır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq maliyyə naziri, professor Fikrət Yusifov bununla bağlı bir sıra məqamlara toxundu: “Sovetlər dönəmində Azərbaycanda şərab istehsalı özünün pik həddinə gəlib çatmışdı. Çox təəssüflər olsun ki, biz o ənənəni müstəqillik illərimizdə davam etdirə bilmədik. Bunun əvəzində mövcud müəssisələrin bir çoxu sıradan çıxarıldı. Qalanlar isə bu gün də öz gücünün 5-10 faizi səviyyəsində işləyir. Öncə onu deyək ki, Sovetlər İttifaqının başında dayanan Mixail Qorbaçovun məşhur 1985-ci il alkoqolizmlə mübarizə haqqında qərarından sonra bütün üzümçülük respublikalarında üzüm bağlarının məhv edilməsi qərara alınmışdı. Biz bu məsələdə böyük “şücaət göstərib”, demək olar ki, üzüm bağlarının böyük əksəriyyətini məhv etdik. Bizdən fərqli olaraq, Gürcüstan, Moldova kimi respublikalar isə, demək olar ki, üzüm bağlarını saxladılar. Bu bazanı saxlamaqla onlar müstəqillik illərində də şərab istehsalı sahəsində aparıcı mövqelərini qoruyub saxlaya bildilər. Son illər Azərbaycanda üzüm bağlarının salınması işləri geniş vüsət alır. Lakin buna baxmayaraq, şərab istehsalının və ixracının həcmi lazımınca artmır. Bu sahədə bəzi ciddi problemlər mövcuddur. Mən bir neçə peşəkar şərabçı mütəxəssislə bu mövzuda söhbətlər etmişəm. Onlar şərab istehsalçıları üçün ən ciddi maneəni aksizlərin məbləğinin yüksək olmasında və bu sahədə gizli monopoliyanın mövcudluğunda görürlər. Düşünürəm ki, ölkədə şərabçılığın sürətli inkişafına əngəl olan problemləri bu sahədə çalışan peşəkar şərabçıların dilindən eşitmək lazımdır. Bizdə bu sahənin çox yaxşı mütəxəssisləri var”.
Vidadi ORDAHALLI